Bakı sentyabra hazırlaşır: İrəvana yeni hərbçilər göndərilə bilər

16.08.2024 22:41     A-reaksiya     474

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək. Məlumata görə, Fransa prezidenti bu səfərlə İrəvanı dəstəklədiyini bir daha vurğulamaq istəyir.

Bu səfər çərçivəsində hansı məsələlər müzakirə edilə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi analitik Fuad Şahbazov deyib ki, Emmanuel Makronun Ermənistana səfəri uzun müddətdir müzakirə olunur:

“Ermənistan hökuməti əslində Makronun səfərini 2021-2023-cü illərdə gözləyirdi. Amma müəyyən səbəblərdən səfər 2024-cü ilə qədər təxirə düşdü. Bu, daha çox Fransanın daxilində baş verən proseslər və xarici siyasətində dəyişən dinamika ilə bağlıdır. Rusiyanın artan təzyiqi, Kreml rəsmilərinin İrəvan hökuməti ilə bağlı tez-tez tənqidlər səsləndirməsi və İran-İsrail gərginliyinin artması fonunda Ermənistanın belə bir səfərə ehtiyacı var idi. Nikol Paşinyan düşünür ki, Makronun gəlişi ölkənin beynəlxalq imici, siyasi və iqtisadi dəstəyin verilməsi baxımından mühüm rol oynayacaq”.

Analitikin sözlərinə görə, gözlənilən səfər çərçivəsində Bakının maraqlarına zidd olan bir sıra bəyanatların səsləndirilməsi istisna deyil:

“Bu da Azərbaycanın Qarabağ ermənilərinə qarşı guya “etnik təmizləmə” aparması kimi əsassız iddiaları özündə əks etdirəcək. Rəsmi Bakı sırf bu baxımdan Makronun sentyabrdakı səfərinə hazırlaşacaq. Fransa prezidentinin qərəzli bəyanatlarına Azərbaycan XİN-in cavabları gecikməyəcək.

Fransanın Ermənistana birbaşa və təmənnasız dəstək verməsi qeyri-realdır. Makron və komandasının nüfuzunun sarsılması İrəvana sözügedən dəstəyin göstərilməsinə mane olur. ABŞ-ın etdiyi kimi, fransalı hərbçilərin konsultasiya məqsədilə Ermənistana göndərilməsi mümkündür. Onlar erməni hərbçilərə təlim keçərək yardım edə bilərlər”

Şərhlər

Çox oxunanlar