Qərb Ermənistanı toqquşma meydanına çevirir
13.12.2023 15:38 A-reaksiya 329
Avropa Birliyi Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsəd Azərbaycanla sərhəddə sabitliyi qorumaqdır.
Azərbaycanın Ermənistana qarşı hər hansı formada ərazi iddiaları yoxdur və olmayıb. Ötən əsrin müxtəlif dövrlərində evlərindən, yurd yerlərindən qovulan və sürgün edilən soydaşlarımızın Qərbi Zəngəzura qayıdışı sərhədlərin dəyişdirilməsi cəhdi yox, ədalətin bərpası, beynəlxalq hüququn prinsiplərinə uyğun davranışdır. Bakı bunu istəyir, İrəvandan bunu tələb edir.
Ermənistanın siyasi elitaları və baş nazir Nikol Paşinyanın administrasiyası "Azərbaycandan gələn ekzistensial təhlükə" mövzusunu daim gündəmdə saxlamağa, bununla da konkret məqsədlərini reallaşdırmağa çalışırlar.
Zəngəzurla bağlı İrəvanın bəyanatları və açıqlamaları məntiqi, habelə faktoloji əsaslardan bilmərrə məhrumdur.
Səbəblər bəllidir: 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda sözügedən məsələ yer almışdı. Konkret olaraq Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması, həmin dəhlizin Zəngəzurdan keçməsi nəzərdə tutulurdu.
Ermənistan üç il bu şərtə əməl etmədi və indi də etmir. Paşinyan və onun komandasındakı funksionerlər Zəngəzur dəhlizinin ekstraterritoriallıq prinsipi ilə fəaliyyət göstərəcəyini vurğulayaraq, həmin dəhlizlə hərəkət edəcək yüklərlə şəxslərin məhz Ermənistanın müvafiq qurumları tərəfindən yoxlanmasını, təftişini və buraxılmasını tələb edirlər.
Üçtərəfli bəyanatda bu funksiyaların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları və sərhədçiləri tərəfindən reallaşdırılması nəzərdə tutulurdu.
Nikol Paşinyanın da ritorikası budur ki, Zəngəzur dəhlizinə ermənilərin nəzarət etməməsi prinsipi Ermənistanın suverenlik və müstəqillik prinsipləri ilə qanunvericiliyinə ziddir.
İrəvanın isterika və destruktiv mövqe tutması səbəbindən rəsmi Bakı layihəni alternativ, İran ərazisindən keçəcək marşrutla həyata keçirməyə qərar verib.
Bakı ilə Tehran arasında bununla bağlı anlaşma əldə olunub, memorandum da imzalanıb.
Belə qərarın səbəblərindən biri də məhz "Azərbaycan Ermənistana hücum edəcək, Zəngəzur dəhlizi layihəsi bəhanədir" idefiksini gündəmdən çıxarmaq üçün Şərqi Zəngəzur dəhlizi layihəsini seçdi.
Amma saddalanan məqamlara rəğmən İrəvanın dezinformasiyalara əsaslanan isterik bəyanatlarını və tamamilə saxta açıqlamalarını dəstəkləyən Avropa İttifaqı Ermənistandakı müşahidə-monitorinq missiyasını (EUMM) genişləndirmək qərarına gəlib.
Səbəb dəyişməyib - "Azərbaycandan gələ biləcək potensial təhlükə".
Halbuki vəsilələr və mahiyyət tam fərqlidir.
Fransanın təşəbbüsü və tələbi ilə Ermənistanda EUMM missiyasının gücləndirilməsi prosesinin arxasında Rusiyanı əvvəlcə Ermənistandan, sonra isə ümumiyyətlə, Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq planları durur.
ABŞ, Fransa və Avropa İttifaqının regionla bağlı geostrateji planları ilə geosiyasi məqsədləri fərqli olsa da, Rusiya ilə bağlı müstəvidə onların fikirləri və niyyətləri eynidir.
Kollektiv Qərbin məhz Parisin aqressiv siyasəti əsasında yürütdüyü siyasət "sülhməramlı" kimi qələmə verilsə də, əslində aşkar neokolonializm və ekspansionizmdir.
Ermənistanda mövqelərini möhkəmlətmək və bu minvalla Cənubi Qafqazdakı proseslərə təsir imkanları əldə etməyə çalışan Qərb çox təhlükəli, ciddi fəsadlara səbəb ola biləcək taktikanı tətbiq edir. Azərbaycanın "potensial təhlükə mənbəyi" kimi sərsəm və idiotik tərzdə vurğulanması olduqca riskli seçimdir.
