NATO-nun Rusiya ilə savaş planı reallığa çevrilir: Kremlin Avropadakı hədəflərinin "fəlakət xəritəsi" də yayıldı

16.08.2024 22:29     A-reaksiya     425

Həm NATO, həm də Rusiya Ukrayna savaşından kənar birbaşa hərbi toqquşmaları qətiyyən istisna etmir, ona görə də, genişmiqyaslı savaş strategiyası da artıq hazırlanıb... Bu isə o deməkdir ki, Ukrayna savaşının qlobal savaşa çevrilmə ehtimalı indi daha inandırıcıdır və hətta bu, ən yaxın vaxtlarda faciəvi reallığa çevrilə bilər...

Ukrayna savaşı artıq mövcud başlanğıc sərhədlərini açmış oldu. Bir müddət öncəyə qədər bu, o qədər də inandırıcı görünmürdü. Hətta bunun heç vaxt mümkün olmayacağını isbat etmək üçün müəyyən arqumentlər də gündəmə gətirilirdi. Xüsusilə də, Rusiyanın hərbi potensialının daha üstün olması barədə ehtimallar ön plana çıxarılırdı. Və bununla da Ukrayna savaşının yalnız Rusiyanın nəzarətində qalacaq bir müharibə modeli olduğu vurğulanırdı.

Ancaq həmin dövrdə dəfələrlə bu mövqenin yanlış olduğunu sübuta yetirən arqumentlər də sadalanmışdı. Belə davam edərsə, Ukrayna savaşının əvvəl-axır daha geniş areala yayıla biləcəyi barədə kifayət qədər inandırıcı xəbərdarlıq mesajları da verilmişdi. Üstəlik, bu halda, baş verə biləcək olduqca təhlükəli proseslər barədə də müəyyən mülahizələr müzakirəyə çıxarılmışdı. Və bu, onu göstərir ki, Ukrayna savaşı nə vaxtsa, ümumiyyətlə, nəzarətdən tamamilə çıxa bilər.

1658653216_emcode_490f0c581f8b1444a8fa88fd987c9b0c.jpg (117 KB)

Onu da qeyd etmək lazımdır ki, indi artıq vaxtilə kəskin müzakirə və mübarizə mövzusu olan situasiya yaranmağa başlayıb. Belə ki, Ukrayna savaşı öz əvvəlki arealını artıq aşıb. Müharibə poliqonuna indi Rusiya ərazisi də daxil olunub. Kreml üçün nə qədər gözlənilməz olsa da, hərbi əməliyyatlar Rusiya ərazisinə sıçrayıb. Rusiya ordusu isə ölkənin sərhədlərinə nəzarəti yenidən bərpa etməkdə ciddi çətinliklərlə üzləşib. Və Kreml çaşqın vəziyyətdə olmaqla yanaşı, həm də çarəsiz görünür.

Belə anlaşılır ki, Ukrayna savaşı nəhayət, bu müharibəni ssenarilışdirənlərin planlarına uyğun istiqamət almağa yönəlib. Hər halda, indi müharibə həm Rusiya ərazisinə sıçrayıb və Kreml yeni situasiyaya tamamilə hazırlıqsız yaxalanıb. Yəni, Kremlin savaş poliqonunda situasiyanı öz xeyrinə dəyişməyə nail olması üçün artıq xeyli zaman və əlavə hərbi potensial, eləcə də, maliyyə-iqtisadi resursların sərf olunmasına ehtiyac yanacaq. Halbuki, Kremlin ixtiyarında hazırda belə hərbi və iqtisadi potensialın olduğu bir qədər şübhə doğurur. Və bu baxımdan, Qərb siyasi dairələri yaxın aylarda gələcəyə yönəlik planlarını dəqiqləşdirmək üçün əlavə zaman qazanmış kimi görünürlər.

Maraqlıdır ki, ABŞ və Qərb Ukrayna savaşını ssenariləşdirərkən daha uzaqgedən hədəflərə malik olduqlarını da qətiyyən göstərmirdilər. Hər halda, Qərbdə bu savaşla kifayətlənməyəcəkləri açıq-aşkar nəzərə çarpırdı. Xüsusilə də, Ukrayna savaşından sonrakı mərhələyə əsasən iki variant üzərindən - Rusiyanın məğlubiyyəti və qələbəsinə bağlı ehtimallardan yanaşılırdı. Çünki savaşın başlanğıc mərhələsində bu variantlardan hansının reallığa daha yaxın olduğunu müəyyən etmək mümkün deyildi. Və bu səbəbdən də Qərbin ehtiyat variantları artıq mövcud idi.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Məsələ ondadır ki, Qərbin əsas strateji hədəfləri məhz Rusiyanın hərbi məğlubiyyətinə bağlı ehtimal üzərində qurulub. Qərb siyasi dairələri Ukrayna savaşı vasitəsilə zəiflədilərək, Rusiyanın sərhədləri daxilinə sıxışdırılmış Kreml hədəfinə can atır. Bu halda, Qərbin Rusiya ilə bağlı problemləri böyük ölçüdə sıradan çıxarılmış ola bilər. Yəni, beynəlxalq məkanda Kremlin siyasi iradəsinin əhəmiyyətsiz faktora çevrilməsi də mümkündür. Və bu, o deməkdir ki, Qərb Rusiyanı dünyada hegemonluq rəqabətində görmək istəmir.

