Keçmiş müstəmləkəçi və yeni diplomatiya - TƏHLİL
25.08.2015 14:32 A-reaksiya 2705

İran 4 illik fasilədən sonra Böyük Britaniyadakı səfirliyini yenidən açdı.
Həmçinin Tehranda da Böyük Britaniya səfirliyinin açılışı oldu və iki dövlət arasındakı diplomatik münasibətlər yenidən bərpa olundu.
Tərəflər diplomatik münasibətləri 2011-ci ildə pozmuşdular. Həmin ilin noyabrında İranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) hesabatı əsasında Britaniya İrana qarşı sanksiyalar tətbiq etmiş, buna reaksiya olaraq isə iranlı gənclər və BƏSİC üzvləri Tehranın müxtəlif rayonlarında olan səfirlik binalarına hücum etmiş, bəzi sənədləri götürmüşdülər. Buna cavab olaraq isə Britaniya iranlı diplomatları ölkədən qovmuşduş.
Dörd ildən sonra münasibətlərin yenidən bərpa olunması dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
Vyana sazişi ilə üzərinə müəyyən öhdəliklər götürmüş İran indi sanksiyaların qaldırılacağına ümid edir. 14 iyul sazişindən sonra Avropa dövlətlərinin İrana olan marağı artmaqdadır, həmçinin Böyük Britaniya xarici işlər naziri Filipp Hammond da İİR-lə krallıq arasında siyasi-iqtisadi əlaqələrin bərpa olunmasında maraqlı olduqlarını bildirib.
Avqustun 24-də Hammondla İran prezidenti Ruhani arasında baş tutan görüş zamanı da maraqlı məqamlar nəzərə çarpıb. İİR prezidenti nüvə razılaşmasını “iki ölkə arasında münasibətlərin yaxşılaşmasına proloq” adlandırıb: “Biz bu sazişi beynəlxalq və regionlararası münasibətlərdə yeni atmosferin formalaşmasına doğru yeni yol hesab edirik”.
Həsən Ruhani qarşı tərəfin də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyinin vacibliyini vurğulayıb: “İİR Kompleks planda bildirilən bütün könüllü öhdəliklərə sadiqdir çünki İran nüvə silahı əldə etməmək barədə qəti və dönüşsüz qərar qəbul edib, öz nüvə obyektlərini də BAEA-nın nəzarətinə təqdim edib”.
Hərbi variantlar və sanksiyalara qayıdış barədə söhbətlərə də toxunan Ruhani bunları “səfeh və yersiz zarafatlar” adlandırıb, lakin danışıqlar prosesinə və qarşılıqlı etimada zərbə vurmasını da istisna etməyib.
Görüş zamanı İran prezidentinin səsləndirdiyi fikirlərə diqqət etsək, burda yalnız şablon diplomatik bəyanatlara yox, konkret addımlara çağırışlar var. ABŞ Konqresindəki və Aİ-nin bəzi dairələrindəki tərəddüdləri də nəzərə aldıqda, İranın niyə bu qədər tələbkar olduğunu da anlamaq olar.
Artıq neçə ildir danışıqlar gedir və nəhayət ki, saziş də imzalanıb, amma sanki nə isə qarşılıqlı etimadın yaranmasına mane olur.
Şübhəsiz ki,bu tərəddüdlərdə İranın güclənməsi ehtimalına ehtiyatlı yanaşma da var, İsrail və ərəb monarxlarının narahatlığı da.
Belə bir məsəl var: “Yalançını mənzilinə qədər qovarlar”. İran da hazırda bu məsələ uyğun olaraq, Avropanın “səmimiyyətini yoxlayır”. Qarşı tərəfin atacağı addımlar İranın sonrakı siyasi kursuna da təsir edə bilər.
Lakin görünən odur ki, Aİ-nin əsas siyasi və biznes dairələri, eləcə də iri enerji şirkətləri İranla yaxınlaşmaya maraqlıdırlar. Ən azından, bu, onlar üçün dəsınaq olacaq.
Tehranla yaxınlaşma London üçün iqtisadi əlaqələrdən daha çox məna kəsb edir. Hələ 100 il əvvəl Yaxın Şərq, Hindistan və eləcə də İran ərazilərində əsas güc olan Böyük Britaniya II Dünya Müharibəsindən sonra bölgədən çəkilməli oldu. İran bazarındakı Britaniya varlığı da “sönməyə” başladı.
Bir vaxtlar İran Böyük Britaniyanın protektoratı halında idi, Səttarxan, Xiyabani və Pişəvəri kimi şəxslərin müxtəlif illərdə başladığı hərəkatlar da məhz Böyük Britaniya qüvvələrinin köməyi ilə boğulub. Səfəvi və Qacar sülalələrinə məxsus bir çox daş-qaş, şahlıq atributları məhz Londonda saxlanılır.
II Dünya Müharibəsi zamanı Almaniya faşistləri ilə yaxınlaşan Rza Şah devrilsə də, Britaniyanın köməyi ilə onun yerinə gələn oğlu Məhəmmədrza Şah daha çox ABŞ-a yaxınlığı ilə seçilirdi.
İran İslam İnqilabı isə Qərb kapitalizmini İrandan kənarlaşdıraraq, yeni bir məhələ başlatmış oldu.
Hazırda yeni mərhələ kimi İrana sanksiyaların aradan götürülməsi görünür. Bu fürsətdən isə Avropanın iri maliyyə qrupları, o cümlədən RDS və BP kimi enerji şirkətləri də yararlanmaq arzusundadır.
Şərhlər