"ABŞ-dakı iğtişaşlar seçkiqabağı gərginlik yaradır" - POLİTOLOQ
21.08.2015 18:25 A-reaksiya 2591
ABŞ-ın Sent-Luis şəhərində və digər ərazilərdə qaradərililərin etirazları, ümumilikdə qaradərililərə qarşı irqi zəmində olan zorakılıq hallarının artması ölkədəki seçkikabağı vəziyyəti daha da gərginləşdirir.
Bunu Reaksiya.Az-a amerikaşünas politoloq Elman Nəsirov ABŞ-dakı son prosesləri şərh edərkən bildirib.
O, ABŞ-da əhalinin 13 faizini afroamerikalılarının, 16 faizini isə latınamerikalıların təşkil etdiyini deyib.
“Bu iki seqment ABŞ-ın ictimai-siyasi həyatında mühüm rol oynayır və prezident olmaq istəyən şəxs bu faktoru nəzərə almağa məcburdur. 1776-cı ildə yaranmış ABŞ-da 1964-cü ildə konstitusiyaya 24-cü düzəliş olundu və bütün vətəndaşlar qanun qarşısında bərabər elan olundu. İnsan hüquqları və irqçiliyin de-yure aradan götürülməsi baxımından Amerika 2 əsrə yaxın yol keçib, lakin irqçilik problemləri həmişə olub və son zamanlar bu istiqamətdə problemlər daha da qabarıb. Bəziləri əks-arqument olaraq indihakimiyyətdə afroamerikalı prezidentin olmasını göstərirlər. Lakin fakt odur ki, irqçilik problemləri Barak Obamanın vaxtında daha çox dərinləşib. Obamanın hakimiyyətdə olduğu illər ərzində avroamerikalıların ümidləri doğrulmadı, həm sosial, həm də cəmiyyətdə tolerantlığın möhkəmlənməsi baxımından ciddi islahatlar aparılmadı. ABŞ-ın hazırkı prezidenti miqrasiya problemləri və səhiyyə problemləri ilə də bağlı müvafiq qanunlar qəbul etdirə, müsbət addımlar ata bilmədi. Şübhəsiz ki, son bir il ərzində ABŞ-da yaşanan hadisələr demokratların şansını xeyli azaldıb, hətta demokratların namizədi Hillari Klintonun da seçkiqabağı şansları az dəyərləndirilir. Nisbətən şanslı görünən namizəd Ceb Buşdur, onun yoldaşının latınamerikalı olması da elektorat baxımından onun kampaniyasına təsir göstərə bilər”, - deyə politoloq qeyd edib.
O, ABŞ-da rəngli irqin nümayəndələrinin sosial baxımdan çox aşağı səviyyədə yaşadığını qeyd edib və böyük şəhərlərdə qaradərililərin məskunlaşdığı gettolarda kriminogenliyin, sosial problemlərin daxili ictimai-siyasi mühitə mənfi təsir göstərdiyini vurğulayıb. Dünyada məhbusların 25 faizinin ABŞ-ın payına düşdüyünü deyən Elman Nəsirov əlavə edib ki, amerikalı məhbusların arasında qaradərililər çoxluq təşkil edir.
“Obamanın da dövründə mövcud problemlərin aradan qaldırılmaması, əksinə daha dərinləşməsi afroamerikalı vətəndaşlarla dövlət arasında etimatsızlıq yaradıb. Hazırkı durumu yetərincə həssas hesab etmək olar. Namizədlər bu narazılıq faktoruna diqqət ayırmalıdır. Çox güman ki, bu və ya digər namizədlər mövcud problemlərdən və buraxılan səhvlərdən danışacaqlar və bu, seçkiqabağı rəqabət predmeti olacaq. Demokratların və Obama administrasiyasının ümidləri doğrultmaması respublikaçıların şansını xeyli artırıb. Respublikaçılar mühafizəkar və daha çox “ağların partiyası” kimi tanınsa da, 2016-cı il prezident seçkilərində respublikaçıların rəqiblərin elektoratını öz tərəfinə çəkmək üçün şansları daha çoxdur”, - deyə Elman Nəsirov bildirib.
Şərhlər