Yeni Balkan böhranı: Avropadan kömək gələcək? - TƏHLİL

26.08.2015 20:20     A-reaksiya     2944

Yunanıstandakı borc böhranı, həmçinin Aralıq dənizi vasitəsilə gələn qaçqın axını digər Balkan ölkələrini də ciddi şəkildə narahat edib.

Yunanıstan böhranı ilk növbədə Bolqarıstanın avrozonaya qoşulması yönündə tərəddüdlər yaradıb.

Sosial sorğu nəticələrinə görə, ölkədə əhalinin cəmi 17 faizi ölkədə avronun tətbiqinin lehinədir, 55 faizi isə avrozonaya daxil olmağa qarşıdır.

Sorğuda iştirak edənlərin 30 faizi isə cavab verməkdə çətinlik çəkib. Bolqarıstanın siyasi dairələrində də bu məsələdə tərəddüdlər var. Hazırda Bolqarıstan levinin kursu avroya bağlıdır, 2013-cü ildən Bolqarıstanın avrozonaya qoşulması ehtimalı nəzərə alınaraq, avronun üzərinə kirilcə də yazı əlavə olunub. Bir levin dəyəri 0,51 avro kursunda dəyişir.

2015-ci ilin əvvəlindən bəri Bolqarıstanda 9,2 min nəfər sığınacaq üçün müraciət edib. Makedoniyadan fərqli olaraq, Bolqarıstan Aİ üzvüdür, lakin “Şengen sazişi”nə daxil deyil. Yaxın Şərqdən  gələn miqrantların əksəriyyəti Bolqarıstana Türkiyədən keçir. Bu yolu bağlamaq üçün, Bolqarıstan sərhəd boyu 30 kilometr uzunluğunda divar tikir.  Bundan başqa, rəsmi Sofiya Yunanıstan tərəfdən də minlərlə qaçqının keçməsinə görə, bu ölkə ilə sərhəd ərazilərə hərbçilər göndərib.

Yunanıstandakı böhranın ardınca Yaxın Şərqdən mühacirlərin axını, həmçinin işsiz yunanların qonşu ölkələrə üz tutması Bolqarıstan, Rumıniya, Makedonia kimi ölkələri çıxılmaz vəziyyətə salıb. Sərhəd ərazilərində yaşayan sakinlər arasında narazılığa səbəb olunan qaçqınlar dəmiryolu stansiyalarında çoxminlik növbələr yaradıblar.

Bu cür narahatlıqlar Macarıstanda da var. Məsələn, Macarıstan Serbiya ilə sərhəd boyunca 175 kilometrlik divar tikir, bu işlər isə yayın axırında sona çatacaq. Macarıstana miqrant aıxnı yalnız Yaxın Şərqdən gəlmir, həmçinin Ukraynadan da Macarıstana axın edən, müxtəlif vasiətlərlə macar pasportu alıb Qərbi Avropaya keçməyə çalışan ukraynalıların sayı gündən-günə artır. Macarıstana müracət edən 124 min ukraynalının yarısından çoxu sənədlərdə saxtalaşdırma apardığı üzə çıxıb. Onların əksəriyyətinin macar dili bilgisi ilə bağlı səhv məlumatlar qeyd etməsi göstərilir.

“Avromaydan”dan sonra Avropaya üz tutan ukraynalıların bir qismi Polşa üzərindən, bir qismi isə Balkan ölkələri üzərindən bunu etməyə çalışır.

Qaçqın axını, miqrantların yerləşdirilməsində ölkələr arasındakı fikir ayrılığı Balkan ölkələri arasında onsuz da çox xoş olmayan münasibətləri daha da gərgin edib.

Cümə axşamı Vyanada keçiriləcək Qərmi Balkan liderlərinin sammitində də qaçqınlar məsələsinin əsas müzakirə mövzusu olacağı gözlənilir. Sammitdə bu il 800 min qaçqın rekordu ehtimalı ilə üz-üzə qalan Almaniya kansleri Angela Merkelin və onun avstriyalı həmkarı Verner Faymanın da iştirakı gözlənilir.

Yunanıstan böhranının ardınca qaçqın böhranı da Avropanı bərk təşvişə salıb və Qərbi Balkan dövlətlərinin iqtisadiyyatı üçün ciddi təhdidlər yaradıb. Qərbi Balkan ölkələrinin iqtisadi perspektivlər və Avropa perspektivləri mövzusunda keçiriləcək yüksək səviyyəli konfransa  Balkan ölkələrinin baş nazirləri, xarici işlər və iqtisadiyyat nazirləri qatılacaq.

Merkel və Faymanın patronajlığı altında keçəcək bu toplantıda mühüm infrastruktur layihələrinin gerçəkləşməsinə ümidlər böyükdür.

Həmçinin Aİ-yə inteqrasiya prosesində Brüsselin dəstəyini gözləyən region dövlətləri Rusiya ilə münasibətlərin də nisbətən yumşaldılmasını gözləyir.

Belə ki, bu yaxınlarda Türkiyədən Avstriyaya qədər “Tesla” xətinin çəkilməsi və bu xətt ilə Rusiya qazının regiondakı ölkələrin qaz problemini həll etməsi üçün qızğın müzakirəsi başlayıb.

“Türk axını” layihəsi və TAP-ın gerçəkləşdirilməsində böyük ümidləri olan ölkələr sırasına Çernoqoriya(Monteneqro) da əlavə olunub ki, bu və digər ölkələr regionun qaz təminatında Brüsseldən aktiv dəstək gözləyirlər.

Builki sammit ötən ilin avqustunda başlayan Berlin Prosesinin bir hissəsidir və Aİ-nin Balkan regionuna genişlənməsinə dəstək məqsədi ilə təşkil olunur.

