Məzari-Şərifdən Zəngəzura uzanan yol

13.03.2023 14:09     A-reaksiya     467

Özbəkistan qlobal bazarlara çıxmaq üçün ciddi səylə çalışır. Söhbət Trans-Əfqan dəmiryolu xəttindən gedir. Trans-Əfqan dəmiryolu xətti Pakistandan (Əfqanıstandan keçməklə) Özbəkistana qədər uzanan, 573 km-lik dəmiryolu layihəsidir. Layihə ilə bağlı bir neçə ildir danışıqlar, müzakirələr getsə də hələ ki, işlər bitməyib. Lakin son zamanlar danışıqlarda intensivləşmə müşahidə edilir. Əslində bu prosesi sürətləndirən ən vacib amillərdən biri də Rusiya-Ukrayna savaşıdır. Belə ki, bu yol Özbəkistan üçün ənənəvi yollardan hər mənada fərqlidir. Layihənin iqtisadi dividentlərinə keçməmişdən öncə Trans-Əfqan, başqa adla Məzari-Şərif-Kabul-Peşəvar yolu ilə bağlı danışaq.
Məzari-Şərif-Kabul-Peşəvar dəmiryolu xətti 573 km uzunluğunda, Peşəvardan başlayaraq Əfqanıstan ərazisindən də keçməklə Termizə qədər uzanır. Nəzərdə tutulan dəmiryolu layihəsi həm yüklər, həm də sərnişinlər üçün nəzərdə tutulur. Adı çəkilən layihənin ərsəyə gəlməsində çox ciddi maliyyə tələb olunur. Həmin qiymətlərin hesablanmasında da müxtəlif versiyalar irəli sürülür. Məsələn, Özbəkistan dəmiryolu xəttinin başa çatması üçün 4.6 milyard dollar vəsait tələb olunduğunu desə də Pakistan bu rəqəmi real hesab etmir və layihənin dəyərini 8.2 milyard civarında dəyərləndirir. Növbəti mərhələ isə bu maliyyənin əldə olunmasıdır ki, bu istiqamətdə bu günə qədər müəyyən işlər görülmüşdü, Qərb bankları ilə danışıqlar müsbət nəticələr vermişdi. Lakin 2021-ci ilin avqust ayında Taliban hakimiyyətə gəldikdən sonra proses baş tutmadı. Bu səbəbdən Pakistan və Özbəkistan hazırda Çin investorları ilə danışıqlar aparır. Çin özü də bu layihədə olduqca maraqlıdır. Çünki Trans-Əfqan dəmiryolu xətti sadəcə Məzari-Şərif-Kabul-Peşəvar ərazilərini əhatə etməyəcək, eyni zamanda Hindistan, Çin kimi ölkələr üçün də əlavə perspektivlər, əlavə bazarlar qazandıracaq. Belə ki, bu zamana qədər dəniz üzərindən daşınan Hindistan, Pakistan malları bununla MDB bazarlarına daha rahat və təhlükəsiz şəkildə çıxarılmış olacaq. Paralel olaraq adı çəkilən dəmiryolu xətti gələcəkdə həm də Zəngəzur dəhlizi ilə birləşə bilər ki, bu da çox böyük bazardır. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev bu yolun açılmasında çox maraqlıdır. Bunu həm siyasi, həm də iqtisadi aspektlərdən dəyərləndirmək lazımdır. Belə ki, Özbəkistan prezidentinin İmran Xanla görüşündə səsləndirdiyi maraqlı bir fikir var idi. Mirziyoyev demişdi ki, " Bu marşrutun tikintisi başa çatdıqdan sonra biz Pakistanı Mərkəzi Asiyaya, Özbəkistanı isə Kəraçi, Qvadar və Qasim limanlarına birləşdirən ən yaxın, ucuz və təhlükəsiz dəhlizi yaradacağıq." Niyə görə təhlükəsiz? Çünki hazırda Özbəkistanın müəyyən iqtisadi asılılığı var. Belə ki, Özbəkistanın Türkmənistandan keçməklə İranın Bəndər Abbas limanına çıxışı var. Lakin bu yollar, eyni zamanda Özbəkistan-Türkmənistan-İran-Oman dəmiryolu dəhlizi də İrana bağlı idi. Bu dəfə isə vəziyyət fərqlidir. Özbəkistan Pakistan limanlarını seçməklə bunun daha təhlükəsiz olduğu qənaətindədir. Hazırkı gündəmə nəzər yetirsək görə bilərik ki, İranda sabah nələrin olacağını ehtimal etmək olduqca çətindir. Bu mənada həmin yolların təhlükəsizlik məsələsi də bu ölkələri ciddi maraqlandırır.
