"Transxəzər" layihəsi yenidən gündəmə gəlir? - TƏHLİL

28.08.2015 15:13     A-reaksiya     3209

Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları Türkiyənin Antalya şəhərində bir araya gələcək.

Bu gün keçiriləcək görüşdə iştirak üçün Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq yola düşüb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Ankarada jurnalistlərə açıqlamasında bildirib ki, üçtərəfli toplantı regional əhəmiyyətə malikdir.

O, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağını söyləyib.

Xatırladaq ki, Aşqabad görüşü bu il yanvarın 29-da keçirilib.

İqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı həmin görüşün sonunda Birgə Bəyanat imzalanmışdı. Bu sənədə görə, Azərbaycan, Türkiyə və Türkmənistan bir-birilərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini təsdiq etmişdi.

Xəzər dənizi regionundan Türkiyədən keçməklə Avropaya təbii qazın çatdırılması mövzusunda da müzakirələr olmuş, həmin görüşdən sonra xüsusi bir irəliləyiş əldə edilməmiş, lakin bir sıra ekspertlər Aşqabad görüşündə “fikir mübadiləsi”ndən kənara çıxmayan məqamların yenidən gündəmə gələcəyini istisna etmir.

Aşqabad görüşünün əhəmiyyətini artıran məqamlardan biri də odur ki, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılmış və bu, 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə Proqramı daxil edilmişdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu görüşdən mühüm dəyişikliklər gözlədiyini qeyd edib.

“Vaxtaşırı olaraq bu nazirlərin  bir araya gəlməsi, müzakirə aparması müşahidə olunub. Bu, çox müsbət haldır.  Üç türkdilli ölkənin danışıqlarla həll edə bilməyəcəyi problem yoxdur. Lakin danışıqlar gedir, nəticə də olmalıdır. Bir sıra məsələlər var ki, bu istiqamətdə konrket nəticələr hələ də yoxdur. Azərbaycan, Türkiyə və Türkmənistan üçlüyü regionda mühüm strateji rol oynaya bilərlər. Antaliya görüşündə siyasi-iqtisadi əməkdaşlığın daha da dərinləşməsi, nəqliyyat sahəsində birgə işlər, strateji layihələrdə maraqların ortaq nöqtəyə gəlməsi vacibdir. Viza rejimi, ticarət sahəsində tərəfdaşlıq, Xəzərin statusunda razılaşmanın əldə olunması, eləcə də neft-qaz layihələrində birgə iştirak hər üç ölkə üçün böyük uğur sayıla bilər”, - deyə politoloq qeyd edib.

Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən E.Şahinoğlu Azərbaycan-Türkmənistan əlaqələri baxımından irəliləyişə və konkret addımlara ehtiyacın olduğunu vurğulayıb.

“Hazırda hər iki ölkənin mübahisə obyekti olan Kəpəz yatağının birgə istismarı, həmçinin Türkmənistan qazının Avropaya çıxarılması üçün “Transxəzər” layihəsinin reallaşdırılması yenidən gündəmə gələ bilər. Avropa İttifaqı da bu istiqamətdə öz dəstəyini göstərsə, regionun inkişafı üçün böyük bir dəyişiklik müşahidə edə bilərik. Əgər bu ölkələr sözü bir yerə qoyub ciddi plan hazırlasalar, buna nə İran, nə də Rusiya mane ola bilərlər”, - deyə politoloq vurğulayıb.

O qeyd edib ki, tez-tez gündəmə gətirilən ekologiya məsələsi də bəhanədir: “Xəzərin altı ilə, eləcə də Şimal dənizində olan boru xəttləri ekologiyaya təhdid yaratmırsa, “Transxəzər” layihəsi də problem yaratmayacaq”.

Azərbaycan və Türkmənistan arasındakı siyasi münasibətlərin normal olduğunu deyən Elxan Şahinoğlu “Kəpəz” layihəsi və Xəzərin statusu ilə bağlı müəyyən fikir ayrılıqlarının olduğunu, lakin bu amillərin iki ölkə arasında konfliktogen situasiya yaratmadığını əlavə edib.

Şərhlər

Çox oxunanlar