Dünyanın taleyini bu adamlar təyin edəcək - TƏHLİL

22.08.2015 11:24     A-reaksiya     2772

1970-ci illərdə iqtisadiyyatını toparlamaqda çətinlik çəkən və SSRİ-dən asılılıq təhlükəsi ilə üzləşən Çin qapılarını Qərbə açmaq riskinə getdi.

Çində yaradılmış azad iqtisadi zonalar Qərb kapitalistləri üçün əlvərişli imkanlar yaratdı. Hətta bəzi ABŞ şirkətləri Amerikadakı müəssisələrində böyük ixtisarlar apararaq, istehsalı ucuz işçi qüvvəsi olan Çində reallaşdırmağı seçdilər.

Riçard Nikson və Henri Kissincerin Çinlə yaxınlaşmaq üçün etdiyi bu usta gediş dünyada bir üçbucağın yaradılmasına gətirib çıxardı – Amerika burda “sürücü kreslosu”nda oturaraq, iki kommunist rejimi bir-biri ilə mübarizəyə sürüklədi.

Son 30-40 ildə ABŞ və Çin arasında ciddi münaqişə, qarşıdurma müşahidə olunmadı. Hətta bəzi bəyanat atışmaları olsa da belə, iqtisadi münasibətlər öz axarı ilə davam etdi.

XXI əsrin ilk 10 ili bütün dünya ölkələri üçün iqtisadi baxımdan ağır keçsə də, böhran Çinə təsir etmədi. Hazırda iynədən tutmuş kompüter texnologiyalarına qədər müxtəlif məhsullar ixrac edən Çinin iqtisadiyyatı geniş diversifikasiya və istehsal gücü ilə dünyada liderlik əldə edib.

Çin və ABŞ arasındakı illik ticarət dövriyyəsi 500 milyard dollar ətrafında dəyişsə də, Çin artıq əsas ixracatçı mövqeyini ələ keçirib.

Son illərə kimi Çin və ABŞ arasında ciddi münaqişə görülməsə də, hazırda isə hər şey dəyişib: ABŞ və Rusiya arasındakı gərginlik Moskva və Pekin arasında sıx yaxınlaşmaya gətirib çıxarıb ki, Vaşinqton əlverişsiz vəziyyətə düşüb.

Bu nizam riskli fəsadlara gətirib çıxara bilər – istər Asiya, istərsə də dünya səviyyəsində. Çin-Rusiya münasibətləri son 50 ildə olmadığı qədər yaxındır və bu, onlara dünya nizamını öz baxışlarına görə dəyişməyə imkan verir.

Məhz bu, Henri Kissincerin ən dəhşətli qarabasması oldu: o dövrkü rəhbərliyin manevrində strateji məntiqi Vaşinqtonun Moskva və Pekinlə münasibətləri yaxşılaşdırmalı və ABŞ-a üstünlük verməli olduğu halda, qalib Pekin olub.

Vaşinqton və Moskva arasındakı fikir ayrılıqları Çin tərəfindən məharətlə istifadə edildi, Obama administrasiyasının sərt bəyanatları isə ABŞ-a qarşı aqressiv əhval-ruhiyyənin artmasından başqa nəticə vermədi.

Analitiklər tarixi və geopolitik ziddiyyətlərə toxunsalar da, burda əsas məqam kimi Moskva və Pekin arasındakı münasibətləri “mənfəətlə evlənmə”yə bənzədirlər. “Pew Research” mərkəzinin Rusiyada keçirdiyi sorğuda iştirakçıların 79 faizi Çin haqqında müsbət fikirdədir, Çində isə 51 faiz sorğu iştirakçısı Putin və onun apardığı siyasəti normal qarşılayır.

Rusiyanın XİN başçısı Sergey Lavrov bu yaxında ABŞ-ı Asiyada hərbi potensialını artırmaqda ittiham etdi, həmçinin ABŞ, Yaponiya və Cənubi Koreya arasındakı raket əleyhinə sistemlər üzrə əməkdaşlığı tənqid etdi.

Məsələ ondadır ki, Qərbin sanksiyalarından sonra Rusiya daha çox Şərqə istiqamətləndi və Çinlə yaxınlaşma Rusiyanın iqtisadi cəhətdən problemlərini nizamlamasına kömək etdi. Rusiyanın uzunmüddətli enerji maraqları Asiyada möhkəmlənib, 500 milyarda yaxın ümumi dəyərdə olan neft və qaz müqavilələri isə Rusiya iqtisadiyyatının dirçəlməsinə töhfə verəcək.

Çin Avrasiyada proseslərin tənzimlənməsi üçün rəqib yerinə tərəfdaş qazandı. Avrasiyada uğurlu tərəfaşlıq və iqtisadi perspektivlər həmçinin Afrika və Latın Amerikasının da yeni “qütb”də təmsil olunmasına şərait yaradır.

BRİCS – Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın təmsil olunduğu, adı ilə həm də ingiliscə “bricks” (kərpiclər) sözünü xatırladan bu ittifaq dünya iqtisadiyyatında yeni güc kimi ortaya çıxıb.

