Qarabağdakı gərginlik Nyu-Yorkda davam edəcəkmi? - TƏHLİL
28.08.2015 14:28 A-reaksiya 2546

Dünyada müxtəlif münaqişələrilə bağlı uzun müddət nəticə əldə edə bilməyən tərəflər sentyabrın 15-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sessiyasında bir araya gələcəklər.
Bu toplantı çərçivəsində Dağlıq Qarabağ məsələsinin gündəmə gələcəyi, Azərbaycan və Ermənistan rəhbərlikləri arasında görüşlərin keçiriləcəyi əsas gözləntilərdəndir.
Lakin hələ keçən il elan edilməsinə baxmayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin yox, XİN başçılarının görüşü gündəmə gəlib.
2015-ci ilin ilk 8 ayında cəbhədə gərginlik və ritori bəyanat mübadiləsi ilə gündəmə gələn bu münaqişənin nizamlanma prosesi hazırda heç də ürəkaçan mənzərə yaratmır.
Bir çox ekspertlərin fikrincə, hazırda supergüclərin gündəmində üç məsələ var: Ukrayna və Suriya böhranının həlli, həmçinin İŞİD və digər radikal esktremist qruplaşmalarla mübarizə.
İŞİD problemi həm də Suriya ilə əlaqəlidir və bu istiqamətdə, həmçinin Ukrayna böhranı ilə bağlı məsələdə Qərblə Şərq arasındakı fikir ayrılıqları, ziddiyyətlər digər məsələlərin də müzakirəsində gərgin atmosfer yaradır, dünyada radikal qütbləşmə tendensiyası formalaşdırır.
Belə olduğu halda, uzun illər “dondurulmuş” və həll edilməmiş qalan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Nyu-Yorkda gündəmə gələ bilərmi? Hətta görüş və müəyyən dialoq atmosferi yaradılsa belə, nə kimi nailiyyətlərə ümid edə bilərik?
Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son açıqlaması da mətbuatda ciddi diqqət çəkib. M.Zaxarova bildirib ki, Rusiya və Qərb arasındakı fikir ayrılığı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işinə təsir göstərməməlidir: “Rusiyanın hər hansı ölkə ilə bizim günahımız olmadan yaranan fikir ayrılığı, ümid edirəm ki, Rusiya və ABŞ-ın da daxil olduğu ATƏT Minsk qrupunun işinə təsir göstərməyəcək”.
Bu açıqlama birbaşa olmasa da, dolayısı ilə ona işarədir ki, digər münaqişələrin həllində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsində də qütbləşmə yanaşmaları var və ya ən yaxşı halda Moskva bu risklərin yaranacağından ehtiyat edir.
Görünür ki, Rusiya tərəfi də “yeni cəbhə”nin açılmasında və daha bir münaqişədə Qərb-Rusiya konfrontasiyasının formalaşmasında maraqlı deyil.
Ortaq məxrəcin əldə olunmasında Rusiya tərəfdən heç bir problemin olmadığını deyən Maria Zaxarovadan daha bir sitat:“ Biz bu formatın iştirakçılarıyıq və öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq. Bu qrupun gündəliyində nə dərəcədə ciddi mövzunun olduğunu anlayırıq”.
ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik isə APA-ya açıqlamasında yenilənmiş öhdəliklərdən söz açıb: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var”.
“Cənubi Qafqaz Politoloqlar Klubu”nun rəhbəri, politoloq İlqar Vəlizadə Reaksiya.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş son görüş keçən ilin sonunda baş tutub: “Və bu görüşün əsas məqsədi münaqişənin nizamlanma prosesinə yanaşmalarla bağlı fikir mübadiləsi aparmaq, ortaq nöqtələr əldə etmək, nizamlanma prosesinə dəstək vermək idi. Ümid vardı ki, bundan sonra müəyyən irəliləyiş və fəallaşma müşahidə edərik, tərəflər arasında istinad prinsipləri ətrafında razılıq əldə olunar. Əsas hədəf həll prosesini ölü nöqtədən tərpətmək idi, lakin bunu görə bilmədik. İstər münaqişə tərəfləri, istərsə də həmsədrlər bu müddətdə ümidverici bəyanatlarla çıxış etmədilər”.
Onun sözlərinə görə, digər tərəfdən, “Elektromaydan” hadisələri ilə üz-üzə qalan Ermənistan hakimiyyəti də ölkə ictimaiyyətini ələ almaq üçün bu münaqişədən yararlanmağa çalışdı: “İrəvanda aksiyalar getdiyi bir vaxtda cəbhə xəttində də gərginləşmə və erməni birləşmələrinin fəallığı müşahidə olundu. Xüsusilə də, Ermənistan müdafiə naziri Ohanyanın cəbhə xəttinə səfəri və sərt bəyanatlarla çıxış etməsi bu situasiyanın yumşalması əvəzinə daha da gərginləşməsinə xidmət etdi”.
İ.Vəlizadə Nyu-York görüşü öncəsi münbit şəraitin olmadığını qeyd edərək vurğulayıb ki, “əgər Nyu-Yorkda tərəflər arasında dialoq baş tutmasa, bundan sonra münaqişənin daha da gərginləşməsinin şahidi olacağıq”.
Politoloq amerikalı həmsədrin “yenilənmiş öhdəliklər” ifadəsini də şübhə ilə qarşılayıb: “Yenilənmiş öhdəliklər nə deməkdir? Hazırda bu məsələ ilə bağlı şərait də yoxdur. Ümumiyyətlə, Madrid prinsipləri var və bu prinsiplərinin modifikasiya edilmiş variantı da artıq müzakirə edilib. Yeni ortaya nə prinsip çıxa bilər ki, bütün mövcud məsələlələr bu çərçivədə müzakirə olunub”.
İ.Vəlizadə ATƏT sistemində də münaqişənin həlli üçün ciddi addımlar atılmadığını, builki Serbiya sədrliyinin elə də səmərəli olmadığını qeyd edib: “İvitsa Daçiçin bölgəyə səfəri və sonrakı fəaliyyəti də bəyanatların ritorikası ilə yadda qaldı. Yeni bir söz deyilmədi. Həmçinin onun İrəvana və Bakıya etdiyi səfərlərində biz əsas iki məqama üstünlük verildiyini gördük: bir – ATƏT-in fəaliyyəti ilə bağlı ümumi fikir mübadiləsi və Serbiyanın Ermənistan və Azərbaycanla münasibətləri. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə konkret nailiyyətlərin əldə olunmadı və bu istiqamətdə ATƏT-in Serbiya səfirliyi ciddi təşəbbüslər göstərmədi”.
Şərhlər