İrəvanın qorxusu: 29,8 min həyəcanı və 1929 “qərarı” nədir?

13.10.2022 12:34     A-reaksiya     397

İlk dəfə bir müddət öncə Ermənistan Baş naziri Nikol Paşinyan ölkə ərazisi ilə bağlı həyəcan və narahatlığını dilə gətirmiş, hazırda bütün resursların Ermənistan ərazisinin qorunmasına həsr edildiyini bildirmişdi. Paşinyan dolayısı ilə bunu demişdi: Buraxın Qarabağı, Ermənistanın öz ərazisi sual altındadır!

Əsas diqqət və vurğu isə “Ermənistanın 29,8 min kv.km ərazisinin” “toxunulmazlığı” üzərində idi.

Paşinyan bu sözləri deyəndən sonra Praqa görüşünə getdi və ordan yayılan açıqlamada da “1991-ci il Almatı Bəyanatına” istinadı sevinə-sevinə elan edərək, Ermənistanın “29,8 min kv.km” ərazisinin zəmanət altına alınması yolunda əhəmiyyətli addım atılmasından bəhs etdi.

Ötən gün isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mediaya geniş müsahibəsindən sonra bəlli oldu ki, Nikol Paşinyan sevinməyə tələsib. Qriqoryan Ermənistanın mövqeyini aydınlaşdırmağa çalışdı və bildirdi ki, Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası guya çoxdan, “1929-cu ildə” baş tutub. İrəvanın mövqeyi ondan ibarətdir ki, “bizə bunu əsas götürüb, irəli getmək qalır”.

1920-ci ildən 1929-cu ilə qədər – yəni Azərbaycan Xalq Cümhuriyyəti ruslar tərəfindən işğal olunduqdan sonra keçən 9 il ərzində Qərbi Zəngəzur, Göyçə tam, Qazax ərazisinin 4,1 min kv.km-i, üstəlik, Naxçıvan bir hissəsi (Dərələyəz mahalına qatılıb) Ermənistana verilib və nəticədə Ermənistanın sahəsi 1929-cu il 18 fevrala qədər 29,8 min kv.km-ya çatdırılıb. Bu ərazi vermələrinin heç birində referendum keçirilməyib, xalqın razılığı alınmayıb; bunu Zaqafqaziya SFSR bir qərarla həll edib.

1929-cu ilə qədər Azərbaycanın onlarla kəndi bu qərarlara etiraz olaraq, bir neçə dəfə müraciətlər yazsa da, sözügedən etirazlar bir tərəfə atılıb və ermənilərin xeyrinə ədalətsiz qərarlar verilib (bu barədə material az sonra yayımlanacaq).

Bu faktın özü bir daha sübut edir ki, 1920-29-cu illər arasında Azərbaycandan qoparılan ərazilərin heç bir beynəlxalq hüquqi əsası yoxdur – xalqın etirazları, sənədlər ortadadır. Buna görə də bir müddət öncə Ermənistanın sabiq deputatı Naira Zöhrabyanın “Azərbaycan 1919-20-ci illər xəritəsi ilə delimitasiya tələb edir” sözləri təsadüfi deyil. Azərbaycan AXC-nin varisi olaraq 1920-ci ildə Millətlər Liqası tərəfindən tanınmış ərazilər üzrə sərhədlərin çəkilməli olduğunu bildirməklə heç də qanunsuz tələb irəli sürmür. Üstəlik, hər iki cümhuriyyətin SSRİ-yə qəbul olunması zamanı olan sərhədləri ilə (1922-ci il) - baxmayaraq ki, həmin zaman artıq Qərbi Zəngəzur Azərbaycandan qoparılmışdı – delimitasiya prosesinə başlamaq da deyil, məhz 1929-cu ilə istinad edirlər.

Ermənistan rəhbərliyi ona görə vaxtaşırı olaraq “29,8 min kv.km ərazi” ifadəsini gündəmə gətirir və delimitasiyanın necə keçirilməsindən asılı olmayaraq, Ermənistanın bu ərazilərlə tanınmasını istəyir.