Təhlükəsizlik məsələsindən danışmışkən yenidən Əfqanıstana qayıdaq. Bu layihənin təbii ki, iqtisadi dividentləri, siyasi dividentləri ilə yanaşı mümkün riskləri də mövcuddur ki, bu risklər də xüsusilə Kabildəki qeyri-stabil siyasi mühitdir. Burda isə prosesə məhz İslamabad cəlb olunur. Bu şübhəsizdir ki, Pakistan Taliban üzərində böyük təsir gücünə malik regional oyunçudur. Bu səbəbdən də Pakistan istənilən ssenariyə də hazır görünür. Lakin risklər sadəcə bununla yekunlaşmır. Pakistan və Hindistan arasındakı məlum Kəşmir məsələsi ilə bağlı gərginlik də layihənin gələcəyini təhlükə altına alır. Lakin nəzərə almaq lazımdır ki, hər iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür və regional oyunçular da bu məsələdə daha təmkinli davranacaqlar. Daha bir təhlükə isə Əfqanıstandakı bərbad vəziyyətdə olan yollardır. Daha doğrusu olmayan yollar. Bu ərazilərdə hər zaman münaqişələr, böyük güclərin maraq toqquşmaları olduğu üçün infrastruktur çox da xatırlanmayıb. Bununla yanaşı Əfqanıstan olduqca dağlıq ərazidir. Ölkənin 4/3 hissəsi Hindikuş dağları ilə əhatələnib ki, həmin ərazilərdə yolların çəkilməsi də ciddi təhlükələr daşıyır.
Özbəkistan, Türkmənistan kimi ölkələrin qaz və neft boru xətləri Rusiya ərazisindən keçir. Qərbin Rusiyanın işğalçı siyasətinə yönəlik tətbiq etdiyi sanksiyalar sadəcə Rusiyanı deyil, eyni zamanda Türküstan ölkələrinə də təsir edir. Bu mənada bu asılılığı da azaltmaqla yanaşı, həm də Trans-Əfqan dəmiryolu xətti Rusiyadan yan keçməklə sanksiyalardan yayınmaq imkanı da tanımış olur. Bu məqamda isə Qərb də bu layihəyə dəstək verə bilər. Hesab edirəm ki, Çindən Londona qədər uzanan yolun ən vacib detallarından biri olan Məzari-Şərif-Kabul-Peşəvar yolu perspektivdə Zəngəzur dəhlizinə qədər uzanacaq. Belə ki, nəzərə alsaq ki, perspektivdə Pakistandan Hindistana, Çinə qədər uzanacaq yol bu ölkələri həm də Türküstana birləşdirəcək. Daha sonra isə Pakistandan başlayaraq Termizə qədər gələn yol nəticədə Qazaxıstan-Özbəkistan dəmiryolu ilə birləşə bilər. Bundan sonra isə həmin dəhlizin Zəngəzura Xəzər üzərindən getməsi də böyük ehtimalla reallaşacaq.
Təsadüfi deyil ki, son görüşlər zamanı Comərd Tokayev Qazaxıstanın da bu layihədə iştirak etmək istədiyini dilə gətirdi. Lakin hər şeydən öncə qeyd etməliyəm ki, burda ən qazanclı tərəf məhz Türküstan (Mərkəzi Asiya) olacaq. Kommunikasiya xətlərinin mərkəzində yerləşməklə böyük gəlirlər qazanmaqla yanaşı, Çin Hindistan kimi bazarlar da Özbəkistan timsalında Türküstana yeni imkanlar yaradacaq. Bunu rəqəmlərlə ifadə edəsi olsaq 1,9 milyard nəfər (dünya əhalisinin ¼ əhalisi) və 3,5 trilyon dollarlıq ÜDM-i olan Cənubi Asiya regionuna çıxış imkanından söhbət gedir. Xüsusilə də daha qısa və daha ucuz. Məsələn, Daşkənd-Bəndər Abbas marşrutu üzrə bir konteynerin daşınması 2600-3000 dollara başa gəlirdisə, Daşkənddən Kəraçiyə bu qiymətlər təxminən 1500 dollar civarında olacaq. Eyni zamanda bu yolların, kommunikasiya xətlərinin hazırlanması, işə salınması həm də təhlükəsizlik məsələsi baxımından üstünlüklər vermiş olacaq ki, bu da Türküstan bölgəsinə əlavə imkanlar yaradacaq. Turizmin inkişafında xüsusi irəliləyişlər müşahidə edəcəyik.
MAMM Türküstan Araşdırmalar Departamentinin direktoru Rusif Məmmədsoy
 

 

Şərhlər

Çox oxunanlar