Qərb bu dəfə Kremli daxildən vurur - Rusiyanı xaos və terror dalğası bürüyəcək

08.03.2024 19:20     A-reaksiya     315

Rusiya daxilində qorxu və xofun yaradılması nəticəsində həm də Kremlə qarşı ictimai etiraz dalğasını gücləndirmək niyyəti güdülür... Ölkədə sabitlik pozularsa, Rusiya təhlükəsizlik orqanları ictimai proseslərə nəzarəti itirərsə, Qərbin Rusiyada Putin hakimiyyətini dəyişdirmək planları baş tuta bilər...

ABŞ və Qərbin Rusiya əleyhinə strateji planları iflasa uğramış kimi görünür. Hələlik Ukrayna savaşında qalibin müəyyən edilməsi mümkün olmasa da, hərbi-siyasi təşəbbüsün Rusiyanın əlinə keçməkdə olduğu müşahidə edilir. ABŞ və Qərb bu situasiyadan ciddi şəkildə narahatdır. Üstəlik, Qərb Ukrayna savaşının maliyyələşdirilməsi prosesində də kifayət qədər ciddi problemlərlə üzləşib. Və belə situasiyada Qərbin yenidən təşəbbüsü ələ keçirməsi üçün daha fərqli taktikaya ehtiyac yaranıb.

Təbii ki, ABŞ və Qərb Rusiyanın Ukrayna savaşında qələbə şanslarının artması ilə barışmaq niyyətində deyil. Ona görə də, böyük ehtimalla yaxın vaxtlarda Rusiyaya qarşı yeni təzyiq mexanizmlərinin işə salına biləcəyi qətiyyən istisna deyil. Çünki Qərbdə qalib Rusiya Avropa qitəsi üçün ən real təhlükə olaraq, görülür. Və Yunanıstan rəsmi dairələri "Rusiya Avropanın düşmənidir" mesajı ilə açıq şəkildə ifadə ediblər.

Ancaq indiki situasiyada Rusiyanın sadəcə, belə siyasi mesajlar ilə qorxudulması o qədər də asan məsələ təsiri bağışlamır. Hər halda, Kreml Ukrayna savaşında müəyyən hərbi üstünlüyə malik olduğunu artıq hiss etməyə başlayıb. Ona görə də, indi ötən ilin ortalarında olduğundan daha inamlı davranmaqla diqqəti çəkir. Və bu baxımdan, Qərbin Rusiyanı yenidən küncə sıxışdıra bilməsi üçün mütləq həm konkret, həm də radikal addımlar atması vacibdir.

231483-5x3-topteaser630x378.jpg (36 KB)

Nə qədər qəribə də olsa, belə radikal addımlardan biri məhz Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilib. Fransa prezidenti Avropa Birliyi və NATO ölkələrini Ukraynaya hərbi kontingent göndərmək ideyasını gündəmə gətirib. Halbuki, Avropa Birliyi və NATO ölkələri bunun qəti şəkildə əleyhinə çıxırlar. Onlar hesab edirlər ki, Rusiya ilə hərbi münaqişəyə birbaşa müdaxilə etmək yolverilməzdir. Və bu, Qərb ölkələri üçün xoşagəlməz nəticələr verə bilər.

Ancaq burada ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, əslində, Fransanın da Rusiya ilə birbaşa hərbi toqquşmaya cəsarəti yoxdur. Sadəcə, rəsmi Paris Qərb ölkələrinin Ukraynaya hərbi kontingent göndərilməsinə qarşı çıxacaqlarını elə əvvəlcədən bilir. Ona görə də, heç vaxt reallaşmayacaq bir təklifi bu qədər rahatlıqla gündəmə gətirir. Prezident Emmanuel Makron belə təkliflərlə, əslində, Avropa Birliyi ölkələri arasında Fransanın liderlik statusu qazanmasına münbit şərait yaratmaq niyyəti güdür.

Maraqlıdır ki, son vaxtlar prezident Emmanuel Makron öz avantürist və absurd təklifinə müəyyən düzəlişlər etməyə də çalışır. Belə ki, o, Rusiyanın Kiyev və Odessanı işğal etmək niyyətinə düşəcəyi təqdirdə, Fransa hərbi kontingentinin Ukraynaya göndərilə biləcəyini vurğulayıb. Yəqin ki, prezident Emmanuel Makron bu fikrindən vaz keçmək üçün yaxın vaxtlarda yeni bəhanələr icad etməkdə çətinlik çəkməyəcək.

ABŞ və Qərb ümumiyyətlə, Ukraynaya hərbi qüvvə göndərmək ideyasına kəskin şəkildə etiraz edir. Belə ki, Ağ Ev ABŞ əsgərlərini Ukrayna savaş poliqonunda peyda olmasını təsəvvür etmədiyini bildirib. NATO-nun baş katibi Yens Stoltenberq də bu hərbi-siyasi blokun Rusiya ilə müharibə niyyətinin olmadığını birmənalı şəkildə vurğulayıb. Və bu, o deməkdir ki, Fransanın təklifləri sadəcə, avantürist mövzular kateqoriyasına aid edilir.

