Tramp ABŞ-nin körfəz ölkələrindəki bazalarından imtina edir?

17.04.2026 15:52     A-reaksiya     258

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçün ona münasibətdə əlavə güzəştlərə də gedə bilər.
 
“Politico” nəşri Fars körfəzi ölkəsindən adı açıqlanmayan yüksək vəzifəli məmura istinadən bildirib ki, Tramp müharibəyə son qoymaq, danışıqlarda irəliləyiş əldə etmək üçün daha çox güzəştə gedəcək. Amma həmin güzəşt və yaxud güzəştlərin nədən ibarət olacağı açıqlanmır.
 
Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, hazırda prosesi diktə edən tərəf əsasən İrandır:
 
“İran təcavüzə son qoyulmasını, Amerikanın öz hərbi bazalarını körfəz ölkələrindən çıxarmasını, dəymiş maddi ziyanın ödənilməsini, ölkənin suveren hüquqlarının, Hörmüz bağızına nəzarət hüququnun tanınmasını tələb edir. Amerikanın tələbləri isə İsrailin tələblərini təkrarlayır. Onlar İrandan nüvə tədqiqatları aparmamağı, raket proqramından imtina edilməsini, Yaxın Şərqdəki şiə qüvvələrinə yardımı, Fələstinə dəstəyi dayandırmağı tələb edir. İran da təbii ki, bu tələbləri qəbul etmir. Müharibədə ABŞ istəyinə nail ola, İranı məğlub edə bilmədi. İndi məhz İranın səyi nəticəsində dünyada yeni bir vəziyyət yaranıb. Dünya iqtisadiyyatı uçuruma doğru gedir. Neftin qiyməti 200 dollara qalxacaq”.
 
Ekspertin sözlərinə görə, Trampı dünya iqtisadiyyatının uçuruma yuvarlanması ciddi narahat edir:
 
“Dünya iqtisadiyyatının uçuruma yuvarlanması ilə bütün ziyan çəkən ölkələr günahkar qismində Trampla Netanyahunun üzərinə düşəcək. Ona görə də Trampın vəziyyəti yaxşı deyil. Noyabrdakı aralıq seçkilərdə onun partiyasının uduzma ehtimalı böyükdür. Nüməyəndələr Palatası və Senatın demokratların əlinə keçməsilə isə Tramp müqəvvaya dönəcək. Hətta prezident dönəmindən sonra onun həbsi də mümkündür”.
 
Z. Əlizadə düşünür ki, yaranmış vəziyyətdən çıxış yolunu Tramp İrana əlavə güzəştlərə getməkdə görür.
 
Bu güzəşt isə həmsöhbətimizin fikrincə, ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalardan imtinası ola bilər:
 
“Tramp özünü təmizə çıxarmaq üçün ziyanın yarısından qayıtmağa çalışır. Bu səbəbdən də İrana nədəsə güzəştə getməlidir. İran müharibə dövründə ABŞ-nin körfəz ölkələrindəki 13 bazasını dağıdıb. Bu fonda əlavə güzəştlər dedikdə, Tramp yəqin ki, körfəz ölkələrindəki bazalardan imtina ediləcəyini nəzərdə tutur”.
 

Şərhlər