Əliyevlə Ərdoğanın 7 fevraldan sonrakı planları – Ankara və Bakı böyük hazırlıq içində

15.12.2023 12:40     A-reaksiya     460

Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri bir çox dövlətlərin diqqətindədir. Yaxın-uzaq ölkələr qarşıdakı 2 aylıq mərhələni diqqətlə izləyəcəklər.

Bu sırada Rusiyanın, İranın adını xüsusi çəkə bilərik. Hər nə qədər Azərbaycanı sevməsələr də, hər iki qonşumuz mövcud mərhələdə bizdə hadisələrin normal məcrada getməsində maraqlıdırlar. Bu, bir qədər qəribə səslənir, deyilmi? “Rusiya, İran hara, Azərbaycanda stabilliyi arzulamaları hara” sualı verilə bilər. İndiki mərhələdə onların Azərbaycanla bağlı ortaq maraqlarının olduğu sirr deyil. Region ölkələri Qərbin təzyiqlərinə tuş gəlir. Birinin ABŞ-a yenilməsi domino effekti verə bilər. Həm də bu səbəbdən proseslərə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” düsturu işə düşüb. Ən əsas da müharibədən sonra yaranmış reallıqlar Moskva və Tehranı Azərbaycanla bağlı həssas olmağa sövq edir. Bakı kilid paytaxt statusu qazanıb. Burada nəhəng proseslər cərəyan edir…

Azərbaycandakı siyasi proseslərdə əsas maraqlı ölkə isə Türkiyədir. Strateji müttəfiqlik, qardaşlıq, dostluq münasibətləri Ankara və Bakını eyni maraqlardan çıxış etməyə yönləndirir. Ona görə də hər iki ölkədə baş verən proseslər həssaslıqla izlənir.

Bu ilin may ayında Türkiyədə keçirilən prezident və parlament seçkilərində bunu bir daha gördük. Azərbaycan ictimaiyyəti Rəcəb Tayyib Ərdoğanın, AK Partiyanın qələbə qazanmasını çox istəyirdi. Buna əsas səbəb 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək  idi. Amma bütövlükdə Türkiyə son 30 ildə ölkəmizdə ən çox sevilən, güvənilən dövlətdir.

Azərbaycanlılar Ərdoğanın seçilməsi üçün dua edirdilər. Qurban deyirdilər. Seçki günü televiziyaları, saytları, sosial şəbəkələri necə həssaslıqla izləyirdik. Nəticələr bilindikdən sonra Bakıda coşğu yaşanmışdı.

Azərbaycanın rəsmi siyasəti də Ərdoğanı dəstəkləyirdi. Bu, təkcə dövlət maraqlarından irəli gəlmirdi. Ortada qardaşlıq, vəfa borcu var idi. Rəsmi Bakı Türkiyənin daxili işlərinə qarışmadan seçkilərdə Rəcəb Tayyib Ərdoğana seçilməsi üçün mənəvi, siyasi dəstəyini əsirgəmədi.

Seçkilər Rəcəb Tayyib Ərdoğan üçün asan keçmədi. Bunun bir neçə səbəbi var idi. Müxalifət partiyaları birləşmiş, təşkilatlanmışdı. Seçkiyə vahid namizədlə gedirdi. Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə bələdiyyə sədrləri CHP-dəndir. Bu fakt da seçkinin gedişinə və ictimai rəyə ciddi təsir göstərirdi. Üstəlik, seçkilərə 2 ay qalmış Türkiyədə dağıdıcı zəlzələ olmuşdu. Bu da vəziyyəti qəlizləşdirmişdi.

İlham Əliyevin seçkiöncəsi vəziyyəti daha parlaqdır. Ölkəsini 30 illik işğaldan böyük qələbəyə daşıyıb. Azərbaycanın suverenliyi tam bərpa edilib. Ərazi bütövlüyü təmin olub. Separatizm, işğal aradan qaldırılıb. Xankəndi Azərbaycanın yurisdiksiyasına keçib. Digər torpaqlar da işğaldan qurtarılıb. İlham Əliyev reytinqinin ən yüksək vaxtında seçkiyə gedir. Hazırda Azərbaycanda İlham Əliyevlə seçkilərdə yarışacaq siyasətçi yoxdur. Müxalifət isə dərin mənəvi-psixoloji, eləcə də siyasi sarsıntı keçirir. İlham Əliyevi nə deyib tənqid edəcəklər? Özləri də məətəl qalıb. Labirintə düşüblər.  