 

Buna baxmayaraq, ABŞ və Qərbin Rusiyaya qarşı yeni savaş taktikası hazırladığı da qətiyyən şübhə doğurmur. Belə ki, Rusiya əleyhinə hibrid savaşın ilkin əlamətləri artıq müşahidə edilməyə başlayıb. Bəzi məlumatlara görə, Rusiyanın cənub bölgəsində silahlı terror qruplarının hərəkətə gətirilməsinə cəhd göstərilir. Hər halda, Rusiya təhlükəsizlik qüvvələri bir neçə gün öncə belə silahı dəstələrdən birinə qarşı antiterror əməliyyatı keçirtmək məcburiyyətində qaldı. Və iddia olunur ki, yaxın vaxtlarda analoji hadisələr Rusiyanın digər bölgələrində də təkrarlana bilər.

Belə anlaşılır ki, Rusiya növbəti prezident seçkiləri ərəfəsində ölkədaxili xaosa məruz qoyula bilər. Bir müddət öncə Rusiya kəşfiyyatı tərəfindən Almaniyanın yüksək rütbəli zabitləri arasında telefon danışıqları ifşa edilmişdi. Həmin telefon danışığında Rusiya üçün strateji əhəmiyyət daşıyan Krım körpüsünün dağıdılması planları müzakirə edilirdi. Bu, reallaşacağı təqdirdə, növbəti prezident seçkiləri ərəfəsində Kreml sahibi Vladimir Putinin ictimai nüfuzuna sarsıdıcı zərbə vurulmuş olacaqdı.

Digər tərəfdən, Rusiyada keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində Qərb siyasi dairələrinin qorxunc xəbərdarlıq mesajları da diqqəti çəkir. Belə ki, ABŞ-ın Rusiyadakı səfirliyi öz ölkəsinin vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Amerikalılara məsləhət görülüb ki, insanların çox olduğu yerlərə, xüsusilə də, kütləvi konsertlərə gedilməsindən imtina etsinlər. ABŞ səfirliyi bu çağırışlarını Rusiya paytaxtı Moskva şəhərində yaxın 48 saat ərzində terror aksiyalarının törədilmə təhlükəsi ilə əlaqələndirib.

Maraqlıdır ki, analoji çağırışlar Böyük Britaniya, Almaniya və bəzi digər Avropa ölkələrinin xarici işlər nazirlikləri tərəfindən də səsləndirilib. Belə anlaşılır ki, Qərb xüsusi xidmət servisləri Rusiyanın iri şəhərlərində terror dalğasının baş qaldıra biləcəyi barədə kifayət qədər ciddi məlumatlar alıblar. Bu barədə məlumatların məhz seçki ərəfəsində yayılması da böyük maraq doğurur. Və Rusiyada seçki prosesinin pozulmasına yönəlik planlı fəaliyyət ola biləcəyi qətiyyən istisna deyil.

 

Belə anlaşılır ki, Qərb xüsusi xidmət servisləri Rusiyanın terror dalğasına məruz qalacağı barədə məlumatlar əldə ediblərsə və bunu qarşı tərəfin kəşfiyyat qurumları ilə bölüşməyiblərsə, deməli, Kreml böyük təhlükə qarşısındadır. Çünki bu, o deməkdir ki, ya terror planlarının hazırlanması Qərb xüsusi xidmət servislərinin iştirakı ilə baş verib. Ya da Rusiyada terror dalğasının baş qaldırması ABŞ və Qərbin maraqlarına uyğun olduğunundan bu barədə məlumatların detalları gizli saxlanılır, yalnız öz vətəndaşlarını ehtiyatlı olmağa çağırmaqla kifayətlənirlər.

Ancaq istənilən halda, beynəlxalq terrorizmə qarşı mübarizə ortaq fəaliyyət olduğundan Qərb kəşfiyyatının davranışları yolverilməz xarakter daşıyır. Ehtimal etmək olar ki, Rusiya prezident seçkiləri ərəfəsində dərin ölkədaxili xaosa sürüklənir. Yəni, Ukrayna savaşında məğlub edilməsi çətinləşən Rusiyanın daxildən vurulmasına qərar verilmiş kimi görünür.

Hər halda, Rusiya daxilində qorxu və xofun yaradılması öz növbəsində həm də Kremlə qarşı ictimai etiraz dalğasını da gücləndirə bilər. Çünki Rusiya daxilində sabitliyin pozulması və mərkəzi hakimiyyətin, eləcə də, təhlükəsizlik orqanlarının ictimai proseslərə nəzarətinin zəiflədilməsi növbəti mərhələdə Kremlin dərin böhrana düçar edilməsi demək olardı. Və bu halda, Qərb siyasi dairələrinin Rusiyada Putin hakimiyyətini dəyişdirmək planlarının reallaşdırılma ehtimalı da ciddi şəkildə arta bilərdi.(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar