Sünni-şiə savaşının ən iyrənc təzahürü - TƏHLİL

23.08.2015 14:43     A-reaksiya     5448

XXI əsrdə şiələr və sünnilər arasında dəhşətli bir müharibənin şahidi oluruq - bu, Yəməndə olsa da belə, bütün İslam dünyası üçün düşündürücü problemdir.

Analitik yazı üçün bu fikirlərim həddən çox bədii görünə bilər, lakin Yəməndə baş verənlər sünni-şiə savaşının ən iyrənc təzahürüdür və bu iyrənclik nə vaxt sona çatacaq, onu kimsə bilmir...

Səudiyyə Ərəbistanının əvvəl hava zərbələri ilə başlatdığı, sonra isə BƏƏ və Yəmənin yerli sünni qruplarını, “Əl-Qaidə” dəstələrini və hətta devrilmiş prezident Hadinin də qüvələrini qatdığı koalisiya mühüm qələbələr qazanmaqdadır.

Şiə husilər və sabiq prezident Salehin tərəfdarları paytaxt Sənada mövqelərini qorusalar da, onlar Yəmənin cənubundan və mərkəzi ərazilərindən xeyli sıxışdırılıblar.

BƏƏ-nin tankları da şimala doğru irəliləməkdədir. Lakin bir məsələ var ki, nə Hadinin qüvvələri, nə də digər yerli sünni birləşmələri müharibəni sona çatdırmaq arzusunda görünmürlər.

Hadinin qüvvələri cənubda yerləşən və 1990-cı ilə qədər Yəmən Xalq Demokratik Respublikasının paytaxtı olmuş Ədən limanında möhkəmləniblər.

Lakin ədənlilər həm çox döyüşkən olmaması ilə tanınırlar, həm də koalisiya güclərinə baxmayaraq, “Ədən hökuməti” hərbi-texniki baza baxımından zəifdir – bunu dünya mətbuatına müsahibələrində Hadi qüvvələrinin rəhbər şəxsləri də etiraf edirlər.

Digər tərəfdən, bəzi sünni qəbilələri öz bölgələri ilə şiələrin nəzarət etdiyi ərazilər arasında “sərhədlər” müəyyən ediblər və demək olar ki, hər vilayətdə bir muxtar idarəçilik formalaşıb.

Saleh və Husi qoşunları itkilər versələr də, İranın dəstəyinin də nəzərə alınacağı halda, müqavimətin uzun müddət davam etməsi şübhə doğurmur.

Əsas olan şiələri cənubdan və strateji sahil obyektlərindən uzaqlaşdırmaq idi: İran dəstəyindən məhrum etmək üçün. Bu, husilərin mövqeyini zəiflədir, amma tamamilə husi amilini məhv etmək üçün ölkədə böyük bir qətliam etmək lazım gələcək.

Buna isə nəinki İran, habelə Rusiya və Çin də imkan verməz. Sonrakı mərhələlərdə Yəmənə bu müttəfiqlərin daha fəal diqqət ayırması istisna olunmur. Hazırda Yəmənə yeganə xarici müdaxilə amili kimi Səudi koalisiyası görünür, lakin bu koalisiya çox uzağa gedəcəyi halda böyük problemlərlə üzləşə bilər.

Bəzi sünni-sələfi təmayüllü kriminal qruplar şiələrlə mübarizə aparsalar da, onlar ölkədə mərkəzi hakimiyyətin möhkəmlənməsində o qədər maraqlı görünmürlər.

Koalisiya qüvvələri Sənanı ələ keçirmək istəsələr də, ortada beş illik müvəqqəti paytaxt kimi Ədəni seçmək və cənubu möhkəmləndirmək planı var ki, bu plan üçün sadəcə şimalı silahsızlandırmaq və sarsıtmaq əsas vəzifədir.

Bəzi ekspertlər mövcud vəziyyəti dəyərləndirərək, ölkədə şimal və cənubun bir-birindən muxtar şəkildə idarə olunduğu federal quruluşu proqnozlaşdırırlar.

Federal dövlət planı haqda məlumatları Hadi hökumətinin informasiya naziri Nadia əl-Səkkaf da təsdiq edib, lakin qruplar arasında tam razılığın əldə olunmadığını deyib. Səkkaf federal dövlət məsələsinin məhz parçalanmadan qaçmaq üçün gündəmə gəldiyini deyir.

Lakin yeni hökumətdə şiələr də təmsil olunacaqmı? Bu suala cavab vermək çətindir...

Dünyanın mühüm beyin mərkəzləri və informasiya agentlikləri də Yəmənin qeyri-rəsmi bölünməsi ehtimallarının üstündə çox dururlar. Məsələn, ABŞ-ın populyar “Stratfor” şirkəti ölkədə 1990-cı ilə qədər mövcud olan iki dövlət amilinin yenidən gündəmə gələcəyini proqnozlaşdırır.

“Stratfor”un mövqeyinə görə, Yəmənin bölüşdürülməsi Səna və Ədən üzərindən həyata keçiriləcək.

Bu proqnozlar və ehtimallar “Reuters” və “Jerusalem Post” tərəfindən də gündəmə gətirilib.

Yəməndə baş verənlər siyasi mübarizədən və vətəndaş müharibəsindən çox, istənilən açıqfikirli adamda təəssüf doğuran məzhəb müharibəsidir. Orada qardaş qanı tökülür və “qardaş ərəb ölkələri” də bir ərəblə digərinə sadəcə şiə və ya sünni olmasına görə fərq qoyur.

Ərəb monarxiyaları İranın Yəməndəki mövqeyini sarsıtmaq üçün mübarizə aparırlar.

Məzhəb davası və “bu davaya son qoymaq üçün” atılan addımlar isə sanki davaya yox, məzhəblərdən birinə – şiələrə son qoymaq uğrundadır.

Amma yuxarıda qeyd etdiyim faktı bir daha xatırlatmaq istərdim. Uzun illər boyu evlərinin başına bomba yağan zeydilər (şiələr) qəfildən ayağa qalxıb Sənanı ələ keçirə bildilərsə, bu güc və potensial onlarda yenə də qalacaq və Yəmənin yenidən toqquşmalarla çalxalanmasının qarşısını almaq çətin olacaq.

Hazırda amansız bir müharibənin getdiyi, qüvvələrin “sonadək vuruşacağıq” bəyanatları verdiyi məlumdur.

O da məlumdur ki, hər iki tərəf yorulub.

Gündəmə yeni variantlar gəlir, bu variantlardan biri də atəşkəsdir və şiələrə “mümkün qədər az” ərazi buraxaraq danışıqlara getmək, federasiya razılaşmasına şərait yetişənə qədər Yəmənin şimala və cənuba bölünməsi ilə razılaşmaq.

Çünki federasiya danışıqları üçün, birinci növbədə hirslərin soyuması və silahlı toqquşmaların səngiməsi gərəkdir.

Bu, de-yure olmasa da, de-fakto real variant kimi üzə çıxır. Və “qanın su yerinə axdığı” Yəmən üçün hazırda ən optimal variant ola bilər.

Beləliklə,  məzhəb davası nə qədər gülünc və iyrənc görünsə də, Yəməndə sünnilərin olduğu kimi şiə faktoru da var və bu faktor mütləq nəzərə alınmalıdır. Məhz elə məzhəb davasına sonqoymaq naminə...

Şərhlər

Çox oxunanlar