BRİCS İnkişaf Bankının yaradılması və təxminən 100 milyarda qədər ortaq investisiyalar barədə razılığa gəlinməsi bu ittifaqın əhəmiyyətini bir daha vurğulayır. Həmçinin İranın da BRİCS-ə müşahidəçi kimi qoşulması yeni perspektivlər vəd edir.

Nəzərə alsaq ki, İran sanksiyaların aradan qaldırılması ərəfəsindədir və indidən bu ölkəyə sərmayə qoymaq uğrunda Çin və Avropa şirkətləri qızğın rəqabətə girişib – yaxın beş il ərzində həm islam respublikasının, həm də BRİCS-in iqtisadi potensialında ciddi dəyişikliklər olacağı şübhə doğurmur.

İran onsuz da Rusiya və Çinlə sıx əməkdaşlıq edir, lakin investisiya məsələsində göstəricilər hələ arzuolunan kimi deyil.

İran, Rusiya və Çin əməkdaşlığı Yaxın Şərqdə Suriya məsələsinin Qərbin istədiyi kimi “həll olunmasına” əsas maneədir. Suriyanın özü isə Avrasiya İqtisadi Birliyində təmsil olunmaq arzusundadır və neft-qaz hasilatı, infrastrukturun yenidən formalaşması üçün qapılarını Çin və Rusiyaya açmaqda maraqlıdır.

Digər tərəfdən, Rusiya daha çox ağır sənaye və müdafiə sənayesi kompleksi ilə öyünə bilər. Hələ SSRİ dövründən qalmış eskizlər və layihələr əsasında hərbi sənayesini yenidən canlandıran Rusiya hətta çoxşaxəli iqtisadiyyatamalik Çini də bu sahədə keçir.

Lakin iqtisadi güc baxımından, Rusiya Çinin kiçik tərəfdaşı rolundadır. Hazırda Çinlə müxtəlif sahələrdə, xüsusilə də neft-qaz nəqli üzrə 500 milyarda yaxın ümumi dəyərli uzunmüddətli müqavilələri olan Rusiya bu tərəfdaşlıqdan öz iqtisadiyyatını da dirçəltmək niyyətindədir.

Rusiyanın geniş ərazisi var, əmək qüvvəsi Çindəki kimi olmasa da, böyük potensiala malikdir.

Putin hakimiyyətə gəldikdən sonra, onun gördüyü ilkişlərdən biri Qərbə üz tutan rusiyalı alimləri, hərbi sənaye mütəxəssislərini ölkəyə qaytarmaq olub.

Daxildə kiçik miqyaslı etnik qarşıdurmaları, kseneofobiya amilini nəzərə almasaq, stabil iqtisadiyyat formalaşdırmaq üçün Rusiyanın hər şeyi var.

Çin kapitalı isə bu potensial üçün “yanacaq” rolunu oynayır.

Hazırda rubl və yuanın inflyasiya dövründə olması, “petrodollar”ın təntənəli yüksəliş eyforiyası yaşamasına baxmayaraq, dünyanın ir çox ekspertləri bunun çox davam etməyəcəyini deyirlər.

Əksinə, bəzi ekspertlər həttadaha çox irəli gedir, dolların kuliminasiya nöqtəsində olduğu və bunun, “çöküşün başlanğıcı”na bənzədiyini deyirlər.

ABŞ-ÇİN-Rusiya üçbucağındakı gərginlik Vaşinqtondakı siyasi dairələrdə müxtəlif cür şərh edilir. Konqresdəki müxalifətin, yəni respublikaçıların ənənəvi xarici siyasəti daha çox sərtlik üzərində qurulsa da, onlar hazırkı vəziyyəti Ağ Evdəki demokratların bacarıqsızlığı ilə əlaqələndirirlər.

Prezidentliyə namizədlər arasında da müxtəlif fikirlər var. HP şirkətinin keçmiş rəhbəri Karli Fiorinə ABŞ-ı Cənubi Çin dənizində “təcili silahlanmağa” çağırıb və hesab edir ki, Rusiya ilə Çinin aktivləşməsinə görə, ABŞ hərbi gücünü dirçəltməli və rəqiblərə qarşı kəskin cavablara hazır olmalıdır.

Çılğın özgüvəni ilə respublikaçıların namizədləri siyahısında liderliyi qoruyan milyarder Donald Tramp hazırkı vəziyyəti Obamanın səhvləri ilə əlaqələndirir.

O, Rusiya və Çin arasındakı yaxınlaşmanın ABŞ-ın ziyanına olduğunu deyərək bildirib ki, Rusiya prezidenti ilə “yola getmək”lazımdır, lakin hazırkı ABŞ prezidenti heç kimlə yola getmir və ətrafda düşmənləri var.

Sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclası zamanı ABŞ, Çin və Rusiya prezidentlərinin ayrı-ayrılıqda görüşləri ola bilər (Xi Jin Ping ilə görüş Obamanın planında olsa da, Ağ Ev Putinlə görüş barədə dəqiq açıqlama verməyib).

Bu görüşlər ya formal keçə bilər, ya emosiyaların gərilməsi ilə qarşıdurmada yeni qızğın mərhələ aça bilər...

Ya da, bütün dünyanın iqtisadi böhran və müharibə riskləri ilə üz-üzə qaldığı zamanda balansı bərpa edər, gərginli tam olmasa da aradan qaldırar.

Şərhlər

Çox oxunanlar