Livanda “zibil inqilabı” başlayıb? - TƏHLİL - VİDEO - FOTOLAR
24.08.2015 14:58 A-reaksiya 2796

Avqustun 22-23-də Livanın paytaxtı Beyrutda minlərlə gənclə polis arasında qarşıdurma yaşanıb.
Hökumət binasına soxulmağa çalışan nümayişçilər polisin su maşınları və qaz bombaları ilə qarşılaşıb.
Etiraz aksiyaları bu gün də davam edir. “Əl-Ərəbiyə” 35 nəfərin xəsarət aldığını deyib.
Etirazçılar hökumətin istefasını tələb edirlər. Amma niyə?
Sadəcə zibilə görə.
Beyrut küçələrində zibil çoxluğu əhalini narahat edir, lakin hökumət küçələrin zibildən təmizlənməsi üçün tədbir görmür. Ötən ay Beyrutun ümimi zibilliyi bağlandıqdan sonra, küçələrin zibillə dolması və məmurların bu işi yola qoymaqda ləngliyi gənclərin səbrini daşdırıb.
Ölkə keçən ilin mayından prezidentsiz yaşayır, parlament seçkiləri 2017-ci ilə qədər təxirə salınıb, ölkənin Suriya sərhədlərində isə İŞİD təhlükəsi var.
Əhalisi xristian və müsəlmanlardan ibarət olan, müsəlmanların da öz içində şiə və sünnilərə ayrıldığı Livanda siyasi vəziyyət yetərincə gərgindir.
“Müsəlman qardaşları” tərəfdarları Livanda zəif olmasalar belə, “Hizbullah”ın hərbi gücü özünə rəqib tanımır. Ölkədə İslam dövləti yaratmağa çalışan bu təşkilat başqa bir islamçı qruplaşma İŞİD-in Livana soxulmasının qarşısını alıb.
Hazırda İŞİD qarşısında hökumət qüvvələrindən də mühüm güc “Hizbullah” olduğundan, siyasi dairələr belə təşkilatla çox konfrontasiyaya getmirlər.
Lakin son hadisələrdə nə “Hizbullah”, nə “Müsəlman qardaşları”, nə də xristian qrupları rol oynamır.
İnqilabın olub-olmayacağı dəqiq bilinmir, lakin bu etirazlar reallığa sosial şəbəkələrdən “qovuşub”.
Hökumətdəkiləri “iylənmişlər” adlandıran bu etirazçı kütləsi ölkəni gecikən, amma heç də zəif olmayan bir “Ərəb baharı” ilə üz-üzə qoyur.
Ola bilər ki, burda kiminsə sifarişi yoxdur və tamamilə “kor-təbii” başlayan prosesdir. Amma ortada etirazlar və mitinqlər mövzusu var ki, atəş açmağa məqam gözləyən silahlı qruplar və bir çox xarici qüvvələr istənilən an ortaya çıxa bilərlər.
Liviyada mitinqlərdən sonra dərhal “Əl-Qaidə” üzvləri və radikal islamçıların silahlı dəstələrlə müharibəyə başlaması, Suriyada radikal sünni qruplaşmalarının mitinqlərin ardınca hökumət qüvvələrinə hücumları...
Əgər “Hizbullah”, sünni və xristian qrupları arasında çəkişmələr başlasa, Livan kimi kiçik ölkəni işğal etmək İŞİD üçün o qədər çətin olmayacaq. Hökumət onsuz da korrupsiya və məmur çəkişmələrindən sarsılmış haldadır.
Onsuz da bu ölkənin həyatı stabil sayılmaz, amma Suriya və İraqa baxdıqda, vəziyyət nisbətən yaxşıdır.
"Zibil inqilabı" Yaxın Şərqdə növbəti bir qaynar nöqtə yaradacaqmı?
Proseslər göstərəcək...
Şərhlər