NATO-ya gedən yol və Tiflisdə dəmiryolu panikası - TƏHLİL
26.08.2015 12:35 A-reaksiya 2543

Gürcüstanda yenidən Rusiya ilə müharibə başlayacağı barədə həyəcan yaşanır.
Rusiya Müdafiə Nazirliyinin dəmiryol qoşunlarının 50 xüsusi texnikası və 500-dən çox hərbçisi dəmirylunun Oçamçir stansiyasından İnquri çayına qədər olan hissəsinin bərpa edilməsi üçün Gürcüstanın separatçı Abxaziya bölgəsinə yeridilib.
Tiflisdəki siyasi dairələr 2008-ci il hadisələrinin təkrarlanmasından narahat olduqlarını bildiriblər və Rusiyanın bu addımını “təcavüzkar təxribat” adlandırıblar.
Suxumidən Rusiyaya ilk elektrik qatar isə 2011-ci ildə işə düşüb.
Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov qoşunların Abxaziya ərazisindən keçən yeridildiyini açıqlayıb. Abxaziyadan keçən dəmiryolunun böyük hissəsi “Soçi-2014” Olimpiya Oyunları ərəfəsində təmir olunub. Oyunlara hazırlıq üçün çınqıl daşınmasında bu dəmiryolundan istifadə edilib.
Rusiya Dəmir Yolları (RJD) uzun müddət Abxaziya və Cənubi Osetiyada dəmiryolu layihələrinin maliyyələşməsindən imtina edib. Lakin son zamanlar bu və digər istiqamətlərdə müəyyən aktivləşmə var və separatçı respublikalarda infrastrukturun bərpasında Rusiyanın dəstək göstərməsi Qərb siyasiləri və ekspertlər tərəfindən də birmənalı qarşılanmır.
Ekspertlərin fikrincə, bu, NATO və Aİ-nin Gürcüstanda möhkəmlənmək üçün atdıqları addımların cavabıdır.
Oçamçirə qədər dəmiryolu “Olimpstroy” tərəfindən təmir edilsə də, Oçamçirdən mübahisəli Qalski rayonuna qədər heç bir tədbir görülməmişdi.
Qeyd edək ki, sözügedən dəmiryoluna İrəvan da göz dikib. Avrasiya İqtisadi Birliyinin digər üzvlərinin heç biri ilə həmsərhəd olmayan Ermənistan Gürcüstan ərazilərindən Suxumiyə, dolayısı ilə Rusiyaya “çıxmaq” arzusundadır.
Lakin Tiflis sərt şəkildə bu dəmiryolunun nəzarət etdiyi ərazilərdən keçməsinin əleyhinədir.
Elə Suxumidə də Gürcüstanla əlaqələrin “birdən” bərpa olunmasını xoş qarşılamırlar. Bəzi abxaz gənclərinin bu yaxında Tiflisdə “Barselona” və “Sevilya” klubları arasında keçirilmiş “Superkubok” görüşünə getməsi Abxaziyada qınaqla qarşılanmışdı.
Bəzi ekspertlərin fikrincə, dəmiryolunda bərpa işlərinin NATO baş katibinin Gürcüstana səfəri ərəfəsində gündəmə gəlməsi heç də təsadüfi deyil və Moskva tərəfindən mesaj xarakteri daşıyır.
Belə ki, dəmiryolu “birləşdirici” amildir, həm də, Suxumidən Tiflisə məsafə o qədər uzaq deyil. Bunu Tiflis də, Brüssel də bir daha yada salmalı, nəzərə almalı olacaq.
Yens Stoltenberqin Tiflisə ikifünlük səfəri zamanı Gürcüstanın alyansa inteqrasiya məsələləri müzakirə olunacaq.
Gürcüstan XİN-in açıqlamasına görə, Stoltenberq Tiflisdə Gürcüstanın NATO-ya inetqrasiyasına dair bir neçə məsələni və planlaşdırılan addımları, həmçinin NATO-nun Varşava sammitini nəzərdən keçirəcək.
Stoltenberqin Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlament spikeri David Usupaşvili və XİN başçısı Tamar Beruçaşvili ilə görüşləri planlaşdırılır.
Hazırda Gürcüstanda NATO İnformasiya Mərkəzi fəaliyyət göstərir. Alyans ilə Gürcüstan arasında əlaqələr yetərincə yaxşı səviyyədədir.
Lakin bu münasibətlərin daha da inkişaf etdirilməsi ehtimalı hələ sual altındadır.
Çünki Saakaşvilidən sonra Gürcüstanın xarici siyasətində bir sıra dəyişikliklər olub, xüsusilə də Rusiyaya qarşı əvvəlki sərt ritorika hiss olunmur. Həmçinin Aİ və NATO-ya inteqrasiya prosesi də ehtiyatla aparılır.
Bu məsələdə də, çox güman ki, rəsmi Tiflis Moskvanı qıcıqlandıran və radikal tədbirlərə sövq edən addımlardan çəkinəcək.
Şərhlər