Ermənistan o yüksəklikləri geri almaq istəyir – Eskalasiya təhlükəsi
12.03.2024 14:23 A-reaksiya 506
Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Son zamanlar Ermənistanla Azərbaycan arasında sülh istiqamətində ciddi irəliləyişlərin olsa da, hərbi toqquşma riskinin qaldığını deyənlər də var.
Maraqlıdır, reallıq necədir? Bakı İrəvan ilə sülh gündəliyini davam etdirir, yoxsa müharibə riski daha aktualdır?
Reaksiya.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, tərəflər sülh sazişinin imzalanması haqda müsbət açıqlamalar versə də, fikrimcə, bu daha çox diplomatik gedişdən qaynaqlanır:
“Çünki tərəflərdən biri sülh sazişinin imzalanmasının çətinliyi, yaxud önündəki maneələri dilə gətirsə, həmin tərəf “sülhdə maraqlı olmayan” kimi təqdim edilir, heç bir tərəf belə görünmək istəmir, digər tərəfdən, belə diplomatik açıqlamalar təmasların davam etdirilməsi məqsədi daşıyır. Lakin danışıqların gündəliyinə nəzər saldıqda sazişin imzalanması önündə ciddi çətinliklərin olduğu görünür.
Hər şeydən öncə tərəflər arasında fundamental məsələlərlə bağlı fikir ayrılığı var. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayır, lakin Almatı bəyannaməsini irəli sürməklə sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə delimitasiya edilməsini istəyir. Bu, əslində Azərbaycanın ərazi bütövlüyünün yarımçıq tanınması, yaxud SSRİ dövründə otlaq və əkin sahəsi adı altında ermənilərə bağışlanan ərazilərimizin legitimləşdirilməsi deməkdir. Bununla yanaşı, 8 kəndimiz erməni işğalındadır.
Azərbaycan tələb edir ki, indiki mərhələdə Qazaxın anklav olmayan 4 kəndi qaytarılmalı, anklavlar məsələsi ikinci mərhələdə müzakirə edilməlidir. Ermənistan qondarma “31 kənd” iddiası ilə bu istiqamətdə hansısa nəticənin əldə edilməsinin qarşısını alır, buna paralel olaraq, “güzgü prinsipi” ilə qoşunların geri çəkilməsini istəyir ki, bu da ordumuzun bərpa etdiyi dövlət sərhədindən və nəzarət etdiyi strateji yüksəkliklərdən imtina etməsi deməkdir. Yəni rəsmi İrəvanın mövqeyi ortaq məxrəcə gəlməyi çətinləşdirir”.
Ekspert deyib ki, kommunikasiyanın açılması məsələsində də eyni yanaşma var:
“İrəvan Zəngəzur dəhlizinə razı deyil, Bakı “Azərbaycandan Azərbaycana” təklifi ilə prosesi sıfır nöqtədən tərpətmək istəyir, lakin bundan da imtina edirlər.
Bu vəziyyətdə tərəflərin sülh sazişindən uzaq olduğu görünür və fikir ayrılıqlarının dərinliyi bunların tezliklə həlli gözləntisini də azaldır. Belə olan halda regionda situasiyanın dəyişməsi prosesdə irəliləyişə səbəb ola bilər. Təbii ki, Azərbaycanın gündəliyi dəyişməycək, təkcə ona görə yox ki, haqlıdır, həm də qalib tərəfdir, eyni zamanda, sülh sazişi imzalanmasa, hər şey indiki kimi qalsa belə, itirən tərəf biz deyilik. Ermənistan “dalan ölkə” olaraq qalır və Qərblə yaxınlaşması İrəvanın iki “həyat mənbəyi” hesab edilə biləcək Rusiya və İran qapısını da zamanla üzünə bağlaya bilər.
Bu baxımdan, Ermənistanı dəstəkləyən Qərb qüvvələri, xüsusilə Fransanın bu imkanları tükənərsə və İrəvanın döyməyə qapısı qalmasa, o zaman, reallığı anlayacağını və sülh sazişini imzalamayacağını hesab etmək olar. Mövcud vəziyyətdə isə çətin görünür.
Bu vəziyyət qeyri-müəyyənlik yaradır və təbii ki, qeyri-müəyyənlik sabitliyin pozulması, gərginliyin artması ilə nəticələnir. Azərbaycan və Ermənistan arasında böyük müharibənin olması gözləntisi azdır, lakin müəyyən miqyaslarda eskalasiyalar zaman-zaman yaşana bilər. Xüsusilə Qərb qüvvələrinin region üzərindəki planları fonunda Ermənistanın sərhəddə təxribatlar törətməsi gözləntiləri var və belə təxribatlar eskalasiyanı körükləyə bilər”.
Şərhlər