Şərqi Avropada alman diktəsindən bezənlər - TƏHLİL

24.08.2015 18:50     A-reaksiya     2612

Polşa prezidenti Anjey Duda ilk xarici səfərini başa vurub.

Onun regionda NATO-nun sadiq müttəfiqi olan Estoniyaya səfəri alyansın Brüssel sammiti öncəsinə təsadüf etdi.

Ekspertlərin fikrinə görə, Rusiya ilə münasibətləri gərgin olan Estoniyadakı görüşlər Duda üçün xeyli əhəmiyyət daşıyırdı və ABŞ-ın maraqları ilə formalaşan anti-Rusiya koalisiyasında özünü lider kimi gündəmə gətirmək istəyirdi.

Estoniyanın prezidenti və baş naziri ilə keçirilən danışıqlarda əsas mövzu NATO-nun Şərqi Avropada möhkəmlənməsi oldu.

Polşa prezidentinin növbəti dayanacaqları Berlin, London və Nyu-York olacaq.

Ehtimal olunur ki, bu görüşlərdə də Dudanın əsas hədəfi regionda NATO-nun daimi bazalarının artırılması olacaq.

Dudanın Tallinə səfərinin vaxtı – 23 avqust günü Avropada stalinizm və nasizm qurbanlarını anma günü kimi qeyd olunur. Polşanın SSRİ ilə Almaniya arasında bölüşdürülməsini ehtiva edən Molotov-Ribbentrop paktı məhz bu gündə imzalanıb. Bu paktın imzalanmasından sonra Estoniya da Sovet İttifaqının tərkibinə daxil olmuşdu.

Polşa və Estoniya prezidentlərinin görüşündə əsas gündəlik məsələ müdafiə məsələləri oldu. Anjey Duda bu görüşdə öz ölkəsində NATO-nun yeni bazalarının yaradılmasına ehtiyac olduğunu bir daha vurğuladı.

Xatırladaq ki, bu məsələ əvvəl də bir neçə dəfə gündəmə gəlib, xüsusilə də ABŞ-ın Havadanmüdafiə sistemlərinin Polşada yerləşdirilməsi – lakin Rusiyanın etirazı ilə təxirə salınıb. Hazırda ABŞ-ın bu sistemləri Çexiyada mövcuddur.

Polşa prezidentinin fikrincə, alyansın qoşunları məhz blokla Şərq qonşuları arasında real sərhədlərin keçdiyi ərazilərdə yerləşdirilməlidir: “Biz dəvət edirik (NATO-nu) və gözləyirik ki, dost müttəfiqlərimiz qoşun hissələri və texnikanı alyansın Şərq cinahı olan ərazilərdə yerləşdirəcəklər” (Deutche Welle).

Duda həmçinin bildirib ki, “NATO bloku dirçələn imperiya tendensiyalarına cavab verməlidir” (Associated Press).

Lakin bircə dəfə də Rusiyanın adını çəkməyən Duda digər polşalı siyasətçilərlə müqayisədə fikrini yetərincə yumşaq ifadə edib.

Polşanın müdafiə naziri Tomaş Semonyak hələ iyun ayında bəyan etmişdi ki, Rusiya ilə müharibəyə hazırlaşmaq lazımdır.

Dudanın müşaviri Kşıstof Şerskiy isə NATO-nu Polşada hərbi bazalar tikmək planını təxirə salmamağa çağırmışdı.

Aydın görünür ki, istər sərt, istərsə də yumşaq ifadələrlə – Polşa narahatlığını dilə gətirir.

Ukrayna böhranı və Donbass müharibəsi Polşanın “qapısının ağzında” gedir. Digər tərəfdən, Polşa Rusiyanın Kalininqrad vilayətindən başqa, Moskvanın əsas müttəfiqi Belarusla da həmsərhəddir və Belarusda rus qoşunlarının olması faktı Varşavanı narahat etməyə bilməz.

Brüssel-Moskva-Vaşinqton münasibətlərinin gərgin olduğu bir zamanda, Polşa hər an nəsə gözləyə bilər. Amma bir tərəfdən də, Polşanın narahatlığı panikaya bənzəyir.

Varşavanın qoşun yerləşdirilməsi ilə bağlı çağırışlarına Berlin mane olur. Almaniya gərginliyi daha da artırmamaq üçün Polşada qoşun yerləşdirməyi lazım bilmir və NATO-dakı müzakirələrdə də bu dövlətin mövqeyi mühüm rol oynayıb.

Estoniya prezidenti Tomas İlves öz polyak həmkarını dəstəkləyib.

“Əgər bizə təhlükəsizlik zəmanəti versələr, bu, kimlərisə potensial  aqressiyadan çəkindirər”(İnterfax).

O, Ukrayna hadisələrini xatırladaraq, həm Avropadakı, həm də Atlantik dənizdən o taydakı müttəfiqlərlə (ABŞ və Kanada) birlikdə işləməyin vacibliyini qeyd edib. Estoniya prezidenti bölgədə təhlükəsizliyin təminatında Polşanın lider kimi rolunu aydın gördüyünü deyib.

Burda “lider” amili vurğulanmalıdır. Adətən, bölgədə liderlik funksiyasını Almaniya kansleri Angela Merkel həyata keçirir və hətta şərqli müttəfiqlərin daxili işlərinə qarışmaqdan da çəkinmir.

İlvesin Molotov-Ribbentrop paktı ilə bağlı bu sözləri isə daha çox əlamətdar oldu: “Həm Estoniya, həm Polşa olaraq, biz bu gizli sazişə görə bir çox xalqın nələr çəkdiyini yaxşı bilirik və xatırlayırıq”.

Sanki gündəmə yeni bir pakt da gətirilir. Əlbəttə ki, indi Almaniya III Reyxin Almaniyasından tamamilə fərqlənir. Amma Almaniyanın son illər regionda yeni lider kimi parlaması bir çox avropalı siyasətçilərdə qıcıq yaradır.

Yunanıstan məsələsində Merkelin sərt şərtlərlə danışması da birmənalı qarşılanmamış, müxtəlif darələrdə onu hegemonluqda ittiham etmişdilər.

Baltikyanı ölkələrin və Polşanın Rusiya ilə üz-üzə qaldığı bir zamanda Aİ-nin əsas güclərindən olan Almaniyanın Rusiya ilə daha çox güzəştli davranmağa olan meyli, Şərqi Avropada möhkəmlənməyə qarşı olan inadlı mövqeyi estoniyalı və polşalı siyasətçilərinin yadına Molotovla Ribbentropun anlaşmasını salır.

Bənzətmə nə qədər ifrat və absurd olsa da, narahatlıq anlaşılandır.

Amma bir məsələ də var.

Nə Almaniya, nə Fransa, nə Britaniya, nə də ABŞ bu “şərqli müttəfiqlər” üçün Rusiya ilə müharibəyə çıxmağa hazır deyillər. Şərqdə müttəfiqlər qazanmaq isə Avropanın daha çox sığortalanması üçün idi. İndi müharibə vaxtı deyil. Brüssel də, Berlin də dialoqla, ya da sanksiyalarla nəyəsə nail olacaqlarına, Rusiyanı da bir az yumşaldacaqlarına inanırlar.

Polşada qoşun yerləşdirmək isə Putini qəzəbləndirmək olardı...

Anjey Duda isə bunu anlamır, ya da onun həddən çox ciddi arqumentləri var.

Bununla belə, bir çox ekspertlər düşünür ki, “qərbli müttəfiqlər”Brüssel sammitində Polşa və Estoniyanı tam olmasa da, qismən razı salacaqlar.

Şərhlər