"Rusiya gərək günahı özgədə axtarmasın" - Ekspert rəyi
24.08.2015 14:57 A-reaksiya 3172

Xəbər verildiyi kimi, dünən Polşanın prezidenti Anjey Duda NATO-nun ölkəsində hərbi baza yerləşdirməsinə icazə verib. Bunda əsas marağı isə Rusiya tərəfdən mövcud təhlükələrə qarşı özünü sığortalamasıdır.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov məsələni Reaksiya.az-a şərh edərək bildirib ki, Rusiya aqressiyasını son 7 ildə açıq şəkildə biruzə verir. Əvvəllər Putin işğalçı mövqe ilə çıxış etmirdi və bunu gizlədirdisə, 2008-ci ildə baş verən Gürcüstan hadisələrindən sonra mpvqeyini açıq şəkildə ortaya qoymuş oldu.
Ekspert düşünür ki, Rusiyanın əsas hədəfi işğalçılıq siyasətini davam etdirərək daha geniş əraziyə sahib olmaqdır: “2014-cü il Krımın ilhaqı və bugünkü Ukraynada gedən müharibə də məhz həmin layihənin tərkib hissəsidir. Lakin Putin beynəlxalq gücün nə olduğunu dərk etmək istəmir, hətta demək olar ki, beynəlxalq hüququ da qəbul etmir. Onun şəxsi maraqları və iddiaları əsasən üstünlük təşkil edir. Bütün bunları analiz edən Qərb, Avropa və NATO yaxın gələcəkdə baş verə biləcək bütün təhlükələrdən yan keçmək üçün Baltik ölkələrində, Polşada və Ruminyada hərbi varlığını gücləndirir”.
Politoloq hesab edir ki, burada qeyri adi hər hansı bir nüans yoxdur. Bu həmin dövlətlərin gələcək təhlükələrdən özlərini qorumaq üçün atdıqları addımlardır. Polşa prezidenti və digər ölkələrin rəhbərlərinin bu tip siyasi mesajlar vermələri də normaldır: “Bugün Avropada Rusiya təhlükəsinə yaxın ərazilər Baltikyanı ölkələr və Polşadır. Təsadüfi deyil ki, məhz həmin dövlətlərdə NATO və Amerikanın hərbi, siyasi varlığı getdikcə artır. Yaxın gələcəkdə həmin dövlətlərdə əlavə quru qoşunlarınınn yerləşdirilmə prosesinə başlanılacaq. Bütün bu baş verən prosesləri təbii ki, Rusiya da yaxından izləyir. Proseslər onun lehinə deyil, əleyhinədir”.
Fərrux Məmmədov onu da qeyd edib ki, NATO-nun hərbi hissələri Rusiyaya hücum üçün yox, Avropanın təhlükəsizliyi üçündür. Lakin əgər real təhlükə olarsa, o zaman adekvat cavab veriləcəyi şübhə doğurmur. Rusiya, bütün bunlarla yanaşı, Polşa və Baltikyanı ölkələri ilə münasibətləri yumşaltmaq siyasəti güdür. Lakin bu gün proseslər o yöndə davam edir ki,Rusiya güvənsiz tərəfdaş adını alıb və hər hansı münasibətlərdə səmimiyət olmayacağını deyə bilərik.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri bildirib ki, istənilən NATO ölkəsinə Rusiyanın hücumunun qarşısı alınacaq. Bu NATO-nun üzv ölkələrlə bağlı nizamnaməsində öz əksini tapıb: “Rusiya açıq şəkildə bugün Amerika və NATO ilə müharibəyə girmək gücündə deyil. Rusiya bunu yaxşı bilir. Sadəcə qorxutma siyasəti üzərində özünə yol xəritəsi çəkən Rusiya digər dövlətlərdə stabillik və sabitliyin olmaması üçün çalışır. Onu da qeyd edim ki, Amerikanın Avropada varlığı Rusiya təhlükəsinin artdığına işarədir. Əgər Rusiya hər hansı Avropa ölkəsinə hücum təşkil edərsə, o zaman çox ağır nəticələrə qatlanmaq məcburiyyətində olacaq!”
“Polşanın bu təklifi II Dünya Müharibəsindən sonra əldə olunmuş razılaşmaların pozulması deməkdir”
Digər tərəfdən politoloq Rasim Ağayev Polşanın bu təklifi II Dünya Müharibəsindən sonra əldə olunmuş razılaşmaların pozulması deməkdir: “Məlumdur ki, Rusiya-Polşa münasibətləri tarixən yaxşı olmayıb. Rusiya Polşanı zəbt edib. Polyaklar üsyan qaldırdıqda isə ruslar onları öldürərək susdurub. İndi Rusiya və Polşanın arası xoşagəlməzdir. Faktiki olaraq Polşa NATO-nu ölkəsinə dəvət edib. Hətta xüsusilə qeyd ediblər ki, NATO-nun qoşunları şərq sərhədlərimizdə yerləşsinlər. Bilavasitə Rusiyayla üzbəüz dursunlar. Bu da o deməkdir ki, II Dünya Müharibəsində əldə edilmiş bütün razılaşmalar puç olur”.
Politoloq hesab edir ki, bir qonşu kimi Polşa özünü çox aqressiv aparır. Digər tərəfdən həm də haqlıdır. Açıq-aşkar bildirir ki, Rusiyadan qorxur və müdafiəyə ehtiyacı var. Bu, nəyə gətirib çıxaracaq başqa mövzudur: “Amma əslində isə bu Rusiya-Polşa münasibətlərinin daha da gərginləşməsi deməkdir. Aradakı etimad götürüləcək. Rusiya gərək günahı özgədə axtarmasın. Günahı Polşa ilə bölüşdürsün. Çünki özü bu vəziyyətə gətirib. Özü də gərək özündən küssün”.
Şərhlər