İran Bakıya qarşı açıq savaş aparır: Nə istəyir?

14.10.2022 13:01     A-reaksiya     518

İran Prezidenti Rəisinin Astanada Azərbaycan Prezidenti ilə görüşünün dərhal ardından bu ölkənin sərhədlərimizdə təlimə başlayacağı haqda məlumat yayıldı.

Nə baş verir, İran niyə “əsəbiləşib”?

İran rəsmilərinin görüşlə bağlı açıqlamasında belə məlum olur ki, Rəisi yenə İranın “qırmızı xətti”ndən danışıb, dövlətlərin ərazi bütövlüyü nağılını gündəmə gətirib, “sərhədlərin dəyişməsinin” Tehran üçün qəbuledilməz olduğunu bildirib, həmçinin İran-Ermənistan “tranzit yoluna” hansısa müdaxiləyə sərt reaksiya veriləcəyini deyib.

Bunlar hamısı Azərbaycana ünvanlanan səslənən ittihamlardır.

Artıq hər kəsə gün kimi aydındır ki, Ermənistanın işğalı 30 il davam etdirməsinin birbaşa səbəbkarı İrandır. İran 44 günlük müharibə zamanı da Ermənistana daşınan silahların əsas tranziti olmuşdu: Gürcüstan hava məkanını Ermənistana silah daşınmasına bağlayandan sonra İrandan yüzlərlə texnikanın Ermənistana “axışının” şahidi olmuşduq.

İranın Ermənistana yardımının daha bir şok detalı da üzə çıxmışdı: İran əsgərləri darmadağın olub qaçan ermənilərin yardımına tələsmiş, Arazı bu taya keçərək, Azərbaycan Ordusunun qarşısını kəsmiş, bununla da erməni əsgərlərinin təqibdən xilas olmasına səbəb olmuşdu.

44 günlük savaşdan sonra Xankəndi separatçılarına yanacaq məhsulları daşıyan İran TIR-ları haqda təkzibedilməz sübutlar isə artıq ictimailəşib. Görün, bu dövlətin başbilənləri hansı ağıldadır: İran TIR-larının nömrələrinin üzərinə Ermənistan dövlət nömrələri bağlayaraq, “maskalanmağa” çalışmışdılar. Daha fərqinə varmamışdılar ki, İran TIR-larının markası da fərqlidir, üstəlik, nömrələrin üstündəki yazılar ərəb əlifbası ilə, farscadır.

Nömrəni gizlədib, maşınların üzərindəki yazıları bağlamayacaq qədər “dalından xəbəri olmayan dəvəquşu taktikasını” yalnız İran məmurları həyata keçirə bilərdi.

1991-94-cü illərdə də İran can-başla və əsgərləri ilə erməni terrorçulara yardım edirdi. Qüds briqadasının İraqda öldürülən generalı Qasım Süleymaninin Qarabağda erməni terrorçularla görüşü və hərbi dəstəyini əks etdirən fotolar hələ o zaman yayılmışdı.

Ən yeni fakt isə budur: 12-14 sentyabr sərhəd toqquşmasında məhv edilən Ermənistan əsgərləri arasında fars əsgərlərinin də olduğu haqda ciddi bir iddia yayıldı və İran bunu təkzib etmədi (və yaxud üstünə getmədi – daha ciddi arqumentlərin üzə çıxmaması üçün).

44 günlük savaşdan dərhal sonra “iqtisadi bölgə qurmaq” adı ilə İran Zəngəzur bölgəsinə “mütəxəssislər” göndərməyə, burda düşərgələr qurmağa çalışırdı. ABŞ-ın İrəvan səfiri Treysinin dəfələrlə əraziyə səfərinin, bunun ardınca 102 rus bazasının o yerlərdə “filialı”nın açılmasının da səbəbi budur – İran başından böyük işlərə qarışır.

İranın özünə aid olmayan məsələlərə, bu kontekstdə Ermənistanın daxili işlərinə burnunu soxması son aylar təkrarladığı “qırmızı xətti”ndə açıq-aşkar görünür. Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi tələb edirsə və bu, 10 noyabr üçtərəfli bəyanatında əksini tapıbsa – ki bu bəyanat beynəlxalq saziş hesab olunur, - İran hansı haqq, hüquq və əxlaqla buna qarşı çıxır?

Kimsə Ermənistan sərhədinə müdaxilə etmir. İran belə narahatdırsa, Azərbaycan sərhədinə 30 illik müdaxilə zamanı “qardaş” deyib yapışdığı Ermənistan rəhbərliyinə bircə dəfə ən sərt təpkisini göstərərdi.

