Qara qızılın koma dövrü başlayır - TƏHLİL

27.08.2015 14:01     A-reaksiya     2374

Artıq bir ilə yaxındır ki, dünya bazarında neft qiymətləri sürətlə düşməkdədir. Hazırda qara qızılın qiyməti bir barel üçün 40 dollardan aşağıya doğru “can atır” ki, bu, da keçənilki qiymətlərlə müqayisədə artıq üçqat enişdir.

Bazarda təkliflərin artması və tələbatın azalması ilə bağlı izah heç də hamını qane etmir.

Bu neft kotirovkası üzrə bir neçə versiya mövcuddur:

Birinci versiya: ABŞ-ın “cəza təşəbbüsü”.

Bəzi ekspertlərin sözlərinə görə, burada əsas məsələ ABŞ tərəfindən Rusiyanı cəzalandırmaqdan ibarətdir və burda ABŞ təkbaşına, Səudiyyə Ərəbistanı olmadan hərəkət edir.

Skeptiklər neft qiymətlərinin dəyişməsinin bazar hadisəsi olmadığına əmindirlər. Xammallara qiymətlər tələbat və təkliflərə görə deyil, Fyuçerslər bazarında, yəni spekulyativ bazarda dövr edən pulların miqdarına uyğun müəyyənləşir.

Neftin qiymətinin düşməsi və ya qalxması üçün əsas vasitə kimi ABŞ-ın monetar siyasəti, fyuçers bazarına pul axınının tənzimlənməsi və dolların kursu mühüm rol oynayır.

Fyuçers bazarına çox vəsaitin buraxılması əvvəlcə qiymətlərin qalxmasına səbəb olub, sonra isə pulların qəfildən çəkilməsi xammala, o cümlədən neftə olan qiyməti aşağı salıb. Neft ticarəti dollarla aparıldığından,dolların ucuzlaşması qiymətləri qaldırır, bahalaşması isə əksinə, eniş yaradır.

Lakin digər tərəfdən də, Rusiyanı “vuran” ABŞ həmçinin özünə “xəsarət” yetirir, səthi neft-qaz layihələrinə ziyan verir.

Hazırda dünya bazarında dolların da azalması neft bazarındakı gərginliyi daha da artırır.

Sentyabrda Federal Rezerv Sisteminin yenidən dollar neft bazarına həmləsi gözlənilir. Bir çox ekspert sentyabr-oktyabr aylarının neft qiymətləri üçün "koma dövrü" olacağını hesab edirlər. 

Lakin ABŞ-da səthi hasilatla məşğul olan şirkətlərin də sərt reaksiyası istisna olunmur. Bu, həmçinin işsizlik amilinə də təsir edəcək.

Ekspertlərin fikrincə, bu proses müxtəlif pauzalarla iki ilə qədər davam edəcək.

Rusiyadan başqa, Çin, İran  və Venesuela kimi ölkələr də hədəfdədir. Lakin bunların içində İranın vəziyyəti daha ümidverici görünür, çünki hazırda sanksiyalardan əziyyət çəkən İranın külli miqdarda neft ehtiyatı var. Onu bazara çıxarıb əlavə vəsait əldə etmək isə Tehranın prioritetinə çevrilib. Lakin İran tərəfi də ixracatı kəskin artırmaqla qiymətlətə daha çox mənfi təsir edəcəyini bilir. Bu, regiondakı gərginliyi daha da artıra bilər.

İkinci versiya: ABŞ və Səudiyyə dueti

ABŞ və Səudiyyə Ərəbistanı arasındakı ittifaqın bu məsələdə də özünü göstərdiyini düşünən ekspertlrə regiondakı silahlanma yarışında rəqibləri “yormaq və taqətdən salmaq” məqsədi olduğunu irəli sürürlər.

Dünya neft bazarında müqavilələrin 98 faizi Amerikaya aid və ya amerikayönümlü strukturlar arasında gerçəkləşir. Dünyada neftin və qazın ixracatı ilə bağlı əməliyyatların da 85 faizi həmçinin Amerika və ona loyal olan ölkələr tərəfindən gerçəkləşdirilir.

Bu proseslərin Yaxın Şərq və Ukrayna böhranı ilə eyni vaxta təsadüf etməsi Rusiyanın həm Qərbə,həm də cənuba doğru irəliləməsinə əngəl törədir. Digər tərəfdən, Çin yuanındakı devalvasiya da Rusiya maraqlarına zərbə vurmuş olur.

Lakin bu “sövdələşmə” ərəblərin özünə sərf edirmi? Əlbəttə ki, yox. Neftdən başqa, demək olar ki, heç nə ixrac etməyən Səudiyyə Ərəbistanının xarici rezervləri 700 milyarddan 65 milyard dollara düşüb. Yəmənlə müharibə, hərbi xərclər, İranla rəqabət, Suriyada üsyançılara davamlı dəstək Ər-Riyyadı çətin vəziyyətə salıb.

Lakin “duet tərəfdarları” belə düşünür ki, Səudiyyə ABŞ-ın dəstəyinə arxalanır, ona görə də bir tərəfdə Ərəb Körfəzinə, digər tərəfdə isə Mərkəzi Afrikaya qədər öz nüfuzunu genişlətmək üçün bu böhran əla fürsətdir.

Neftin ucuzlaşması və dolların bahalaşması  büdcələrdə kəsirlərə gətirib çıxardığından, hərbi büdcə də az tərtib olunmalı idi. Amma əksinə, bölgədə olan proseslər, neft ölkələrində üsyançı və terroçu qruplaşmaların fəallaşması silah-sursata daha çox pul xərclənməsinə səbəb olub. Nəticədə isə BFV-dən kredit alaraq asılı vəziyyətə düşən ölkələrin sayı getdikcə artır.

Bu isə iqtisadi perspektivlərin çox az olduğu vaxtda pulu havaya sovurmağa bənzəyir. 

Şərhlər

Çox oxunanlar