Ermənistannda Rusiyanın mövqelərini yaxın gələcəkdə ələ keçirməyə can atan Avropa İttifaqı ilkin mərhələ qismində EUMM-u gücləndirməklə effektiv qərar qəbul etdiyini düşünür. Rusiyanın bu qərarı qıcıq və qəzəblə qarşılaması elə Ermənistanın özündə vəziyyəti gərginləşdirəcək.
Parisin təhriki ilə EUMM heyətini artıran Avropa İttifaqı hətta struktura üzv olmayan Kanadanı da prosesə cəlb edib. Belə ki, EUMM sıralarında iki kanadalı "müşahidəçi" də yer alacaq.
"Müşahidə-monitorinq missiyası" adı ilə Ermənistanda fəaliyyətini aktivləşdirməyə çalışan Qərb nədənsə təəccüb doğura biləcək inadla bir məqamı etiraf etmək istəmir: Rusiya və İran bu qərarı NATO-nun Cənubi Qafqaz bölgəsində genişlənmək, təsir mexanizmləri və təzyiq rıçaqlarına yiyələnmək planı kimi qəbul edir.
Ermənistana gəldikdə isə, Nikol Paşinyan administrasiyasınır "EUMM genişlənir, mövqelərimiz güclənir" tipli bəyanatları daxili auditoriyaya yönəlib və ermənilərdə ruh yüksəkliyi yartamağa xidmət edir.
Halbuki Avropa İttifaqının bilavasitə Fransanın tələbi ilə qəbul etdiyi bu qərar Ermənistanın təhlükəsizliyinin təminatını artırmaq əvəzinə, əhəmiyyətli dərcədə azaldacaq.
İrəvan və ermənilərin yeni "hami"ləri çox sadə həqiqəti anlamırlar: hərgah Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, Avropa İttifaqının EUMM missiyasmı ciddi maneə ola bilməz.
Ermənistanın XİN başçısı Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi “Ermənistan Avropanı qəbul etməyə hazır olduğu qədər ona yaxın olmaq istəyir” yanaşması isə primitivdir.
Bəzi ölkələrin acınacaqlı təcrübəsi var ki, bu yolu tutub, sonra son dərəcə ağır nəticələrlə üzləşib. Ən parlaq nümunə Ukraynadır. Əfqanıstan təcrübəsi var: amerikalılar demək olar ki, bir gündə oranı tərk etmək qərarına gəldilər və bununla da amerikalılara sona qədər inananları ölümə məhkum etdilər. Avropa və ABŞ-ın ən yaxşı dostu Mixail Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdır - o, Gürcüstan həbsxanasındadır”, - bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.
Ovannisyan vurğulayıb ki, Bakının strateji planları var və son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib:
“Məsələn, əgər Bakıya Qarabağı sakit şəkildə nəzarətə götürə bilmək üçün Ermənistanla sərhəddə nisbi sabitlik lazımdırsa, o zaman bu sakitliyi qoruyacaq. Bunun əksinə olaraq, həm Ermənistan hökuməti, həm də onun müxalifləri situasiya qərarları ilə yaşayır vəlar və ümumiyyətlə onlara nə lazım olduğunu bilmirlər. Ermənistan bir tərəfdən “3+2” formatına (Azərbaycan, Ermənistan və Rusiya, İran, Türkiyə) razıdır, digər tərəfdən də isə danışıqlar üçün Avropa platformasında israr edir və AB missiyasını genişləndirir. Bu formatda olan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıq edib və üçüncü qüvvələri regional məsələlərə cəlb etməməyə çağırıblar, lakin İrəvan inadla iki antaqonist, bir-birini inkar edən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkənin rəhbərliyinə ciddi yanaşmaq olmaz”.
Ermənistanda Ovannisyan kimi düşünənlər hakimiyyətdə olmadığından, İrəvanın marazmatik xarici siyasəti və "hami"lərinə güvənməsi erməniləri yeni fəlakətlərlə üzləşdirə bilər. Daha doğrusu, belə ehtimal zaman keçdikcə daha da güclənir.
Nikol Paşinyan iqtidarının hazırda ən ciddi, ən təhlükəli səhvi Ermənistanı regiondakı geosiyasi güclər arasındakı qarşıdurma məkanına çevirməkdir. Məhz rəsmi İrəvanın yanlış siyasəti nəticəsində ABŞ, Fransa və Avropa İttifaqından ibarət Qərb düşərgəsi Rusiya və İran tandemi ilə Ermənistanda üzləşiblər.
Ermənistan indi Qərbin əlində alətdir.
Hər alətin isə istifadə müddəti var: müddət bitəndə, gərəksiz əşya sayılara bir kənara atılır...(trend)
Şərhlər