Rusiya-Ukrayna müharibəsi daha dağıdıcı fazaya daxil olur
04.06.2026 16:43 A-reaksiya 285
Son zamanlar Ukrayna Rusiya ilə müharibədə əsas diqqəti dronlarla zərbələrə yönəldib. Məhz dronların sayəsində Ukrayna cəhbədə kiçik də olsa, müəyyən irəliləyişlərə nail olub.
Amma Rusiya da yerində oturmur. Onlar da dronları məhv etməyin yollarını arayırlar. Məlumata görə, Rusiyanın Dnepr qrupundan olan bir komandası, Xerson bölgəsində “Yolka” dron-interseptoru ilə sabit qanadlı Ukrayna dronlarını tamamilə məhv edib.
Hərbçi ekspert Üzeyir Cəfərov Bakupost.az-a bildirib ki, anti-dronlardan istifadənin müharibənin gedişinə müəyyən təsirləri olacaq.
Bununla yanaşı, ekspert anti-dronların dron sürüsünə qarşı mübarizədə tam şəkildə özünü doğruldacağını da düşünmür:
“Hətta ABŞ-nin hava hücumundan müdafiə sistemləri belə dron sürüsünə qarşı acizlik nümayiş etdirir. Bunu İranla savaşda müşahidə etdik. Yaxın günlərdə Ukrayna dronlarını Moskva səmasında da görəcəyik. Bundan əvvəl də Moskva və Moskva ətrafı dron zərbələrinə məruz qalıb. Müharibə daha ağır, dağıdıcı, daha çox itkilərin olacağı fazaya daxil olur. Hər iki tərəfdən ölən və yaralananların sayı günü-gündən artmaqdadır”.
Ekspertə görə, dron zərbələrinin artması müharibə edən hər iki tərəfdə şəxsi heyət çatışmamazlığından qaynaqlanır:
“Artıq Rusiya-Ukrayna müharibəsinin 1562-ci günüdür. Bu müddət ərzində tərəflərin daha çox dron müharibəsinə üstünlük verdiklərinin şahidi oluruq. Son günlər bu vəziyyət özünü daha kəskin şəkildə göstərir. Sankt-Peterburqda başlamalı olan Beynəlxalq İqtisadi Furum ərəfəsi Ukrayna dronları ərazidəki Rusiya hərbi-dəniz qüvvələri və enerji infrastrukturuna ciddi zərbələr endirib. Bu isə müharibənin yeni fazaya keçdiyi anlamına gəlir. Hər iki tərəfin şəxsi heyətində çatışmamazlıqlar hiss olunur. Bu fonda da dron gücündən istifadəyə üstünlük verməyə başlayıblar”.
Müsahibimiz anti-dronlardan istifadənin Rusiyaya hansısa bir üstünlük verəcəyi qənaətində deyil:
“Rusiyanın Dnepr qrupundakı komandanın “Yolka” dron-interseptoru ilə Xersonda sabit qanadlı Ukrayna dronlarını tamamilə məhv etdiklərini desələr də, hazırda özləri də çətin durumdadır. Rusiya bəzən arzuladığını həqiqət kimi çatdırır. Amma bununla belə, həmin hadisə nə müharibənin gedişinə təsir etməyəcək, nə də Rusiya tərəfinə hansısa bir üstünlük vəd etməyəcək. Ukrayna dronları 3 min km məsafədə Rusiya ərazisində hədəfləri vurmaqda davam edir”.










Şərhlər