Suriya müharibəsinin sonu yaxınlaşır - TƏHLİL

28.08.2015 19:25     A-reaksiya     2327

Bu gün Moskvada ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Maykl Ratni ilə Rusiya diplomatları, o cümlədən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov arasında görüş baş tutub.

Üç saatdan çox davam edən görüş barədə amerikalı diplomatlar tərəfindən mətbuata bir açıqlama verilməyib. Moskvadan sonra Ratni rəhbərliyindəki heyət Ər-Riyad və Cenevrəyə səfər edəcəyi, BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan Mistura ilə görüşəcəyi bildirilir.

Bundan əvvəl ABŞ dövlət departamentinin sözçüsü Con Kirbi mətbuata açıqlamasında bildirib ki, danışıqlardakı fikir ayrılığına baxmayaraq, Vaşinqton Suriya məsələsində Rusiya ilə dialoqun uğurlu olacağına inanır.

Görünür ki, ABŞ Suriya böhranında Rusiyasız həllə nail olmayacağını başa düşüb.

Son zamanlar Tehranın da danışıqlara cəlb edilməsi məsələsi gündəmə gəlib. İranın xarici işlər nazirinin müavini Əmir Abdullahian İranın Suriya böhranından çıxması ilə bağlı təkliflərinin BMT baş kətibinə təqdim ediləcəyini bildirib.

Rusiya və ABŞ arasında razılaşma ehtimalı nə qədər zəif olsa da, digər tərəfdən də bu iki supergücün dialoqu olmadan regiondakı sabitliyin bərqərar olunmayacağı şübhə doğurmur. Həmçinin Bəşər Əsəd rejiminin Rusiya və İranın dəstəyinə arxalanaraq həm radikal islamçılarla, həm də müxalifət qüvvələri ilə vuruşmaqda davam edir.

Lakin müxalifət qüvvələri də bu ilin sonuna qədər Suriyadakı vətəndaş müharibəsinin bitəcəyini bəyan ediblər. Bunun necə olacağı hələ də sual altındadır. Müxalifət və onları dəstəklərən ərəb monarxları da Əsədlə dialoqa can atmırlar, amma Moskva ilə “birgə koalisiya” yönündə danışıqlardan da imtina etmirlər.

Bəşər Əsəd bir həftə “Hizbullah”ın media qurumu olan “Əl-Manar” televiziyasına verdiyi müsahibəsində Rusiyanın dəstəyinə qətiyyətlə inandığını və bu dəstəyin davam edəcəyindən arxayınlığını dilə gətirib.

O,  “Hizbullah” döyüşçülərinin Suriyada mövcudluğunu da “legitim hal” kimi dəyərləndirib.

Suriya prezidenti vətəndaş müharibəsinin getdiyi 4 il ərzində “Rusiyanın Suriya ilə münasibətlərdə səmimiyyətini və şəffaflığını sübut etdiyini” vurğulayıb. B.Əsəd bildirib ki, “ABŞ-ın öz müttəfiqlərindən imtina etdiyi zamanda Rusiya daha prinsipial davranır.

İranın da möhkəm müttəfiq olduğunu qeyd edən Suriya rəhbəri belə deyib: “İranın gücü Suriyanın gücüdür və Suriya uğrunda qələbə, İran uğrunda da qələbədir”.

Bəşər Əsəd BMT-nin Suriyaya işçi qruplar göndərməsi planını da ciddiyə almayıb, onun fikrincə, görülən tədbirlər terrora son vermək üçün deyilsə, heç bir məna daşımır.

Əsəd hazırda ölkənin təxminən 20 faizinə nəzarət edir, lakin özünü 4 il əvvəlkindən də güclü və arxayın hiss edir.

Bu da ona görədir ki, vaxtilə ona qarşı döyüşən qruplaşmalar indi bir-birinə qarşı döyüşür, milyonlarla insan Suriyadan mühacirət edib, qalan əhali isə artıq müharibə dəhşətinin tezliklə bitməsini istəyir.

Ən əsası isə, artıq ABŞ Rusiya ilə dialoqa, danışıqlara oturub. Bundan başqa, bəzi ərazilərdə müxaliflərlə hökumət qüvvələri arasında müvəqqəti atəşkəs rejimləri də reallaşmağa başlayıb ki, bu da gərginliyi nisbətən azaltmağa və vaxt qazanmağa imkan yaradır.

Müharibə nə qədər uzanırsa, ABŞ hakimiyyəti və onun ərəb müttəfiqləri Əsədlə dialoqa bir addım yaxınlaşmağa məcbur olurlar.

Suriyadakı vətəndaş müharibəsi nə vaxt bitəcək? Bu il, yoxsa gələn il? Dəqiq demək çətindir, amma regionda sabitliyin bərqərar olunması üçün Əsədin istefa verməsi də bəs etməyəcək.

Bunu ABŞ da, digər superdövlətlər də yaxşı anlayır.

Ona görə də, tərəddüd etmədən deyə bilərik, müharibənin bitməsi üçün Rusiya ilə ABŞ arasında razılaşma mütləqdir. Həmin razılaşmaya isə çox yox, cəmi bir addım qalıb. 

Şərhlər