Avropanı ağuşuna alan qaçqın axını - TƏHLİL

22.08.2015 19:30     A-reaksiya     3133

Suriyadan qaçqın axını təkcə Türkiyə üçün yox, Avropa İttifaqı (Aİ) ölkələri üçün də böyük problem yaradıb. Üstəlik, Afrika ölkələrindən də qaçqınların artması Avropa ldierləri arasında polemikaya səbəb olub.

Həmçinin Yunanıstandakı böhran üzündən də qonşu ölkələrə və Qərbi Avropaya üz tutanların sayı artıb.

Bu ilin əvvəlindən bəri 340 min qaçqın Avropaya sığınıb. Döyüşlərdən qaçaraq daha yaxşı bir həyat ümidiylə yola çıxan yüz minlərlə insan çarəsizlik içində kömək gözləyor, Avropa İttifaqı isə bu problemlərə çarə qıla bilmir.

Bu, Avropanın II Dünya Müharibəsindən bəri yaşadığı ən böyük qaçqın böhranıdır.

Yunanıstanın Kos adasından İtalyanın Lampedusa adasına, Macarıstandan Fransa-İngiltərə sərhədindəki Kale (Calais) şəhərinə qədər Avropanın hər yerində insanlıq dramı yaşanır. Yalnız bu il 400 minə yaxın qaçqın Almaniy çatdığı halda, ən az 2560 adam yolda həyatını itirib.

Almaniya Baş naziri Angela Merkelə görə qaçqın problemi, Aİ-nin gələcəyi baxımından Avro böhranından daha böyük bir təhdid yaradıb. İlin sonuna qədər miqrant sayının 700 mindən çox olacağı gözlənilir. Aylar üzrə ən rekord göstərici iyul ayında qeydə alınıb – 107 min qaçqın. 2014-cü ildə Avropaya sığınan qaçqın sayı 219 min nəfər olmuşdu.

Qaçqınların 69 faizi döyüş bölgələri olan Suriya, Eritreya, Somali, Darfur, İraq və Əfqanıstandan gəlir. Bu səbəbdən sığınacağa ehtiyacı olan qaçqınların böyük bir hissəsinin geri qaytarılması mümkün deyil. “Frontex” təşkilatı iyul ayında qaçqın axınının Aralıq dənizindən Egey dənizinə doğru sürüşdüyünü açıqladı. Liviya üzərindən İtaliyaya gələn qaçqınlar azalarkən, Türkiyə üzərindən Yunanıstana çatan qaçqınların nisbətində böyük artım olub.

BMT suriyalı qaçqınlar üçün 8 milyard ABŞ dollarına ehtiyac olduğunu deyib. BMT Qaçqınlar Komitəsi bu ehtiyacın ancaq 67 faizinin qarşılandığını qeyd edib. Yəni, bu, əslində daha çox humanitar yardımlara ehtiyac yaradan maliyyə böhranıdır. Ölkələr nə qədər çox ianə etsələr də, ehtiyacın artım sürətinə çata bilmirlər.

Təkcə Yunanıstanın kurort zonaları qaçqınlarla dolub, vaxtilə turist qarşılayan yunan adaları indi hər gün minlərlə qaçqını qoynuna almalı olur. Beynəlxalq təşkilatların adalarda qurduğu qaçqın düşərgələrində su və yemək qıtlığı yaranıb.

Avropadakı miqrant böhranı Brüssel ilə Avropa paytaxtları arasındakı uçurumu dərinləşdirib. Avropanın əsas üzvlərindən olan Fransa, Britaniya və Almaniya bu mövzuda bir fikrə gələ bilmirlər.

Brüsseldə tətbiq olunan kvota sistemi Şərqi Avropa ölkələrində narazılığa səbəb olub. Macarıstan, Baltikyanı, Slovakiya kimi ölkələrdə əhalinin 70 faizi qaçqınların gəlişinin əleyhinədir.

Brüssel bu günə kimi ancaq 32 min qaçqını müxtəlif ölkələrə bölüşdürə bilib. 25 il əvvəl imzalanmış Dublin müqaviləsinə üzvlər tərəfindən riayət olunmur.

Məsələn, İtaliya və Yunanıstanın xahişi üzrə 40 min qaçqını bu 2 ölkədən digər Aİ ölkələrinə bölüşdürmək müzakirə olunarkən, Macarıstan bir qaçqını da qəbul etməyəcəyini bildirib. Bu müqavilə qaçqın namizədlərinin qeydiyyatdan və miqrasiya əməliyyatlarının Avropaya ilk ayaq basdıqları ölkədə edilməsini nəzərdə tutur. Lakin Aİ ölkələri qaçqınları qeydiyyata almağa elə də tələsmirlər.

