İŞİD Amerikaya müqəvva kimi lazımdır - Keçmiş Quantanamo məhbusu - EKSKLÜZİV
24.08.2015 13:32 A-reaksiya 2785

ABŞ üçün əsas məsələ İŞİD-i məhv etmək yox, ona lazımi miqyas və format verməkdir.
Bunu Reaksiya.az-a açıqlamasında keçmiş Quantanamo məhbusu, Rusiyada tanınmış din adamlarından olan Ayrat Vahidov (Salman Bulqarski) bildirib.
O bildirib ki, İŞİD-i “Amerika layihəsi” adlandırmaq olmaz, bu, islamdaxili məhsuldur.
“Lakin Yaxın Şərqin parçalanması barədə ABŞ-ın çoxdankı planı var – istər Suriyada, istərsə də İraq və Türkiyədə. İŞİD müqəvva kimi lazımdır. Məsələ İŞİD-i tamamilə məhv etməkdə yox, az qala bütün region ölkələrinin vətəndaşlarını qorxutmaq və əlaltdan öz layihələrini gerçəkləşdirmək üçün İŞİD-ə “qorxunc müqəvva” formatını verməkdir”, -deyə A.Vahidov vurğulayıb.
İŞİD xofunun hələ bir neçə il davam edəcəyini deyən keçmiş döyüşçü “Qafqazda İŞİD qorxusu varmı?” sualına “düşünmürəm” deyə cavab verməklə kifayətlənib.
A.Vahidovun sözlərinə görə, ərəb monarxiyaları Suriyada mülayim müxalifətə sponsorluq edir, radikallara yox: “İŞİD vəhabizmə əsaslanır, gənclik monarxiyanı təmiz vəhhabizmdən uzaqlaşmaqda ittiham edir, ona görə də, monarxiyalar üçün təhdid realdır. Moskva isə hazırda Əsədi xilas etməyə çalışır, İŞİD sadəcə münasib səbəbdir”.
Gənclik illərində radikal vəhhabizmə inandığını deyən A.Vahidov indi artıq fərqli düşündüyünü əlavə edib: “Mən artıq əminəm ki,vəhhabizmi xarici güclər geopolitik layihələr üçün istifadə edirlər”.
Şərhlər