Azərbaycan Ermənistandan yalnız sərhədin delimitasiyası, 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Əgər dəhliz “ərazi bütövlüyünə müdaxilə” sayılırsa, İran niyə Laçın dəhlizini Azərbaycanın ərazi bütövlüyünə təhlükə saymır? Hanı andıra qalmış “qırmızı xətti”?

İran-Ermənistan “tranzit yoluna” Zəngəzur dəhlizinin nə maneçiliyi ola bilər? Şərqdən qərbə uzanan dəhliz İrandan gələn yolu kəsirsə, onda körpü atarıq, heç bu yollar bir-biri ilə “üz-üzə də” gəlməz. Bəs, nədir İranı narahat edən?

Əlbəttə ki, məsələ İranın “qırmızı xətti” deyil – dedik axı, “qırmızı xətti” olsa, 30 ildə qardaşı Ermənistana bu “xəttini” göstərərdi. Məsələ İranın “qarnının ağrısıdır”.

Ermənistan Qərbə meyillənir, Rusiyanın təsir dairəsindən çıxmağa çalışır, ərazisinə AB nümayəndələrini buraxır (adına “mülki missiya” desələr də, hər kəs yaxşı bilir ki, bu “missiyanın” hədəfi nədir) – İran susur!

İran ABŞ-ı ən böyük düşməni adlandırır – ancaq ABŞ-ın dünyadakı ən böyük səfirliyinin Ermənistanda yerləşməsinə cınqırını çıxartmır. Guya İran bilmir ki, Ermənistanda ABŞ-ın 2500 diplomatı nə iş görə bilər? Ermənistan nə boydadır ki, ABŞ orda bu yekəlikdə səfirlik saxlasın?

Regionda olmayan gücləri ərazisində yerləşdirən Ermənistandır – amma Rəisi Nikol Paşinyanla görüşəndə bu barədə qətiyyən danışmır.

ABŞ-ın dünyadakı ən böyük biolaboratoriyaları Ermənistanda yerləşir – siz gördünüzmü ki, İran buna bircə dəfə etiraz etsin?

Bir dövlət nə qədər eybəcər, boş, yalan arqumentlərə istinad edə bilər axı! İsrailin iki şirkətinin Qarabağda yenidənqurma işlərə cəlbindən “dəhşətli dərəcədə” narahat olan İran Sorosun Ermənistanda yüzlərlə qeyri-hökumət təşkilatı yaratmasına, Börnsün İrəvana qəfil səfərinə, Pelosinin gəlib, İrəvanda region ölkələrinə barmaq silkələməsinə tükünü belə tərpətmir. Əgər İran doğrudan da başqa güclərin regiona gəlməsindən narahatdırsa, Ermənistana açıq şəkildə niyə etirazını bildirmir?

Amma Azərbaycan Prezidenti ilə görüşdə yenə “qırmızı xətti”ni təkrarlayır – hər halda, bunu İran Prezident Administrasiyasının nümayəndəsi mediaya açıqlamasında deyib.

Ancaq Məhəmməd Cəmşidi Bakının cavabının nə olduğunu deməyib, bu mövzuya ümumiyyətlə toxunmayıb.

Bakının cavabının nə olduğunu və necəliyini yalnız təxmin etmək olar – görüşdən dərhal sonra İranın Azərbaycan sərhədində “təlim keçirəcəyi” barədə açıqlamasından...

İran ilk dəfə ordusunu Azərbaycan sərhədinə 44 günlük savaşdan sonra yığmışdı. Həmin vaxt Azərbaycan Prezidenti Arazın sahilinə gedib, lazımı mesajlarını verdi.

İran yenə ordusunu sərhədimizə toplaya bilər – yenə cavabını alacaq.

Ancaq İranın odla oynadığı şübhəsizdir:

1. Azərbaycanın bütün ərazisi Şuşa Bəyannaməsi ilə Türkiyənin qoruması altındadır. Türkiyə isə NATO-nun ikinci ən qüdrətli ordusuna sahib dövlətidir.

2. Türkiyənin olduğu yerdə NATO da olacaq – İran mollabaşları bunu bir vərəqə yazıb, çalmalarının içinə soxsalar yaxşıdır.

3. Bu “3-cünü” birinci də yazmaq olardı: İran ordusunun özəyini azərbaycanlılar təşkil edir; İranda azərbaycanlıların sayı ən azı 35 milyondur – hələ bura digər türk azlıqları da əlavə etmək lazım gəlir.

O ki qaldı Ermənistana, İrəvanın İrana da zərbə vuracağı ehtimal deyil, həqiqətdir: bu dövləti quran Rusiyadır, Rusiyaya xəyanət edən İrəvan İranı dünəndən satar və satır da...(axar)

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar