Laçın yolu: karvan keçir, ermənilər "blokada" bağırır - Moskva da məmnundur, İrəvan da

24.03.2023 12:49     A-reaksiya     464

Qəribə işdir: 1992-93-cü ildən ta 2020-ci ilin payızına qədər torpağının 20 faizini de-fakto itirən, amma de-yure itirməyən ölkəmiz 2020-ci ildən sonra öz ərazisi üzərində yurusdiksiyasını de-fakto bərpa etsə də, bir çox dövlətlər de-yure olaraq ona bu haqqı tanımaq istəmirlər.

Söhbət Laçından, Qarabağın dağlıq hissəsində olan ermənilərlə Ermənistan arasındakı ərazilərdən gedir. Ermənilər də, onların havadarları da hesab edirlər ki, bu ərazilərin böyük bir hissəsi (5 kim enində) Azərbaycana məxsus ola bilməz. Onların düşüncəsinə görə, bu ərazi artıq beynəlxalq hüquqda “Laçın dəhlizi” adıyla tanınır. Sanki belə bir saziş, müqavilə, memorandum imzalanıbmış və hazırda Azərbaycan tərəfinin Laçın yolunda hər hansı bir aksiya keçirməsi qanunsuzdur.

Başqa vaxt ağzı köpüklənə-köpüklənə beynəlxalq hüququn tələblərindən danışan bəzi dövlətlərin siyasi dairələri də arzularını gerçəklik kimi qələmə verir, Azərbaycanın sözü gedən nahiyə üzərində yusdiksiyasını şübhə altına alırlar.

Dünyada belə bir fakt yoxdur ki, bir dövlət öz ərazisində, qonşu dövlətlə sərhədində gömrük-keçid məntəqəsi, sərhəd zastavası yaratmaq hüququndan məhrum edilsin, ona belə bir hüquq tanınmasın.

Laçın Azərbaycanın rayonudur və onun ərazisi sonuncu santimetrinə qədər Azərbaycanın mülkiyyətindədir və bu, heç bir mübahisə predmeti deyil. Bu halda Azərbaycan dövləti bu rayonla qonşu olan xarici dövlətdən gediş-gəlişə, yük daşımalarına nəzarət etmək üçün yüzdəyüz hüquqa malikdir. İndi bu nəyin mübahisəsidir? Məgər Niderland və Fransa öz ərazilərindən hansısa bir ərköyün etnik azlığın heç bir sərhədə məhəl qoymayaraq sərbəstcə gediş-gəlişinə, yük daşımasına icazə verərlər?

Heç bir dövlət buna təhəmmül etməz. Hətta Ermənistan özü də bu qədər ağır durumdaykən Azərbaycana, onun anklav ərazisi olan Naxçıvanla quru yolla əlaqə saxlamaq üçün dəhliz verməməkdən ötrü qanını qaşığa qoyur. Bu hərəkətin adı budur: “Biz sizə dəhliz verməyəcəyik, amma siz bizə dəhliz verəcəksiniz”.

Naxçıvan Azərbaycana məxsus muxtar respublikadır, Qarabağın dağlıq hissəsində qurulmuş dövlət təsisatı isə qanunsuzdur, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Yəni qondarma “DQR” Ermənistana məxsus ərazi deyil və bu dövlətin onun üzərində heç bir rəsmi hüququ, hakimiyyəti yoxdur. Ermənistan isə özünü elə aparır ki, sanki Xankəndi onun inzibati-ərazi vahidlərindən biridir.

Qanunpərəst Avropa bu qanunsuzluqları rahat şəkildə gözardı edir. İndiyəcən Azərbaycan həmin ərazilərdə öz iradəsini yeritmək üçün yetərli gücə və mövqeyə malik deyildi, ancaq 2020-ci ildən sonra vəziyyət dəyişdi, Azərbaycan ermənilərə dünyanın neçə bucaq olduğunu başa saldı. Fəqət belə görünür ki, havadarlarının toxtaqlıq verməsiylə, “qorxma-qorxma” deməsi ilə onlar reallıq hissini yenidən itirməyə başlayıblar.

Hazırda 104 gündür ki, Azərbaycan dövləti Laçın yoluna nəzarət edir. Bu, əslində total nəzarət deyil. Ermənistanla Xankəndi və ətrafında yaşayan ermənilərin gediş-gəlişi, yük daşımaları rusiyalı sülhməramlıların müşayiətilə intensiv şəkildə həyata keçirilir. Ancaq ermənilər ağızlarını meqafonlara dirəyib dünyaya “blokada” haqqında bağırırlar. Bu necə blokadadır ki, bir gündə 88 yük avtomobili eko-fəalların post qurduqları yoldan o tərəfə-bu tərəfə keçir?

Blokada elə olmur. Blokada Naxçıvanla Azərbaycanın arasındakı kimi olur ki, Mehri rayonunun üzərindən yalnız köçəri quşlar Naxçıvana doğru və geriyə uça bilərlər. 30 ildən çoxdur bu yolda bir avtomobil, bir qatar belə hərəkət etməyib.

Elədirsə, Ermənistan və Xankəndi arasında intensiv gediş-gəliş varsa, eko-fəalların beynəlxalq aləmdə Azərbaycanın adının mənfi planda hallandırılmasına səbəb verən aksiyası nəyə lazımdır?

Belə görünür ki, lazımdır. Azərbaycan dövləti gec-tez bu nahiyədə öz sərhəd-gömrük-keçid postunu bərqərar edəcək, ermənilər də, onların havadarları da indidən buna hazırlanmalıdırlar ki, sabah məntəqə işə başlayanda heç kəsə çöçün gəlməsin.

Əslində eko-fəalların aksiyası rusiyalı hərbi kontingentə (Moskvaya) da sərf edir, İrəvana da.

Bu, Moskvaya ona görə sərf edir ki, ermənilərin özlərinin və yüklərinin keçidini müşayiət edərək, onlara bir növ “həyat nəfəsliyi” açdığını göstərir, “biz olmasaq, məhv olarsınız” minnəti qoyur, Ermənistanda yerlərdə sürünən nüfuzunu qaldırmaq, bu minvalla regionda mövcudluğunu qorumaq istəyir.

Bu aksiya İrəvana ona sərf edir ki, bunu bəhanə edərək beynəlxalq arenada təbliğat aparır, zeytun yağı kimi üstə çıxmağa çalışır, “humanitar fəlakət”dən bəhs edərək maddi yardımlar əldə edir, həlledici siyasi dəstəyə ümid bəsləyir.

Heç Xankəndidəki ermənilər də Laçın yolundakı maneədən o qədər də sıxıntı çəkmirlər: gediş-gəliş, yük daşınmaları davam edir, sadəcə, indi onlar nəzarət altında olduqlarını bilirlər.

Azərbaycan səfirinin Laçın yolundakı aksiyaya görə Niderlandın Xarici İşlər Nazirliyinə çağırıllmasına gəlincə, Azərbaycan XİN erməni mediasında gedən bu xəbəri təkzib etsə də, martın 15-də belə bir görüşün olduğunu təsdiq edib. Həmin görüşdə isə “Laçın yolu” ilə bağlı söhbətin olub-olmadığı barədə qeyd yoxdur. Güman ki, Niderland XİN-in başbilənləri bu mövzuda dil tərpədiblər. Çünki son zamanlar əsas işləri budur.(musavat)

 

Reaksiya.az

Şərhlər