Bayraq qalmaqalı və İran üçün təhdidlər - TƏHLİL

27.08.2015 17:27     A-reaksiya     2501

Azərbaycan və Türkiyə mətbuatında İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin Kandil dağlarına çıxması və ora İran bayrağı sancması barədə məlumatlar yayılıb.

Bu məlumat geniş müzakirələrə və fikir ayrılıqlarına səbəb oldu. Bəziləri bunun Türkiyəyə mesaj və xəbərdarlıq olduğunu, bəziləri isə məhz kürd separatçılarına mesaj olduğunu vurğuladı.

Türkiyə ictimaiyyətinin bəzi nümayəndələri daha uzağa gedərək, bu məsələdə Türkiyəyə qarşı təxribat da olduğu fikri üstündə durdular.

Amma müzakirələr çox uzanmamış, İİR-in yüksək səviyyəli diplomatlarından biri “Doğan” agentliyinə açıqlama verdi.  Adını açıqlamayan diplomatik nümayəndə nazir Fəzlinin İran-İraq sərhədlərindəki ərazidə Kandil dağına çıxaraq İran bayrağı sancması barədə xəbəri şərh edərək, nazirin məhz Qərbi Azərbaycan bölgəsini təftiş etməsinə diqqət çəkib.

Diplomat “İran ərazisində hər yerdə İran bayrağı var” deyərək, PKK-nın İran qolu PJAK-la hökumət qoşunları arasında toqquşmaların olmasını da xatırladıb.

Tehran nümayəndəsi mətbuatdakı reaksiyalara birbaşa “İsrailin təxribatı” adını yapışdırıb. Təbii ki, İran siyasətçiləri öz təkzib açıqlamalarında “İsrail təxribatı”na istinad göstərməyə adət ediblər, əlavə şərhə ehtiyac yoxdur.

Lakin “PKK terroru ancaq Türkiyənin problemidir” deyə bir mütləq ifadə ola bilməz. Və azacıq düşünənlərə aydın olar ki, bu təhlükə İran üçün də realdır və bu təhlükənin ciddiliyi heç də qonşu ölkədəkindən az deyil.

Şimali İraqda mövqeləri darmadağın olan kürd separatçılarının əksəriyyətinin İran tərəfə keçməsi ilə bağlı məlumatlar mətbuatda çox gedib.

Hazırda İranda da terror ocağının közərməsi istisna deyil. Sanksiyaların aradan götürülməsi ərəfəsində separatçılıq və daxildə qarşıdurmalar İranın sabitliyini təhdid altına sala və iqtisadi perspektivləri zəiflədə bilər.

Bu, İranla “yola getməyən” bəzi dairələrin də marağında ola bilər. 1980-ci ildən 8-9 il ərzində İraqın xarici müdaxiləsinə qətiyyətlə tab gətirən, müqavimət göstərən İslam respublikası üçün ən sarsıdıcı zərbə məhz daxildən gələ bilər.

Belə olduğu halda, Kandildə İran bayrağının dalğalanması da, şəkillər paylaşılması da anlaşılandır.

Bu mesajın daha çox kürdlərə verilməsi versiyası daha inandırıcıdır, amma ərazinin Qərbi Azərbaycan vilayəti  olduğuna diqqət yetirsək, başqa mənalara da yozmaq olar.

Nə cür yozulursa yozulsun, İranın sabitliyi bu dövlətdə yaşayan 30 milyona yaxın Azərbaycan türkü üçün də önəmlidir. Demokratik mübarizə ilə PJAK-ın və PKK-nın "mübarizə"si arasında isə yerlə göy qədər fərq var...

Beləliklə, İranın xalqı da, dini rəhbərliyi də, elə prezident və parlament də ciddi bir sınaq qarşısındadır.  

Bu sınaqdan kimin necə çıxacağını zaman göstərəcək. Yetər ki, hökumət və xalq arasında uçurum olmasın...

Şərhlər