Ancaq Rusiyanın Ukrayna savaşında hərbi qələbəsi Qərb üçün əsl fəlakət variantı hesab olunur. Çünki bu halda, Kreml ABŞ və Qərbə Rusiyanın siyasi iradəsini diqtə etmək şansı qazana bilər. Ümumiyyətlə, Rusiyanın Ukrayna savaşında qələbəsi ABŞ və bütövlükdə isə NATO-nun strateji məğlubiyyəti anlamına da gələ biləcək ssenaridir. Üstəlik, bu ssenari reallaşarsa, Avropa məkanı tamamilə Rusiyanın təsir dairəsinə də düşə bilər. Və Kreml "qoca qitə"dən üzləşəcəyi istənilən müqavimət cəhdinə dərhal Rusiyanın Avropaya hərbi müdaxiləsi ilə cavab vermək imkanı qazanardı.

Təbii ki, Qərbdə bu variantın reallaşma ehtimalından ciddi əndişə duyulur. Ona görə də, Ukrayna ordusunun hazırda Rusiya ərazisində hərbi əməliyyatlar keçirməsi Qərbdə müəyyən mənada, gələcək planlara əminlik yaradıb. Halbuki, Qərb siyasi dairələrinin Rusiyanın qələbəsinə yönəlik ən arzuolunmaz varianta da artıq hazır olduqları qətiyyən şübhə doğurmur. Belə ki, bəzi məlumatlara görə, NATO Şərqi Avropa regionunda genişmiqyaslı hərbi əməliyyatlar üçün yetərli sayda canlı qüvvə və döyüş texnikası cəmləşdirib.

Üstəlik, NATO Rusiyanın Qərb sərhədlərinə topladığı hərbi kontingenti ehtimal olunan savaşa hazırlamaq üçün bir neçə genişmiqyaslı hərbi təlimlər də keçirib. Bununla da Kremlə NATO-nun Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda olması barədə açıq xəbərdarlıq mesajı verilib. Və Kreml üçün belə mesajların kifayət qədər arzuolunmaz xarakter daşıdığı isə Rusiya siyasi dairələrinin reaksiyalarından açıq-aşkar müşahidə olunur.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Məsələ ondadır ki, Kreml Rusiya və NATO arasında hərbi toqquşmaların olmasında qətiyyən maraqlı deyil. Çünki Kremldə anlayırlar ki, Rusiyanın NATO-ya qalib gəlmə şanslarına yalnız sadəlövhlər inanar. Hər halda, NATO-nun kənardan dəstək verdiyi Ukrayna ordusu ilə qarşıdurmaya çətinliklə duruş gətirən Rusiyanın bu hərbi-siyasi alyansla birbaşa toqquşmaya tab gətirməsi real görünmür. Bu isə o deməkdir ki, Kreml mümkün olduğu qədər bu təhlükədən Rusiyanı yayındırmağa məcburdur. Və Ukrayna ordusunun Rusiya ərazisinə belə rahatlıqla girə bilməsindən sonra bu, daha da açıq şəkildə etiraf edilə biləcək bir reallıqdır.

Bütün bunlara baxmayaraq, NATO kimi, Rusiya da ehtiyat variantların hazırlanmasına ehtiyac duyur. Qərb siyasi dairələrinin iddialarına görə, Kremlin NATO ilə savaş strategiyası artıq hazırlanıb. Həmin strategiya hələlik daha çox Avropa ölkələrinə uzaqmənzilli ballistik raketlər ilə dəqiq zərbələrin endirilməsini ön planda tutur. Qərb siyasi dairələri iddia edirlər ki, Kreml ilk növbədə Avropa ölkələrinin həyati əhəmiyyət daşıyan strateji obyektlərini hədəfə almağı planlaşdırır. Və bununla da, "qoca qitə"də həyat şərtlərinin, eləcə də, Rusiyaya müqavimət imkanlarının iflic edilməsinə ümid bəslənilir.

Göründüyü kimi, hər iki tərəf artıq Ukrayna savaşından kənar toqquşmaları istisna etmir. Ona görə də, həm NATO, həm də Rusiya birbaşa toqquşmaların baş verəcəyi təqdirdə, genişmiqyaslı savaş strategiyası da hazırlayıb. Bu isə o deməkdir ki, Ukrayna savaşının qlobal savaşa çevrilmə ehtimalı indi daha inandırıcı görüntülər alıb. Və hətta Ukrayna savaşının öz arealını genişləndirməsi ilə bu, ən yaxın vaxtlarda reallığa çevrilə bilər.

Şərhlər

Çox oxunanlar