Arzu olunmayan ünsür - İranın böyük planının oyunçuları
07.04.2023 22:47 A-reaksiya 838
Qurbanəli Purmərcan Vərcəvi əslən Marağa rayonunun Qaranaz bölgəsinin Vərcəvi kəndindəndir. Bu kənd iki cəhətdən diqqət çəkir:
Ən böyük kənd və ən çox şəhidi olan kənd statusunu qazanıb,
Kəndə saxta bir tarix yaradıblar, guya Azərbaycanın mərkəzində “mehrə sitayiş edənlər (günəşə pərəstiş edənlər)” burada olub, məbədləri var və bu kəndi İranşəhrilərin sevdiyi bir məkana çevirmək istəyirlər.
Kəndin özünə məxsus portalı və İnstagram sosial şəbəkəsində hesabı var. Bu məkanlara baxanda sanki Vərcəvi kəndi İslam Respublikasının kiçilmiş bir versiyasıdır: ən qatı şüubiçilik və ən qatı “İrançılıq” məhz bu kənddə bir araya gəlib. Baxmayaraq ki, kənd Azərbaycanda yerləşib, kənd əhli sırf Azərbaycan dilində danışır və bir çoxu heç dəri (indi bu dilə “fars” adı verilib) dilini bilmir, bilənlər də sırf Azərbaycan ləhcəsi ilə danışır. Kəndin saytında, sosial şəbəkələrində bir kəlmə belə türk kimliyini görmək olmur. Bunu kəndin bütün əhalisinə aid etmək olmasa da əlləri sosial şəbəkəyə çatan (Cihad Təbyin büdcəsindən bəhrələnən) kəndin simasını başqa formada göstərməyə çalışır. Onların fəxr etdikləri həmyerlilərinin biri, bəlkə də birincisi, məhz qəhrəmanımız Qurbanəli Purmərcandır.
Purmərcan bir çox vəzifələrdə çalışıb. Siyası fəaliyyətinə gəldikdə, o bundan əvvəl İranın Cənubi Afrikada və İtaliyada mədəniyyət işləri üzrə müşaviri olub. Sonra (Xarici İşlər Nazirliyinin) Asiya və Okeaniya Mədəni Əlaqələr üzrə Baş İdarəsinin rəisi, və (Xarici İşlər Nazirliyinin) Afrika-Ərəb ölkələri Mədəni Əlaqələr üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Həmçinin İslami Əlaqələr Təşkilatının müavini vəzifəsində olub. Sonradan Əli Xamneyinin oğlu Muctəbanın qayınatası, İran Fars Dili Akademiyasının rəisi, “Qulaməli Həddad Adil”in başçılıq etdiyi “Sədi Fondu”nun Azərbaycandakı nümayəndəsi də təyin edilib.
Burada bir sual yaranır: kifayət qədər böyük vəzifələrdə və ölkələrdə fəaliyyət göstərmiş və daha yüksək vəzifəyə yüksəlmiş Purmərcan nə üçün 10 milyonluq Azərbaycanda yerləşən İran mədəniyyət mərkəzinin rəisi təyin olunur? Eyni sual Musəvinin Azərbaycana səfir təyin olunduğu zaman da ortaya çıxdı. İranda adətən Xarici İşlər Nazirliyinin sözçüsü ən böyük ölkələrə (misal üçün İngiltərəyə, Çinə ...) səfir təyin olunduğu bir halda, bu dəfə sanki hər şey dəyişmişdi. İlk öncə sevindik, İran Azərbaycanla əlaqələrini bəlkə də strateji səviyyəyə qaldırmaq istəyir. Lakin sualımızın cavabını almaq üçün çox da gözləyəsi olmadıq. Bəli bu dəfə İslam Respublikası Azərbaycan üçün böyük planlar hazırlamışdı və bunu həyata keçirmək üçün daha güclü simalar lazım idi. Purmərcanın Azərbaycandakı missiyasının əvvəllərində, karantin məhdudiyyətlərindən dolayı, bir qədər təmkinli tərpənsə də, karantin məhdudiyyətləri azca yumşalan kimi əsl simasını göstərməyə