Gürcüstan yenidən müharibəyə doğru gedir? - TƏHLİL

28.08.2015 17:27     A-reaksiya     3170

Ötən gün Gürcüstanda NATO Təlim-Tədris Mərkəzinin açılışı olub.

Açılışda Gürcüstanın baş naziri İrakli Qaribaşvili və NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Bu mərkəzlə bağlı istər  Qaribaşvilinin, istərsə də Stoltenberqin bəyanatları diqqət çəkib. Gürcüstan baş naziri NATO baş katibi ilə görüşdən sonra bildirib ki, NATO Təlim-Tədris Mərkəzinin yaradılması qonşu ölkələrdən heç birinə, o cümlədən Rusiyaya qarşı yönəlməyib: “Bu, bizim hərbçilərimizin kvalifikasiyasının artırmağa yönələn təlim və qiymətləndirmə üçün müştərək mərkəzdir. Bizim hökumətimiz qonşu ölkələrə və Rusiyaya münasibətdə praqmatik siyasətinə davam edir və biz bu istiqaməti qorumaq niyyətindəyik”.

Stoltenberq də bu mərkəzin açılışını “ciddi addım” adlandırıb və NATO ilə Gürcüstan arasında münasibətlərin dərinləşməsinə, beynəlxalq təhlükəsizliyin təkan verəcəyini deyib: “NATO-nun Varşava Sammitində nə qərar verilcəyini deyə bilmərəm, amma deyə bilərəm ki, Gürcüstan irəli addımlamaq və NATO-ya inteqrasiya prosesində inkişaf əldə etmək üçün bütün alətlər əldə edib. Biz sizin istər siyasi, istərsə də məhkəmə sistemində islahatlarınızı diqqətlə izləyirik. Sizi bu ciddi yolda dəstəkləməyə davam edəcəyik. Gürcüstün NATO-ya bel bağlaya bilər”.

Bununla belə, Stoltenberq Gürcüstanı Rusiya ilə dialoqu qorumağa və inkişaf etdirməyə çağırıb. O, Gürcüstanın qonşu ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlərinin normal olmasına tərəfdar olduğunu ifadə edib.

Lakin Moskva tərəfindən NATO Təlim-Tədris Mərkəzinin açılması birmənalı qarşılanmayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu addımı “tərəfdaş ölkələrin resurslarını istifadə etməklə öz geopolitik genişlənməsini genişləndirən alyansın provokasiyon siyasətinin davamı” kimi dəyərləndirib.

Moskvanın mövqeyinə görə, “Gürcüstanda NATO alətlərinin meydana gəlməsi bölgədəki gərginlik dərəcəsini artıracaq”.

Lakin NATO rəhbərliyi bu açılışdan əvvəl də, sonra da vurğulayıblar ki, heç bir üçüncü tərəf bu məsələyə təsir göstərə bilməyəcək.

Stoltenberqin fikirlərini və Gürcüstandakı NATO maraqları ətrafında prosesləri Reaksiya.az-a şərh edən politoloq, keçmiş prezident müşaviri Qabil Hüseynli bildirib ki, NATO-nun həm Gürcüstanla inteqrasiyanı sürətləndirməsi, həm də onu Rusiya ilə dialoqa səsləməsi maraqlı suallar doğurur.

“Şübhəsiz ki, Gürcüstan-NATO yaxınlaşması Rusiyanı narahat edir və Rusiya öz cənub sərhədlərində NATO-nun möhkəmlənməsini istəmir. Bu, özlüyündə münasibətlərə mənfi təsir edir. Lakin NATO-nun həm də dialoq çağırışı etməsi onu göstərir ki, bu alyans Rusiya ilə ciddi konfliktə getmək arzusunda deyil və sadəcə bölgədə möhkəmlənmək, Rusiyanın tamamilə gücdən düşməsini gözləmək niyyətindədir. Gürcüstan isə son illər onsuz da Rusiya ilə münasibətlərə ehtiyatla yanaşır. 2008-ci ildə baş verən avqust müharibəsinə NATO vaxtında müdaxilə etməsəydi, bu ölkə tamamilə rus qoşunları tərəfindən işğal olunmuşdu”, - deyə politoloq bildirib.

Bu günlərdə Abxaziyada dəmiryolunun bərpa işlərinə başlanılmasına da toxunan Q.Hüseynli qeyd edib ki, Abxaziya və Cənubi Osetiya məsələsində danışıqların heç bir nəticə verməməsi, Qərbin də bu məsələdə passivliyi və ritorikadan kənara çıxa bilməməsi Tiflisi ərazi itkisi ilə barışmağa vadar edib: “Hazırda Gürcüstan öz təhlükəsizliyini və iqtisadi maraqlarını təmin etmək üçün Qərbə inteqrasiya yolunu tutub. Nə qədər ehtiyatlı və tədrici xarakter daşısa da bu proses  gedir. Və Gürcüstan ərazi itkisi belə NATO-ya qoşulmağa hazırdır”.

Şərhlər

Çox oxunanlar