İrəvanla separatçı rejim arasında ziddiyyətlər artarsa...
24.04.2023 12:36 A-reaksiya 712
Biz də demirik ki, erməni baş naziri Nikol Paşinyan sidqi-ürəkdən Azərbaycan və Türkiyə ilə sülh bağlamağa çalışır – yox, Paşinyan da hər şeydən əvvəl ermənidir və ilk fürsəti gözləyir ki, ölkəsinin mövqelərini gücləndirsin. Amma onun sülhə yönəlik bəyanatlarını təkcə siyasi hiyləgərlik kimi yozmaq olmur. Güman, məsələ daha qəlizdir – bu adam, bəlkə də, elə həqiqətən, ölkəsini regional sülhə hazırlamağa cəhd edir.
Sonuncu isə heç də elə də asan, sıradan olan məsələ deyildir. Birincisi, ona görə ki, bunun üçün erməni cəmiyyətini, kilsəni (hazırda N.Paşinyanla kilsə arasında ciddi qarşıdurma yaşanır) və çoxsaylı erməni diasporalarını razı salmaq lazımdır.
Biz burada Dağlıq Qarabağdakı separatçı rejimi ayrıca qeyd etməyi lazım bildik, çünki Paşinyanla bir az əvvəl sadalanan amillər arasındakı ziddiyətlərə ilk növbədə separatçı rejimlə Paşinyan hakimiyyəti arasındakı qarşıdurmalar təsir edir. Sonmuncu bir növ “siyasi indikator” kimi çıxış edir və ölkədə baş nazir Nikol Paşinyana qarşı siyasi münasibəti formalaşdırır. Biz bu məsələnin üzərinə hələ qayıdacağıq.
İndi isə ikinci məqamı qeyd edək. On illər ərzində, hətta bundan da xeyli əvvəllər ermənilərə aşılanıb ki, Azərbaycan və Türkiyə Ermənistanın və ermənilərin düşmənidir. Bu stereotipləri dəyişmək elə də asan bir məsələ deyil. Gəlin unutmayaq ki, Ermənistanın birinci prezidenti Levon-Ter Petrosyan özündə Azərbaycanla sülhə çağırışı ehtiva edən bircə məqaləyə görə istefa verməli oldu. İndi erməni cəmiyyəti sülhə meylli görünür, ən azı bunu revanşist düşərgənin hələki zəif olması göstərir. Bu onunla bağlıdır ki, otuz illik müharibə erməni cəmiyyətini də yorubdur – ölkə inkişaf edə bilmir, insanlar övladlarını müharibədə itirmək istəmir, üstəgəl, getdikcə Azərbaycannın regional və hətta qlobal önəmi artır, onun haqq işinə dünya dövlətlərinin və təşkilatlarının da dəstəyi çoxalır.
Qayıdaq separatçı rejimə. Hazırda onunla Paşinyan arasında da anlaşılmazlıq yaşanır. Belə deyilir ki, erməni baş nazirinin ən sonuncu bəyanatları separatçı rejimdə anlaşılmazlıq yaradıbdır. Qeyd edək ki, bu, birinci dəfə deyil ki, baş verir.
Birincisi, ona görə ki, əvvəlki erməni hakimiyyətlərilə separatçı rejim arasında bir sinxronluq vardı. Ona görə ki, Ermənistanı da separatçı rejimin təmsilçiləri idarə edirdi. Ermənilər hətta gileylənirdi ki, separatçı rejim təkcə Azərbaycanın torpaqlarını deyil, Ermənistanı da işğal edibdi.
Paşinyan hakimiyyətə gələndən vəziyyət dəyişdi. Nikol əvvəlcə separatçı rejimin hərbi ritorikasına dəstək verirdi – onun separatçılarla Dağlıq Qarabağda yallı getməsi heç kimin yaddından çıxmayıbdır. Amma iki məqam Paşinyan üçün “soyuq vanna” oldu. Birincisi, İkinci Qarabağ Savaşı Paşinyanı göylərdən yerə, reallığa qaytardı. İkincisi, Qərbin adamı kimi hakimiyyətə gəlsə də, sonuncunun ümidlərini doğrultmadığına görə, özündən əvvəlki hakimiyyətlərin hərbi ritorikasını təkrar etdiyinə, ölkəsinin regional siyasətini dəyişməyə cəhd etmədiyinə görə Qərb o illərdə onunla çox soyuq davrandı – bəli, indi hətta erməni nazirləri belə ABŞ-da Ağ Evdə qarşılayırlar, amma bir vaxt Paşinyanı hətta Kaliforniyanın meri qəbul etmirdi. Ona görə də Nikol anladı ki, separatçıların havasına oynamaq ona yaxşı heç nə vəd etmir – Moskva onu onsuz da öz adamı kimi qəbul etmir, erməni cəmiyyəti isə ondan tamamilə başqa şeylər umur...
Odur ki, Nikol Paşinyan bundan sonra sistemli bir şəkildə separatçıları və separatçı rejimi sıxışdırmağa başladı. Bizə elə gəlir ki, Nikol məmnuniyyətlə Dağlıq Qarabağdakı separatçı rejimi Rusiyanın öhdəsinə buraxardı. Kreml buna gedərmi? Əlbəttə ki, gedər! Hazırda Bakı ilə İrəvan arasında azca anlaşma yaranan kimi, Qərb, xüsusən də ABŞ və Avropa İttifaqı Rusiyanı nizamlama prosesindən sıxışdıran kimi Kreml Dağlıq Qarabağda bir az da möhkəmlənməyə cəhd edir.
Bəli, Moskva bölgədə çox məhdud hüquqi mandata malikdir – 2020-ci ilin Noyabr razılaşmalarına görə, Moskvanın sülhməramlıları bölgədə yalnz münaqişə tərəflərinin razılığı əsasında qalır. Amma N.Paşinyan “beynəllxalq mexanizmlər” haqqında elə belə danışmır, elə belədən, təsadüfdən “Biz KTMT-dən Avropa Missiyasıyla müqayisədə daha çox umuruq” demir...(musavat)
Reaksiya.az
Şərhlər