başladı. O Azərbaycana gəlməzdən əvvəl onun üçün kifayət qədər məlumat bazası toplanmışdı və o sadəcə əlində olan siyahı əsasında görüşləri planlaşdırır və dayanmadan, yorulmadan Azərbaycanın elm xadimləri, mədəniyyət sahəsində fəaliyyət göstərən simaları, məsul şəxsləri, xalqın sevimlisi olan simalarla bir ay ərzində onlarla görüş keçirir. Hər bir görüşdə də o məhz İran coğrafiyasında yaşayıb yaradan xalqların, o cümlədən Azərbaycan türklərinin, tarixi irsini “fars” mədəniyyətini təbliğ edir. Həmin plan əsasında hazırlanan kitabları təqdim edir, səfirliyin fəaliyyəti ilə heç bir əlaqəsi olmayan (dərzilik ...) kurslar təşkil edir və bütün fürsətlərdən Tehran rejiminin dəyərlərinin təbliği üçün istifadə edir. O həmçinin müəyyən nəşriyyata başqa-başqa yollarla dəstək verir, görüşlər təşkil edir və bir sözlə desək, Azərbaycanı öz evi sanıb istədiyi kimi davranır. Səfirlə birlikdə olan görüşlərdən yayılan fotoşəkildə bədən dili bizə deyir, əsas səfir məhz edə bu idi. Lakin bu qədər hiperaktiv olmaq Azərbaycanın müəyyən dövlət dairələri və ürəyi ölkəsi, milləti ilə döyünən insanların gözündən iraq qala bilməzdi.
Qurbanəlinin birinci dəfə əsl simasını məhz Reaksiya TV göstərməyə başladı və bunun üçün həyəcan təbili çaldı. Verilişimizin qonağı olan Turan Partiyasının başqanı, hörmətli Cahandar Bayoğlu yaratdığımız şəraitdən istifadə edərək bu adamın nə dərəcədə təhlükəli olduğu barədə xalqımıza məlumat verdi. Bundan sonra yenə də ara-sıra bu barədə kanalımız vasitəsi ilə məlumat verməyə davam etdik və bir an belə məsələni gündəmdən çıxarmadıq. Əgər Qurbanəli Purmərcan səfirlikdə İranın Azərbaycan barədə hazırladığı böyük planını əsas icraçısı idi bəlkə də çox yanılmamışıq. Azərbaycan onu və onun məsləkdaşlarını yola salmaqla bir daha nə qədər güclü dövlətçilik ənənəsinə malik və öz təhlükəsizliyini qorumaqda nə qədər ciddi olduğunu göstərdi. Purməcan yola düşsə də birbaşa və ya dolayı yolu onun göstərişi ilə oturub duran bəzi simalar çox təəssüf ki, hələ qalırlar. Biz birbaşa və ya dolayı yolla Purmərcan və ümumiyyətlə İran səfirliyinin köməyi, ianəsi, təşviqinə uyaraq ölkə mənafeyini yox, Azərbaycan dilində “fars” mədəniyyətini təbliğ edən bir arzu olunmaz şəxsin tapşırıqlarını yerinə yetirən nəşriyyata, mədəniyyət xadimləri və başqalarına ciddi xəbərdarlıq edirik bu adamdan və təmsil etdiyi casusluq yuvasından uzaq dursunlar. Azərbaycan dövlətinin vətəndaşları olaraq bu barədə bizdə bir çox məlumatlar var və sözsüz ki, dövlətimiz daha böyük məlumat bazasına sahibdir. Əgər bu gün əcnəbini təbliğ edən hansısa nəşriyyata, mədəniyyət xadiminə toxunulmur bu əslində sizə verilən fürsətdir. Bu fürsəti düzgün qiymətləndirərək gec olmadan casusluq yuvalarından uzaq durun və məkrli planların bir parçası olmayın. Azərbaycan dövləti arzu olunmayan ünsürlərin varlığına müəyyən müddət göz yumsa da bu həmişə davam etməyəcək.
Şərhlər