Daşkənd Bakını seçdi

14.03.2023 15:51     A-reaksiya     455

Özbək rəsmilərinin Tehran səfəri və səfər zamanı müxtəlif istiqamətlərdə razılaşmalar əldə olundu.
Əvvəlcə İran-Özbəkistan münasibətlərinə qısa nəzər yetirək. İki ölkə arasında əlaqələr 1992-ci ildə yaranıb. O zamandan başlayaraq 2000-ci illərin əvvəllərinə qədər əlaqələr normal məcrada davam edib. Daha sonra isə iki ölkə arasında münasibətlərdə soyuqluq müşahidə edilib. Bunu bir neçə aspektdən dəyərləndirmək lazımdır. Əvvəla, o dönəmin ölkə başçısı İslam Kərimovun zamanında Özbəkistan daha qapalı ölkə idi. İqtisadi əməkdaşlıqlar bu qədər dərinləşməmiş, logistika baxımından da bu qədər yol qət edilməmişdi. Bütün bunlarla paralel olaraq İslam Kərimov İranı həm də təhdid olaraq görməyə başlamışdı. Çünki o zaman İranın Tacikistanla sıx münasibətləri, taciklərin kompakt yaşadığı Buxara və Səmərqənd kimi bölgələrdə ayaqlanma narahatlığı Daşkəndi İranla məsafəli davranmağa sövq etdi. Eyni zamanda onu da qeyd edim ki, həmin şəhərlər farsdilli taciklərlə yanaşı, həm də etnik olaraq farsların da kompakt yaşadığı bölgədir. Bu soyuqluq illərlə davam etsə də nəticədə İran və Tacikistan münasibətlərində də soyuqluq yarandığı dönəmdən sonra yenidən yaxınlaşmalar oldu.
2016-cı ildə İslam Kərimovun qəfil ölümündən sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev demək olar ki, xarici siyasəti, iqtisadi əməkdaşlığı və digər məsələləri yenidən dizayn etdi. Daha dəqiq desək Mirziyoyev sələfindən fərqli olaraq daha açıq siyasətə üstünlük verdi. Təsadüfi deyil ki, onun gəlişindən sonra xüsusilə "açıq qapı" , "qonşularla normal münasibət" xətti aydın sezilirdi. 2016-cı ildən bu yana Özbəkistan böyük bir yol qət edib. Şavkat Mirziyoyev İranla bağlı ehtiyatlı siyasət yürütsə də münasibətlərin tam normallaşması məhz onun dövrünə təsadüf edir.
Ötən ilin Sentyabrında Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısına Özbəkistan ev sahibliyi etdi. Bu görüşə qatılanlar arasında İran rəsmiləri də vardı. Görüş əsnasında İran həm də Şanxay Əməkdaşlıq Təşkilatının tam üzvü oldu, memorandum imzalandı. Daha sonra isə İranla Özbəkistan arasında ikitərəfli görüşlər zamanı nə az, nə çox 17 sənəd imzalandı. Özbəkistanı İranla bağlı cəlbedici edən əsas məqam neft emalı ilə bağlıdır. Lakin burda da ciddi maneələr var. Məsələn Özbəkistana səfər bundan öncə də baş tuta bilərdi. O dönəmin İran prezidenti Həsən Ruhaninin Daşkəndə səfəri gözlənilsə də bu görüş qəflətən təxirə salınır. Ehtimal edilir ki, görüşün baş tutmasına Birləşmiş Ştatların prezidenti Donald Tramp mane olub. Tramp İranla bağlı sərt mövqe ilə yadda qalıb. Bu xüsusda bir detalı da əlavə edim ki, ABŞ rəhbərliyində təmsil olunan respublikaçılar daha sərt siyasət yürütsələr də demokratlar nisbətən daha yumşaq siyasi xətt tuturlar.
