Mənənələri kim ağac başına qoyur?
13.03.2023 13:40 A-reaksiya 556
Yəqin yaz və yay fəslində normal inkişafda olan bir ağacın qəfildən yarpaqlarının arxaya tərəf çevrilməsi, yarpaqdan çoxlu şirənin axması və nəticə etibarı ilə, ağacın zəifləməsi və meyvəsinin keyfiyyət və kəmiyyət cəhətdən məhv olunmasının şahidi olmuşunuz.
Buna səbəb olan “mənənə” adlı bir böcəkdir. Ümumiyyətlə mənənə adətən ya bir nöqtədə hərəkətsiz dayanır ya da qət etdiyi məsafə santimetrlə ölçülür. Belə olanda ortaya bir sual çıxır: bu ziyanverici həşərat necə olur ki, qısa müddət içində bir bağı bürüyür və bağ sahiblərinə külli miqdar ziyan vurur?
Aydın məsələdir; ziyanverici qəhrəmanımız bu yerişlə qısa müddət ərzində bir bağı çənginə almaq iqtidarında ola bilməz və bu işdə kimsə ona yardım etməlidir. Elədir!
Bu ziyanverici həşəratı qarışqalar ağızlarında bir budaqdan min budağa və bir ağacdan yüz ağaca daşıyır. Burada bir sual ortaya çıxa bilər: nə üçün? Cavab asandır: bu işdə mənafeyi var. Mənənələr ağacın inkişafı üçün, meyvələrin böyüməsi və ağacın növbəti il üçün lazımı orqanların hazırlanması üçün zəruri lazım olan, yarpaqlarda istehsal olunan, “şirəsini”, əmir artığını isə ətrafa ötürür. Qarışqa isə bu şirəni yuvasına daşıyır, orada həmin şirə ilə göbələk bəsləyir və həmin göbələkləri balalarına yedizdirir.
Qarışqa ona bu qədər faydalı olan varlığın çoxalmasında sözsüz ki, maraqlıdır – bağbana ziyan dəyirsə dəysin, o öz marağını güdür. Ayrıca, həmin mənənənin düşməni olan “parabüzən” böcəyinə də hücum edir – sanki heyvanın gen kodunda yazılıb. onun dostunun düşməni əslində onun da düşmənidir.
Burada biologiya dərsi keçmək niyyətində deyilik lakin həyatda, hər sahədə olduğu kimi, bir çox oxşar hallar var. Bu nümunəyə ən yaxın oxşar olan bəlkə də Qarabağa Rusiyanın gətirdiyi ermənilər olar. Qarabağda doğulan ermənilərin taleyi məlumdur: əgər cinayət törətməkdə barmaqları olmayıbsa Azərbaycan vətəndaşı olub, Azərbaycanın digər vətəndaşlarına aid olan bütün hüquqlardan yararlana biləcəklər. Lakin əgər cinayət törədiblərsə, Qarabağı tərk etmək məcburiyyətindədilər – onları zaman çapında elə öz qonşuları satacaq.
Lakin orada gəlmə - daha doğrusu gətirilmə, ermənilər də var. Azərbaycan Qarabağın qalan hissəsində suverenliyini bərpa etdiyi gündən əvvəl onlar Qarabağı tərk etmək məcburiyyətindədilər. Belə köksüzləri bu bölgəyə daşınması və onların qorunmasından birbaşa Rusiya, dolayısı ilə də, türk dünyasına qarşı olan bütün qüvvələr faydalanır. Belə köksüzlərin Qarabağa daşınması və onlara lazım olan sursatların daşınmasında demək olar ki, türk dünyasından başqa əksər qüvvələr maraqlıdır. Maraqlısı ondan ibarətdir ki, türklərə qarşı bütün qüvvələr birləşirlər. Dünya tarixində bəlkə də 24 fevral 2022-ci ildən başlanan dövr qədər ABŞ ilə Rusiya real bir toqquşmağa yaxın olmayıblar. Demək olar həmin gündən bəri hər gün bu gözlənilir. 2022-ci ilin sentyabr ayı da Rusiyanın Ukraynaya qarşı başladığı təcavüzün ən qızğın dövrlərindən biri idi. İnanmaq istəmədiyim bir həqiqət var: həmin ərəfədə ABŞ-ın dövlət departamentinin sözçüsü, Ned Price, Rusiyaya müraciət edərək deyir: “.... Rusiya öz təsir gücündən bizim hamımızın gözləntilərimiz
uğrunda istifadə edə və zorakılıqlara və eskalasiyaya dərhal son qoya bilər”. Görün kimin kimdən, nə zaman
nə diləyi var? Ortada türk dünyası məsələsi olanda biri-biri ilə faktiki düşmən olan ABŞ, Rusiya, Fransa, İran və başqalarını bir arada görsək heç də təəccüblənmərik. Bunu 30 ilə yaxın bir dövrdə də gözümüzlə görmüşük. Demək bu ermənilərin dünyanın müxtəlif yerlərindən Azərbaycanın Qarabağ bölgəsinə daşımaqda təkcə Rusiya deyil həm də başqa böyük qüvvələrin marağı var – çünki hamısı faydalanır. Onlar güman edir türk dünyasının güclənməsi, birləşməsi və qovuşmasının qarşısını harada alsalar məhz orada qazanıblar – bu onlara ziyanın qarşısını almaq kimidir.
Altay Avşar
Reaksiya.az
Şərhlər