Aİ-nin təhkimi ilə Latviyaya 250 qaçqının göndərilməsi Riqada etirazla qarşılandı.

Polşada isə noyabr ayında keçiriləcək seçkilər ərəfəsində baş nazir Eva Kopaçın 2 min qaçqına sığınacaq haqqı tanıması seçki kampaniyasının bir nömrəli gündəmi oldu.

Aİ-nin irəli sürdüyü 1100 qaçqına sığınacaq tələbini rədd edən Slovakiya baş naziri Robert Fiko “Tək bir sualım var. Liviyanı kim bombaladı və Şimali Afrikadakı problemlərə səbəb oldu. Slovakiya mı? Xeyr”.

Qaçqın problemi Avropadakı həddindən artıq sağ və irqçi partiyaların yüksəlişinə səbəb oldu. Macarıstandan İsveçə qədər bir çox Avropa ölkəsində irqçi və neo-nasist partiyalar qaçqın problemi üzərindən təbliğat edir. Qaçqınları hədəf alan irqçi hücumlarda isə keçən ilə görə iki qat artım var. Fransa və İngiltərə kimi ölkələrdə həddindən artıq sağçılığın güclü olması səbəbiylə iqtidarlar qaçqın qəbul etmək istəmir.

Almaniya kansleri Angela Merkel miqrasiya problemini borc böhranından daha ciddi hesab edir. Almaniyaya bu il 150 minə yaxın insanın məhz Balkan ölkələrindən mühacirət etməsi Berlində dərin narahatlıq doğurub. Kasıb Avropa ölkələrindən varlı Avropa ölkələrinə olan miqrasiya, vizasız yerdəyişmələr bugün Aİ-nin daxilində narazılıqların artmasına səbəb olur. Çünki avropadaxili yerdəyişmələrdə də ən böyük yük Fransa, Almaniya və Böyük Britaniyanın, daha sonra isə Belçika, Niderland və Skandinaviya ölkələrinin üzərinə düşür.

İtaliya baş naziri Matteo Remzi isə Aİ liderlərinin mühacirləri bölüşdürmək məsələsində könülsüzlüyündən qəzəblənmiş və B planına keçəcəklərini demişdi. Bu planın nə olduğu məlum deyil, amma Romadan Brüsselə olan sərt xəbərdarlıq Aİ rəhbərliyində narahatlığa səbəb olub.

Miqrant sayı yalnız maliyyə problemləri yaratmır. Bəzi ölkələr hətta suriyalı qaçqınlar arasında seçim edir, müsəlmanları qəbul etmək istəmirlər. Bu, bəzən rəsmi, çox zaman isə qeyri-rəsmi şəkildə təzahür edir. Məsələ ondadır ki, Avropa “radikal islam” və “terrorçu islam” ifadələrindən təşvişə düşüb.

Həmçinin etnik-demoqrafik vəziyyətin dəyişməsi qorxusu Avropa dövlətlərini ehtiyatlı davranmağa vadar edir.

Həmçinin qaçqın düşərgələrində yaşanan gərginliklər, bəzi cinayətlərdə afrikalı və asiyalı mühacirlərin, xüsusən də müsəlmanların adının hallanması da siyasi dairələrdə və cəmiyyətdə narahatlığa səbəb olur. Söhbət ancaq terror aktlarından getmir.

Bu günlərdə Almaniyada baş verən bir hadisə buna misal sayıla bilər. Almaniyanın Thüringen şəhərinin Suhl kəndində olan immiqrant sığınacağında Qurani-Kərimə görə çıxan bir münaqişəyə görə çıxan qarşıdurmada 11 miqrant və 4 polis nəfəri yaralanıb. Əfqan bir qaçqının Qurani-Kərimin bəzi səhifələrini cırmasına 20 qədər qaçqının reaksiya göstərməsi ilə başlayan hadisələr sonrakı saatlarda 100 adamın qatıldığı bir çaxnaşmaya çevrilib. Qarşıdurmanı yatırmaq üçün əraziyə göndərilən 125 polis əməkdaşı ancaq 4 saatdan sonra vəziyyəti nəzarətə alıb.

Belə hallar isə Avropada nə birinci dəfədir, nə də axırıncı dəfə olmasına zəmanət var.

Görünür ki, ya Avropa liderləri bir araya gələrək ortaq bir mexanizm üzərində yenidən baş sındırmalı, ya da bir-biri arasında sərhədləri aradan qaldıran bu üzv-ölkələr elə sərhəd məsələsində də yenidən düşünməlidir.

Şərhlər

Çox oxunanlar