Nasizmin dirçəlişi: Berlinin miqrant sınağı - TƏHLİL
24.08.2015 21:40 A-reaksiya 3014
Almaniya daxili işlər naziri Tomas de Meyzer ölkədə miqrantlara qarşı nifrətin artdığını deyib.
O, bu ilin sonuna kimi 800 min miqrantın gələcəyini proqnozlaşdırıb: “Bu, bizim üçün çağırışdır, amma Almaniya həddən artıq yüklənməyib”.
Almaniya keçən il də qaçqın dalğası ilə üzləşmişdi, bütün Aİ ölkələri 626 min qaçqına sığınacaq vermişdi ki, onun təxminən yarısı Almaniyanın payına düşmüşdü.
Hazırda isə Avropada olan qaçqınların 40 faizi Almaniyadadır. Miqrantlar əsasən Yaxın Şərq (Suriya), Eritreya və digər Afrika ölkələrindən gəlir. Həmçinin Balkan ölkələrindən də Almaniyaya üz tutanlar az deyil.
Almaniya hökuməti sığınacaq məsələsində optimist danışsa da, digər Avropa liderlərini birgə çıxış yolu axtarmağa dəvət edir.
Miqrantlara qarşı antipatiyası getdikcə artan Almaniyanın yerli əhalisi, xüsusilə də neonasist qruplar isə “siyasi etika” və beynəlxalq konvensiyalar barədə düşünmək istəmirlər.
Artıq Almaniyanın bir sıra şəhərlərində neonasistlərin aksiyaları və hətta miqrantlara hücumu da baş verdi. Ən çılğın aksiyalardan biri bazar günü Drezdendə müşahidə olundu. Mindən çox gənc qaçqınlar olan avtobusa hücum etdi, polislə qarşıdurmada 31 asayiş keşikçisi xəsarət aldı.
Bu aksiyaların artmayacağına kimsə zəmanət vermir, lakin digər tərəfdən, miqrantların da Aralıq dənizindən Almaniyaya qədər keçdikləri ərazilərdə sakinlərdə ikrah yaratması, öz aralarında davamlı toqquşmalar avropalıları narahat etməyə başlayıb.
Tomas de Mezyer bu davranışların Almaniyaya layiq olmadığını deyərək, vətəndaşları düşünməyə və özlərini qaçqınların yerinə qoymağa çağırıb: “Bu cür düşünən hər bir insan bir anlıq özünü qaçqının yerində təsəvvür etməlidir. Özünü bu cür aparan hər həs bizim tərəfimizdən qanunla sərt cəzalandırılacaq”.
Almaniya Britaniyaya miqrant qəbulunda sayı artırmaq çağırışı edib, amma London buna elə də tələsmir.
Ötən il Almaniya qaçqınların saxlanılmasına 2 milyard avro xərcləyib, bu il isə bu xərclərin 5 milyarda çatacağı bildirilib.
Almaniya hökuməti bütün yüklənmələrə rəğmən, “dişini-dişinə sıxaraq” bu sınaqdan çıxmağa çalışır.
Bundan əvvəl Merkel bu qaçqın böhranının Yunanıstandakı borc böhranından da təhlükəli olduğunu bildirmişdi.
Lakin Merkel bu həyəcan siqnalı ilə “gəlin, qapıları bağlayaq” da deyə bilməz. Çünki Avropanın bəzi siyasi dairələrində ələ yeni bəhanə düşə bilər.
Digər tərəfdən, büdcənin xərclərlə yüklənməsi, iğtişaşların, xüsusilə də neonasist tendensiyaların artması onun iqtisadi inkişafını da yavaşlada bilər.
Son illərdə Avropanın diktə edən supergücünə çevrilmiş Almaniya üçün xoşagəlməz “sürpriz”lər var və sanki bəzi Avropa liderləri də məhz bunu gözləyirlər.
Berlin bunu bilir, ona görə də, dialoq yolu ilə “Brüssel ailəsi”nin digər üzvlərini bu “ortaq problemi” bölüşməyə razı salmağa çalışır.
Hələ ki, "top" Almaniyanın qapısındadır...
Şərhlər