Buna baxmayaraq, ölkəmizə qarşı ciddi təzyiqlərin olduğu ortadadır. Əsasən Qərbdən yönəldilən qərəzli kampaniya hər gün özünü göstərir. ABŞ, Aİ Azərbaycana qarşı qərəzli münasibətdən əl çəkmir. Qərb burdakı təsir agentlərini, nəzarətindəki medianı tam səfərbər edərək, rəsmi Bakının üstünə gedir.

 

Belə bir şərait Türkiyənin də maraqlarına cavab vermir. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya ilə bağlı geniş planları var. Həmçinin Zəngəzur dəhlizi, böyük çapda logistika projeləri hər iki prezidentin gündəminin bir nömrəli maddəsidir. Belə həssas, vacib dönəmdə iki türk respublikasından birinin zəiflədilməsi digərinin də maraqlarını, təhlükəsizliyini təhdid edir.

Ona görə də Türkiyənin Azərbaycandakı 7 fevral seçkilərinə ciddi maraq göstərdiyi təbiidir.

Seçkilərə təsir etmək üçün vasitələr tükənib. Yuxarıda qeyd etdiyimiz kimi, İlham Əliyevin qarşısına çıxacaq uğurlu, parlaq və güclü namizəd yoxdur. Təsəvvür edin, Əli Kərimli indi videoblogerlikdən uzağa gedə bilmir. Populist tezislərlə ictimai rəyi nə qədər manipulyasiya etmək olar? Böyük qələbə fonunda hakimiyyəti pisləmək asandır, amma ictimai dəstək qazanmaq xeyli çətindir. Ən əsası, xalq yaxşı bilir ki, hazırda ölkədə istənilən siyasi dəyişiklik böyük fəlakətlərə yol aça bilər. Ona görə də cəmiyyət avantüra peşində deyil, reallığı tam dərk edir, davranışını buna uyğunlaşdırır.

İlham Əliyev daxildə məsələləri həll edib. Onun xalqdan səs almaq problemi yoxdur. Qonşu dövlətlərlə də problem yaşamır. Rusiya və İrandan təhdid yox səviyyəsindədir. Digər region ölkələri ilə də siyasi, iqtisadi, diplomatik münasibətlər yüksək səviyyədə qurulub. Qərbin isə təsir mexanizmləri günbəgün sıradan çıxarılır, zəiflədilir. Baş verən həbslər sıradan olay deyil. Emosional  reaksiya da sayılmamalıdır. Çox güman, bu, ciddi kəşfiyyat məlumatlarının əsasında həyata keçirilən xüsusi əməliyyatlardır.

Bunların eynisini bir neçə ay öncə Türkiyə də yaşayıb. Bu səbəbdən Ankara Bakını bir işarədə başa düşür. Son 3 illik müddət bir gerçəyi ortaya qoyub: Türkiyə ilə Azərbaycanın münasibətləri qardaşlıqdan ötə, strateji müttəfiqlikdən öndədir. Bu iki qardaş dövlət tale, qədər ortağıdırlar. Birinin ayağına dəyən daş, digərini də zədələyir.

Türkiyədə keçirilən 14 may və 28 may seçkiləri nə qədər önəmli idisə, Azərbaycanda keçiriləcək 7 fevral seçkisi də o qədər önəmli və stratejidir.

Bundan sonrakı mərhələdə hər iki dövlətin qarşısında böyük hədəflər var. İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyində Güney Qafqazdan başlayan yol, Türküstana, ordan Asiya-Pasifik bölgəyə qədər uzanır. Qarabağın məsələsinin həlli çıxılan böyük yolda bir mərhələ idi. Qarşıda keçiləcək daha böyük mərhələlər, aşılacaq dağlar var. Yol davam edir…(globalinfo)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar