Ursula Fon der Lyayen mövqeyini, Rusiya və Türkiyə narahatlığını bildirdi - İran isə susur...
05.04.2024 11:56 A-reaksiya 487
Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib.
ABŞ-ın dövlət katibi Blinkenlə telefon danışığında olduğu kimi, bu söhbət zamanı da Brüsseldə keçirilməsi nəzərdə tutulan ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün təfərrüatları müzakirə olunub.
Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
Təbii ki, bu zəngin məqsədi də mövqelərin izah olunması ilə bağlıdır.
ABŞ dövlət katibi kimi, AK prezidenti də Prezident İlham Əliyevə zəng edərək 5 aprel görüşünə dair mövqelərini bildiriblər.
ABŞ və Aİ rəhbərliyinin zəngi və vəziyyəti izah etməyə çalışması, İlham Əliyevlə məsləhətləşməsi Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun, çəkisinin göstəricisidir.
Xüsusilə də Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bölgədə əsas gücdür və bu gücü Ermənistan kimi niyyəti və məqsədi bəlli olmayan dövlətə görə heçə saymaq heç bir ağıllı siyasətçinin, strategiya ilə davranan dövlətin üsuluna uyğun deyil. Azərbaycan böyük gücdür və hər kəs bu gücün yanında olmaq, bu gücü yanına almaq istəyir. Azərbaycanın müstəqil siyasəti var və istənilən beynəlxalq məsələdə Azərbaycan Prezidenti heç zaman dövlətinə, xalqına zidd qərarlar vermir. Qərbi narahat edən məsələ də elə budur- Azərbaycanın düşünülmüş və balanslı siyasəti.
Əslində, Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir.
Məsələn, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid etməsini yada salaq. Deyirdi ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Yaxud da başqa bir fikir- “Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər”, “Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar vəziyyəti sakitləşdirməyə kömək etmir”.
Hazırda əsas gündəm olan və ətrafında müzakirələr aparılan üçtərəfli görüşə qayıdaq. Bu məsələ ilə bağlı Rusiya və Türkiyə də öz narahatlığını ifadə edib.
Rəsmi Ankara bu gün bəyan edib ki, 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur.
Bildirilib ki, Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq: “Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, görüşü yaxından izləyəcəklərini və 5 apreldə atılacaq imzaların region üçün müsbət nəticə verməyəcəyini qeyd edib.
Elə bu bəyanatlardan görünür ki, görüşün sabitlik üçün təhlükə olmasını təkcə Azərbaycan deyil, digər region ölkələri də yaxşı başa düşürlər və buna qarşıdırlar.
Region ölkələri arasında bu məsələyə susan yalnız İrandır. Qəribəsi də budur ki, indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox "qırmızı xətdən" danışan məhz İran olub. Ancaq indi İran susur. 30 il Azərbaycanın haqq səsinə dəstək vermədiyi, susduğu kimi... İstisna deyil ki, indi də İran Qərbin Cənubi Qafqaz planlarında yer alır. Ermənistanın əsas dəstəkçisi kimi Qərbdə Fransa, regionda isə İran çıxış edir. Fransanın İrəvandakı səfiri Olivye Dekottinin ötən günlərdə verdiyi açıqlama əslində çox şeydən xəbər verir.
Səfir açıqlamasında demişdi: “İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanla bağlı eyni mövqedəyik”... İran hələ ki, hadisələrə “kor baxır”. Ancaq unutmamalıdır ki, regionda əlavə qüvvələrin yerləşməsi İranın özü üçün də təhlükədir.
Şərhlər