Bu gün də neftin birgə istismarı müzakirə mövzusu olsa da reallıqda vəziyyət xeyli fərqlidir. Belə ki, özbək lider Şavkat Mirziyoyevin son Bakı səfərində prezident Əliyevlə görüşü zamanı "SOCAR ilə birlikdə böyük layihə hazırlayırıq" deməklə bir çox suallara da aydınlıq gətirmiş oldu. İranla hər hansı işlər görülməsə də Azərbaycanla artıq bu istiqamətdə ciddi addımların atıldığını da müşahidə edirik. Burdan isə belə qənaətə gəlmək mümkündür ki, Daşkənd Bakı ilə əməkdaşlıqda daha maraqlıdır. Bunu şərtləndirən bir sıra amillər də mövcuddur. Əvvəla Azərbaycan kommunikasiya xətlərinin üzərində yerləşir, perspektiv üçün də ciddi imkanlar yaradır. İranda isə vəziyyət fərqlidir. Tehran ciddi sanksiyalar altında olduğu üçün təbii olaraq bu istiqamətdə maneələrin də sayı çoxdur.
Səmərqənd görüşündə əldə olunmuş razılaşmalardan biri də İran üçün yeganə okean limanı Çabahar limanı ilə bağlı memorandumun imzalanması idi. Dənizə çıxışı olmayan Özbəkistan bu vasitə ilə beynəlxalq limanlara çıxmağı hədəfləməklə yanaşı, həm də Rusiyadan keçən ticarət yollarından asılılığı azaltmağı düşünürdü. İran-Özbəkistan neft əməkdaşlığını təhlükə altına alan məsələlərdən biri də İranın nüvə anlaşmasından yayınmasıdır. Bu məqamda Birləşmiş Ştatlar İranla bağlı sanksiyaları daha da artıracağı ehtimal edilir ki, bu da Özbəkistan üçün əlavə problemlər yaradacaq. Lakin Çabahar limanı bir qədər fərqli məsələdir. Əvvəlcə onu qeyd edək ki, Çabahar logistik imkanlar baxımından Türküstan ölkələri ilə yanaşı Hindistan üçün də əhəmiyyətli layihədir. Tramp dönəmində hind lobbisinin təsiri ilə Çabahar limanı iqtisadi sanksiyalar paketindən yan keçə bildi. İndi də mümkün anlaşmazlıqlar fonunda hindlilər Çabahar üzərindən Özbəkistan-İran anlaşmasının davam etdirilməsi üçün səy göstərəcək.
2021-ci ildə İranın sabiq prezidenti Həsən Ruhani Çabahar-Zahidan dəmir yolunun bir hissəsinin istismara buraxılması münasibətilə keçirilən mərasimdə demişdi ki, "Çabahar limanı ilə Xəzər dənizi sahilindəki limanlar və Astara şəhəri də dəmir yolu vasitəsilə birləşdiriləcək." Ruhaninin qeyd etdiyi Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinə birləşəcəyini nəzərdə tuturdu. Hansı ki, bu məsələ də özü-özlüyündə absurddur. Belə ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Daha sonra bu sazişə həm Azərbaycan, həm də İran qoşulub və parlamentdə ratifikasiya edib. Həmin Bakı-Astara-Rəşt yolu da "Şimal-Cənub" layihəsinin tərkib hissəsidir. Rəsmi Bakı 2016-cı ildə adı çəkilən layihə üçün Rəşt-Astara dəmir yolunun çəkilişinə 500 milyon dollar kredit ayırmışdı. Lakin hələ də bu istiqamətdə ciddi irəliləyişlər əldə olunmayıb. Bu mənada İran-Özbəkistan iqtisadi əməkdaşlığında İran hər vəchlə bu prosesləri Bakı olmadan həyata keçirmək məqsədi güdür ki, bu da real görünmür. Nəticədə isə Daşkənd Bakını seçdi.
MAMM Türküstan Araşdırmalar Departamentinin direktoru, Rusif Məmmədsoy
 

 

Şərhlər

Çox oxunanlar