Bişkekdən Moskvaya MESAJ

23.02.2023 15:56     A-reaksiya     473

Türk lider, Qırğızıstan Prezidenti Sadır Caparovun Feysbuk səhifəsində qədim türk tarixi ilə bağlı paylaşdığı post sözün əsl mənasında Rusiyada əməlli-başlı təşvişə səbəb olub. Japarov paylaşımında “Böyük imperiyalar yaradan, Avrasiya məkanında xalqları məskunlaşdıran qədim qırğızların indiki durumu necədir?”deyə yazıb və IX əsrdə Qırğız xaqanlığının xəritəsini əlavə edib.
 
Əvvəla onu qeyd edək ki, SSRİ-nin parçalanmasından sonra müstəqillik əldə edən Qırğızıstan Türküstanın (Mərkəzi Asiyanın) ən demokratik ölkəsi statusuna da yiyələnmiş oldu. Bu idarəetmə sistemi fonunda da Qərblə münasibətləri artan xətt üzrə inkişaf edib. Bununla yanaşı daha müstəqil qərarlar da qəbul edə bilən Qırğızıstan hər zaman Rusiyanın təzyiqi ilə üzləşib. Qərblə Rusiyanın əsas rəqabət bölgəsi olan Qırğızıstanda müxtəlif zamanlarda hökumət dəyişiklikləri olmuşdur.
 
2020-ci ilin oktyabr ayında prezident kürsüsünə oturan Sadır Caparov Rusiya ilə Qərb arasında balans siyasəti yürütməyi bacardı və çoxşaxəli xarici siyasət xətti tutdu. Bununla yanaşı həm də Körfəz ölkələrindən Hindistana qədər müxtəlif ölkələrlə də münasibətləri inkişaf etdirdi. Lakin Qırğızıstan siyasi xəttini qarşılıqlı hörmət əsasında qursa da davamlı olaraq Tacikistanla mübahisəli bölgələr ucbatından tez-tez qarşıdurmalar da yaşanır. Bu qarşıdurmaların da əsas səbəbkarı və ssenari müəllifi keçmiş SSRİ və bugünkü Rusiyadır. Belə ki, SSRİ-nin ənənəvi siyasəti Mərkəzi Asiyada da müşahidə edilirdi. O zamanlar Sovetlər bu ölkələrin daxillərində "minalar" basdırmaqla həmin bölgələrdə daimi münaqişə ocaqlarının qalmasında maraqlı olublar. Buna xeyli sayda misal da göstərə bilərik. Hər halda sonuncu Qaraqalpaqıstanda baş verən olaylar da bunun bariz nümunəsidir.
Qırğız və tacik rəhbərlər də bu proseslərə soyuqqanlılıqla yanaşır, körpülərin ümumiyyətlə yandırılmasında maraqlı deyillər. Qeyd edim ki, iki ölkə arasındakı 970 km-lik sərhədin sadəcə 519 km-i dəqiqləşdirilib. Bu məsələ ilə bağlı Sadır Caparov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə bağlı şey göstərməsini istəsə də ortada ciddi nəticələr əldə edilmədi. Daha sonra ötən ilin oktyabrında Rusiyanın Sankt-peterburq şəhərində keçirilən MDB ölkə rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak etməməklə Sadır Caparov etirazını bildirdi. Onu da qeyd edim ki, Rusiyanın 201-ci hərbi bazası məhz Tacikistanda yerləşir. 2012-ci ildə İmaməli Rəhmanla Putin hərbi bazanın 2042-ci ilə qədər qalması ilə bağlı razılıq da əldə etmişdilər.
 
 
Digər tərəfdən tacik rəhbərin həm Əliyevlə, həm də Ərdoğanla yaxşı münasibətləri var. Hər kəs çox yaxşı anlayır ki, bu məsələ Rusiyanın maraqlarına xidmət edir. Ona görə də uzlaşmaq üçün müxtəlif yollar axtarılır. Lakin, o da istisna deyil ki, Rusiya hər vəchlə çalışacaq ki, bu tipli münaqişə ocaqları davamlı olaraq qalsın. Necə ki, biz bunu həm də Qarabağda görürük.
 
Qırğız rəhbəri Caparovun Kremldə sevilmədiyi də hər birimizə bəllidir. Bir az öncə qeyd etdiyim kimi Caparovun üzünü daha çox Qərbə çevirməsi Rusiyanı Tacikistanla yaxınlaşdırmaqla yanaşı, həm də Qırğızıstandan uzaqlaşdırır. Təsadüfi deyil ki, Qırğız liderin BMT iclasında da bu sərhəd münaqişəsini səsləndirməsi KTMT-nin passiv, eyni zamanda yarıtmaz qurum olduğunu bir daha gözlər önünə sərmiş oldu. Bununla da əslində Sadır Caparov prosesin BMT tərəfindən həllində də maraqlı olduğuna eyham vurmuş oldu.
 
Bişkek yenə də bu xətt üzrə davam edəcək. Rusiyanın Ukraynada olası məğlubiyyətində isə Türküstanda münaqişə ocaqlarının tarixə qovuşmasının, xüsusilə də Türk Dövlətləri Birliyinin daha sıx və koordinasiyalı şəkildə hərəkətini müşahidə edə bilərik. Lakin burda da ciddi əngəllər görə bilərik. Çünki nəzərə almaq lazımdır ki, bu bölgədə sadəcə Rusiyanın maraqları yoxdur. Böyük güclər də, xüsusilə ABŞ və Çinin də ciddi maraqları və böyük həcmdə investisiyaları var. Bu isə perspektivdə birliyə əngəl yarada biləcək başlıca amillərdən biridir. Hətta vəziyyət elə bir yerdədir ki, Çinin yatırımları ölkələri özündən asılı vəziyyətə gətirib.
 
Rusif Məmmədsoy

Reaksiya.az

Şərhlər