Zirvə görüşü təşəbbüsünün fokusunda Aİ üzvü olmayan bu ölkələr durur: Almaniya, Bosniya və Hersoqovina, Kosovo, Makedoniya, Çernoqoriya və Serbiya.

Bundan əvvəl bildirilmişdi ki, Vyana sammitində əsas mövzuların “infrastruktur və əlaqələr”, regional əməkdaşlıq və gənclik məsələləri olacaq.

Lakin son zamanlar bütün Avropa mətbuatını işğal etmiş qaçqınlar məsələsinin də Vyanna sammitində üstünlük təşkil edəcəyi şübhə doğurmur.

Belə ki, “Qərbi Balkan marşrutu” yüz minlərlə insanın Avropa İttifaqı ölkələrinə çıxması üçün əsas yola çevrilib. II Dünya Müharibəsindən bəri ən irimiqyaslı miqrant böhranı ilə üzləşən Avropa liderləri öz balkanlı həmkarlarını da dinləmək, yardım etmək məcburiyyətindədirlər.

Əks təqdirdə, bu region dərin böhrana qərq ola bilər. Digər tərəfdən, keçmiş Yuqoslaviya ölkələrində Rusiya amili daha güclüdür və Aİ liderlərinin biganəliyi rusiyayönümlü tendensiyaları gücləndirə bilər.

Yuxarıda adı qeyd olunan Balkan ölkələri vasitəsi ilə bu ilin iyul ayına kimi Aİ-yə 102 min mühacir keçib. Halbuki, keçən ilin analoji dövründə bu göstərici cəmi 8 min rəqəm təşkil etmişdi.

Avstriya XİN başçısı sebastian Kurts bazar ertəsi Makedoniyaya səfəri zamanı  bildirmişdi ki, Balkan ölkələri qaçqın böhranına görə təcili yardıma ehtiyac duyur.

“Qərbi Balkan ölkələri tək qalıblar. Onlara bizim köməyimiz lazımdır”, - deyə Avstriya diplomatı Gevgelija qaçqın düşərgəsinə baş çəkəndən sonra bildirib.

Sammit zamanı Bosniya və Hersoqovinanın XİN başçısı İqor Krnadak və Çernoqoriya daili işlər naziri Rasko Konjeviç keçmiş Yuqoslaviya respublikaları arasında ilk dəfə olaraq ikitərəfli sərhəd sazişi imzalayacaq.

Sərhədlərin razılaşması ilə bağlı növbəti saziş Çernoqoriya ilə Kosovo arasında olacaq. Bu baxımdan, ölkələrarası münasibətlərin tənzimlənməsi üçün Vyana sammitinin əhəmiyyəti danılmazdır.

Vyanada buyaxınlarda Aİ-nin bir milyard avro ayırdığı infrastruktur layihələrinin də təqdimatı keçiriləcək, bundan başqa  Serbiya, Albaniya və Kosova baş nazirləri Avropa İnvestisiya Banlı və Avropa Yenidənqurma Bankı ilə mühüm bir layihə barədə danışıqlar aparacaqlar.

Bu danışıqlarda Serbiyanın cənubunda olan Nis şəhərindən Kosovo paytaxtı Priştina və Almaniyanın sahil şəhəri Durresə qədər magistral yolunun inşasından söz açılacaq.

Rəsmi Sarayevo da Bosniya, Serbiya və Kosovo arasında 400 KV gücünə malik elektrik şəbəkəsinin inşası üçün Aİ-nin dəstəyinə ümid edir.

Serbiya baş naziri Vuçiçin sözlərinə görə, bütün iştirakçılar üçün sammitin ən böyük əhəmiyyəti regionun iqtisadi və siyasi sabitliyini möhkəmləndirməkdir.

“Biz yenidən inkişaf qeydə almaq istəyirik. Bəzilərinin oynamaq istədikləri nasionalist oyunlardan fərqli olaraq, bizi narahat edən məsələ budur”, - deyə Vuçiç Almaniyanın “Handelsblatt” qəzetinə bildirib.

Bir fakt var ki, Rusiyaya qarşı Qərb sanksiyalarının elan olunması zamanı, Aİ rəhbərliyi tərəddüd edən ölkələrə, xüsusilə də Balkan ölkələrinə ciddi xəbərdarlıq etdi. Onların bəziləri hətta Moskvanın sanksiyalar siyahısına düşdü.

Vaxtilə keçmiş Yuqoslaviya paytaxtı olmuş Belqrad və “Kiçik SSRİ-nin” əsas qüvvəsini təşkil etmiş  serb siyasi dairələri hazırda regionun Aİ-yə inteqrasiyasında böyük fəallıq göstərirlər. Lakin Serbiya Rusiya ilə də münasibətləri davam etdirmək istədiyindən, vaxtaşırı olaraq istər qonşuları, istərsə də Aİ siyasi dairələri tərəfindən təzyiq və tənqidlərə məruz qalır.

Bütün narazılıqlara baxmayaraq, nə Belqrad, nə də Brüssel bir-birini itirmək istəmir. Amma istər Serbiya, istərsə də digər Balkan ölkələri Aİ-nin tərəddüdləri və günü-gündən artan problemləri ilə qısa müddətdə bitirmək istəyirlər.

Hazırda Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasında, yəni Berlin Prosesində əsas rolu Merkel oynayır. Lakin qaçqınlar məsələsində Merkelin də öz problemləri özünə bəsdir.

Maraqlıdır ki, Almaniya və Avstriyanın patronajlığı altında keçirilən bu sammitdə qəbul ediləcək qərarlar regionun gələcəyi üçün hava və su qədər mühüm olacaq.

Şərhlər

Çox oxunanlar