Prezident Xankəndi planının şifrələrini açdı – “Bayraq əməliyyatı”

29.05.2023 12:52     A-reaksiya     574

Proseslər həlledici mərhələdədir. Qarabağ məsələsi artıq keçmişdə qalır. Tezliklə sülhün əldə ediləcəyi gözlənilir. İyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycanla Ermənistan arasında sülhə dair müqavilənin imzalanacağı real görünür.

Bunların fonunda Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər çox önəmlidir. Ölkə başçısı sülh sazişinin imzalanmasından sonrakı mərhələnin detallarını açdı. Azərbaycanın atacağı addımları, nəzərdə tutduğu planları müəyyən qədər ictimailəşdirdi. Bu açıqlamaların daha çox Ermənistana, əsasən də Qarabağdakı erməni əhaliyə yönəldiyini demək mümkündür.

Prezidentin sözlərindən separatçılar, onların “rəhbərləri” də öz paylarını götürəcək. Çünki İlham Əliyev onlara da sözünü dedi, ismarış yolladı. Nəticə çıxarmaq özlərinə qalmış. Əks təqdirdə onları nələrin gözləyəcəyini əyani şəkildə görəcəklər…

Prezident çıxışında Qarabağdakı erməni əhaliyə öz təkliflərini söyləyib:

“Hesab edirik ki, onlar (ermənilər-red.) özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.

İ.Əliyevin “Ona görə hər hansı bir başqa addım atmırıq” sözləri xüsusi diqqət çəkir. Ermənilərə dinc – yanaşı yaşamağı təklif edir dövlət başçısı. İnanırıq, qarşı tərəf bunu qiymətləndirəcək. Burada bir incə məqam odur ki, Azərbaycan tarixi torpaqlarında özünün yurisdiksiyasını bərpa etmək üçün hərbi əməliyyatlara başlamaq haqqına sahibdir. Buna getmir. Böyük humanizm göstərib, səbirlə mülkü erməni əhaliyə zaman tanıyır. Prezident ona görə deyir “iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.

İlham Əliyevin daha bir fikrinə diqqət edək:

“Bizə gələn son mesajlar belədir ki, bəs orada (Qarabağda-red.) dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”.

Bu fikrin izahı belədir ki, separatçılar təslim olsalar, Azərbaycan dövləti onlarla bağlı müəyyən addımlar ata bilər. Təslim olmasalar, müqavimət göstərsələr, nələrin olacağını yaxşı bilirlər.

Bir sözlə, Prezident İlham Əliyev müharibəsiz azad etdiyi Laçın rayonunda ermənilərə barış və humanizm əlini uzadır. Deyir ki, bu xülyadan əl çəkin, bu pis yuxudan ayılın, adam kimi yaşamaq istəyirsinizə, Bayrağımızın altında sizə də yer var.

Ordumuzun Qarabağın yerdə qalan hissəsini erməni separatçılarından təmizləmək üçün ildırımsürətli antiterror əməliyyatı keçirməsinin qarşısını heç kim və heç nə ala bilməz. Beynəlxalq hüquq, geopolitik situasiya buna tam imkan verir. Amma qan tökmək istəmədiyimizi, dinc yolla bunu həll etmək fikrində olduğumuzu aydın şəkildə bəyan edirik.

Prezident son çıxışları ilə bizim də düşüncəmizi aydınlatdı. Vəziyyətin Azərbaycan üçün əlverişli olduğuna bir daha əminlik gətirdik. Ən əsası, dövlətimizin Xankəndi və digər ərazilərlə bağlı planını anladıq. Fikrimizcə, Prezident Xankəndi planının şifrələrini açdı. Biz buna şərti olaraq “Bayraq əməliyyatı” adı veririk. Bunun tərsi ermənilər üçün “Bayraqdar” əməliyyatı” ola bilər.

Seçim onların, qərar bizim…

Azər Ayxan

Reaksiya.az

Şərhlər

Çox oxunanlar