Gizli savaş açıq müstəviyə keçdi – Britaniyadan həmlə
05.04.2024 12:13 A-reaksiya 288
Dünyada isti müharibələrlə yanaşı, haker savaşları də davam edir. Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. İndi Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb, diqqət Çinə yönəlib.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, ABŞ, Böyük Britaniya və Yeni Zelandiya Çini haker hücumlarında ittiham edib:
“Rəsmilərin fikrincə, bu hücumlar adıçəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.
Pekin bu ittihamları rədd edib. Əksinə, Pekinin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çin xarici işlər naziri Van Yi münasibət bildirib. Onun sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi var. Həqiqətən ABŞ-nin siyasət və iqtisadiyyatda əsas rəqibi Çindir.
London da Çinə qarşı fəallığını artırıb. Kiberhücumlarla bağlı Çinin Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona Londonun etirazı bildirilib. Çinin kiberhücumları zamanı Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının oğurlandığı açıqlanıb. Halbuki hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilmişdi”.
Ekspertlər xatırladırlar ki, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib:
“Dehli Pekini Hindistanın enerji sektoru və hökumətin kompüter sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif kompüter sistemlərinə zərər vurmaq imkanına malikdir”.
Şərhlər