Əlbəttə, hətta 1929-cu ildə, Azərbaycandan daha bir böyük parçanın Ermənistana verildiyi məlum 18 fevraldan sonra da proses dayanmayıb: 1933-cü ildən tam 1987-ci ilə qədər müxtəlif vaxtlarda Ermənistan Azərbaycandan “otlaq”, “örüş yeri”, “əkin sahəsi” olaraq, “icarəyə götürdüyü” torpaqları mənimsəyib və ümumilikdə bu ərazilər min kv.km-ya çatır. Ermənistan “rəsmiləşməmiş” və “29,8 min kv.km-ya daxil olmayan” həmin ərazilərdən imtina etməyə hazırdır, təki 1929-cu il “delimitasiyası” əsas götürülsün.

Amma Azərbaycan buna razıdırmı?

Armen Qriqoryan bu yöndən verilən suala birmənalı cavab verdi: “Yox”. Bakı 1929-cu ildəki son mənimsəmə ilə sərhədlərin müəyyən edilməsinə razılıq verməyib, sadəcə, sülh sazişi və delimitasiyaya razılaşıb.

Ermənistan “ilin sonuna qədər sülh sazişi imzalana bilər” deməklə və Azərbaycanın siyasi iradəsini təkrarlamaqla bərabər, “delimitasiya sülh müqaviləsindən ayrı tutulmamalıdır, bunlar bir-biri ilə bağlı olan məsələdir” vurğusunu edir. Açıq şəkildə görünür ki, Ermənistan ən qısa müddətdə delimitasiyanı başa çatdırmaq istəyir: yəni sülh müqaviləsini ilin sonuna qədər delimitasiya ilə birgə tamamlayaq!

Ermənistan tələsir, hər tərəfdən edilən təzyiqlərdən öz maraqları üçün istifadə etmək və 1920-ci ildən 1929-cu ilə qədər mənimsədiyi az qala 20 min kv.km torpaqları “metrəsinə qədər” əlində saxlamaq istəyir.

Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi Ermənistan içərisində ona görə anklavlarımıza çevrilib ki, həmin kəndləri əhatələyən otlaqlar 1933-cü ildən sonra, ən sonuncu isə 1986-cı ildə Ermənistana “müvəqqəti olaraq” verilib – hər şeydən əvvəl bu torpaqların “icarəsi” başa çatmalıdır.

Üstəlik, hətta 1929-cu ildə Azərbaycanın ərazisi 87,5 min kv.km-ya yaxın idi. Min kv.km-ya yaxın torpaq hanı?

İndi aydın oldumu Ermənistan niyə “29,8 min kv.km ərazi” sözünü hər yerdə, bütün qurumlarda və öz ictimaiyyətində təkrarlayır?! Çünki heç bir rəsmi razılaşma ortada yoxdur, xalq referendumu, dövlətlərarası müqavilə mövcud deyil, Azərbaycan Ermənistanı “29,8 min kv.km ilə” tanımayıb.

Əlbəttə, BMT Nizamnaməsi ilə hazırda Azərbaycanın Qərbi Zəngəzuru delimitasiya məsələsinə daxil etməsi sadə məsələ deyil; dünya 100 il öncəki torpaq mübahisələrini qəbul etmir. Ancaq Azərbaycan və Ermənistan 1991-ci ildə müstəqillik əldə etdiyi zaman hansı ədalətli qərarlarla sərhədləri müəyyən edə bildi ki? Həmin vaxt Ermənistan artıq Azərbaycanı işğala girişməmişdimi? Həmin illərdə Ermənistan Azərbaycanın 20 faizini ələ keçirməmişdimi? BMT Nizamnaməsi niyə işə düşmədi, niyə Ermənistana sanksiyalar tətbiq edilmədi, niyə işğal durdurulmadı və Ermənistan ordusu hələ delimitasiya olunmamış sərhədləri daxilinə çəkilmədi ki, indi də bu problemlər yaranaydı?

Proses qətiyyən sadə deyil: Azərbaycandan 1920-29-cu illərdə zorla qoparılan torpaqların hər biri müzakirəyə çıxarılmalıdır. Biz heç kəsdən torpaq istəmirik, sadəcə, delimitasiyanın sovet işğalına qədər olan xəritələrlə aparılmasını tələb edirik; bu, kimdənsə torpaq tələbi deyil, sadəcə, delimitasiyadır, sərhədin müəyyən edilməsi, aydınlaşdırılmasıdır!

Bu çətin və ağır prosesə yeni başlamışıq və davam da etməlidir – Ermənistanın həyəcanı, panikaya düşməsinə baxmayaraq!(axar)

Reaksiya.az

Şərhlər