Merkel və Olland Putinlə sazişə gedəcək? - TƏHLİL

25.08.2015 18:20     A-reaksiya     2405

Ötən gün Berlində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Pyotr Poroşenko bir araya gələrək, Donbassdakı münaqişəni müzakirə etdilər.

Poroşenko ilə bir saat ərzində görüşən Avropa liderləri vurğulayıb ki, onlar əvvəlki kimi münaqişənin dinc yolla həllinin tərəfindədirlər və Mins razılaşmasının müddəalarına əməl edilməsini vacib sayırlarlar.

Bir çox ekspertlərin dediyi kimi, bu görüş sanki Rusiya prezidenti Vladimir Putinlə “hazırlıq görüşü” idi.

Görüşdən sonra Merkel bildirib ki, Minsk müqaviləsinə tam riayət olunmur və bu, yeni qurbanlara səbəb olur: “Bütün mümkün olanı etməliyik ki, atəşkəs rejimi real olsun”.

ATƏT-in münaqişə zonasında var gücü ilə işləməsinin vacibliyini vurğulayan Almaniya kansleri qeyd edib ki, bu görüş Normandiya formatına kölgə salmır və görüşdən dərhal sonra müzakirə olunan məsələlər barədə Putinə də məlumat verəcək.

Fransua Ollan da Minsk müqaviləsi və atəşkəsi qorumaqdan danışıb. Avropalı liderlər Poroşenkonun əvəzinə də bildiriblər ki, “biz hamımız atəşkəs rejiminin qorunmasının tərəfindəyik”.

Poroşenko isə yenə də sülhün pozulmasında məsuliyyəti Rusiyada gördüyünü deyib: “ Təəssüf ki, Rusiyavə onun dəstəklədiyi döyüşçülər bölgədə sülhün və sabitliyin bərqərar olunmasına təhlükə yaradırlar”.

Maraqlıdır ki, bu danışıqlarda iştirak etmək üçün “böyük arzu” ifadə edən Polşa prezidenti hələ yada düşmür.

Qərbin ritorikası sülh üzərində əsaslansa da, Poroşenkonun son zamanlar verdiyi emosional bəyanatların fonunda Avropa liderləri xeyli təmkinli və sakit görünürlər.

Poroşenko Aİ-dən 3 şey istəyir: Kreditlər, silah yardımı və Rusiyaya təzyiqlərin artırılması.

Avropa liderləri Aİ üzvü Yunanıstana belə yardım edə bilmirlər, digər tərəfdən Ukraynaya da dəstək olmalıdırlar. Hər halda kreditlər ayrılır, Ukrayna BVF-dən də borclarını günü-gündən artır.

Hərbi dəstək də verilir. Ukrayna artıq hərbi sənaye kompleksini xarici şirkətlərin “ixtiyarına təqdim edib”.

Çünki Ukraynanın müdafiə sənayesi müəssisələri artıq köhnəlmiş vəziyyətdədir, ciddi investisiya tələb edir. Digər tərəfdən, atəşkəs rejiminin Ukraynaya verdiyi yeganə divident odur ki, Kiyev bir tərəfdən ölkəyə investorlar cəlb edə, digər tərəfdən də ordunu gücləndirə bilər.

Atəşkəs rejimi Rusiyaya da sərf edir, separatçılara da. Lakin bir məsələ var: NATO bu atəşkəs dövründə hansı addımlar atacaq?

Çox güman ki, atəşkəsin qorunmamasına da əsas səbəblərdən biri məhz elə bu məqamdır.

Ukraynanın sözü isə böyük rol oynamır. Merkel və Olland Avropanın da, Ukraynanın da adından danışıqların taleyinə yön verə biləcək. Fakt odur ki, nə ABŞ, nə Aİ Rusiyaya təzyiqləri artırmaq niyyətində görünmür.

Merkel və Olland Putinlə sazişə gedəcəkmi?

Açıq-aydın görünür ki, bu sazişdə Aİ liderləri Rusiya liderindən daha maraqlıdır.

Şərhlər