İrəvanın Qazax hazırlığı başlayıb: Zəngəzur dəhlizinin taleyi belə həll ediləcək

05.03.2024 11:35     A-reaksiya     173

Ermənistanın qanunsuz “Döyüş qardaşlığı” icmasının üzvləri Avetis Avetisyanın və Henrik Mkrtçyanın Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə daxil olmaq istəyən saxlanıldıqları haqda məlumat vermişdik. Qazaxla sərhəddə, Tavuş bölgəsində yerləşmiş qeyri-leqal silahlı dəstənin üzvlərinin erməni polisi tərəfindən saxlanılması ölkədə birmənalı qarşılanmayıb.

İcma üzvlərindən olan Hrant Ter-Abrahamyan onlara ərazini birdəfəlik tərk etmək üçün vaxt verildiyini açıqlayıb. Erməni polisi saxlanılan şəxslərə Voskepar, yəni Yuxarı Əskipara daxil olmaqla Tavuş bölgəsində yerləşən bəzi ərazilərin Ermənistana məxsus olmadığını deyib. Buna görə onların fəaliyyətinin qanunsuz olduğu bildirilib. İcma üzvü həmin ərazilərin Azərbaycana qaytarılmasının artıq rəsmi səviyyədə razılaşdırıldığını və bunun üçün hazırlıq görüldüyünü iddia edib.

Maraqlıdır, bu iddia nə dərəcədə reallığa uyğundur? Qazaxın işğalda olan 7 və Naxçıvanın 1 kəndi indiki məqamda sülh yolu ilə necə qaytarıla bilər?

Reaksiya.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımov kəndlər məsələsini bütün danışıqlar prosesinin ən incə nöqtəsi adlandırıb:

“Qazaxın işğalda qalan kəndləri hazırda davam edən sülh prosesində çox incə həssas bir məsələdir. Ona görə də “Döyüş qardaşlığı” icmasının üzvünün dedikləri real ola bilər. Sülh danışıqları, sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində iki ölkə nümayəndələrinin görüşü zamanı təxribatlardan çəkinmək lazım olduğu xüsusi ilə vurğulanır. Anklav və eksklavlarla bağlı məsələnin həlli və ümumi danışıqların gedişatında təxribat hallarının olması prosesə zərbə vurur. Bu baxımdan sözügedən icmanın üzvlərinin saxlanılması və həmin ərazilərə buraxılmaması anlaşılandır. Nəzərə almaq lazımdır ki, həmin ərazilər hazırda işğal altındadır və Azərbaycan ordusu oraya tam nəzarət edə bilmir”.

T.Qasımov danışıqlarda əsas məqamın anklavlar və ekslavlarla bağlı olduğunu qeyd edib:

“Qazaxın kəndlərinin Azərbaycana qaytarılması mümkündür, bunu necəsə reallaşdırmaq olar. Amma hazırda məni düşündürən əsas məsələ Naxçıvanın işğal altında olan Kərki kəndinin taleyidir. Çünki Qazax rayonunun Barxudarlı, Sofulu kimi kəndlərini azad etmək müəyyən qədər mümkündür. Amma Kərki ən prinsipial və vacib məsələdir.

 

İrəvandan İrana, Qafana, Gorusa gedən şəxslər mütləq şəkildə Kərkidən keçməlidirlər. SSRİ zamanında İrəvandan sözügedən ərazilərə keçid Azərbaycanın anklavı olan bu kənddən keçirdi. Maraqlıdır, Ermənistan hökuməti, baş nazir Nikol Paşinyan riskləri gözə alıb kəndi qaytarmağa razılıq verəcəkmi? Erməni cəmiyyətinin bunu necə qəbul edəcəyi sual altındadır. Çünki Kərki Azərbaycana qaytarılarsa, bütün Ermənistanda vəziyyət qarışacaq. Zəngəzura və İrana keçid sadəcə bu yoldan mümkündür.

İrandan Ermənistana mütəmadi şəkildə daşınan TIR-lar da məhz Kərkidən keçəcək ölkəyə daxil olur. Çünki tək əlverişli yol buradan keçir. Əlavə sadəcə bir alternativ yol var, o da dağlardan keçir, daşınma mümkün deyil”.

Ekspert bildirib ki, kəndlərlə bağlı məsələlər həll olunmayana kimi sülh müqaviləsindən danışmaq absurd görünür:

“Ermənistan rəsmiləri hər dəfə danışıqlardan sonra açıqlayırlar ki, bütün məsələlərdə razılığa gəlinib, sadəcə bir neçə prinsipial məsələdə qərarsızlıq var. O məsələ də məhz Kərki ilə bağlıdır. Düşünürəm ki, hazırda regionda vəziyyətin daha ciddi hal alması, proseslərin gərginləşməsi, böyük oyunçuların hərəsinin öz maraqlarına uyğun mövqe ortaya qoyması, bir sözlə, bütün bunlar Zəngəzur dəhlizi və Kərkli məsələsinin Azərbaycanın xeyrinə həll olunmaması üçündür. Çünki hər beynəlxalq aktorun regionda öz marağı və oyunu var”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar