Ukrayna hökuməti büdcəyə şəriklər qoşdu? - TƏHLİL

28.08.2015 22:04     A-reaksiya     2241

Ukrayna hökuməti ilə kreditorlar arasında borcun qaytarılmasında yenidən cədvəllənmə ilə bağlı razılaşma əldə edilib.

Bu razılaşmaya həmçinin Ukraynanın 19 milyard dollarlıq xarici borcundan 20 faizin, yəni 3, 8 milyard dolların silinməsi daxildir.

Ukrayna və xarici kreditorlar arasında bağlanmış sazişə görə, Kiyevin borcu qaytarma müddəti 4 il də uzadılıb.

Belə informasiya da var ki, kreditorlar Kiyevə bu güzəşti ABŞ-ın təzyiqləri altında ediblər, həm də digər tərəfdən, Ukrayna üçün sevinmək hələ tezdir – çünki borclar "havayı" silinməyib.

Borclar dövlət istiqrazları hesabına silinib və burada Ukraynanın ÜDM-sinin artımından 20 il ərzində mənfəət nəzərdə tutulur. İstənilən halda, hazırkı vəziyyətdə bu razılaşmanın ölkəni gözlənilən defoltdan qurtarması siyasi dairələrdə, xüsusilə də maliyyə naziri Nataliya Yareskoda nikbin əhval-ruhiyyə yaradıb. Sadə dildə desək, Ukrayna beynəlxalq kreditorları öz büdcəsinə şərik qoşmuş olub. Faizlər ildə bir dəfə ödəniləcək, istiqrazlar üzrə kuponlar 7,75 faiz təşkil edir. Əgər Ukrayna iqtisadiyyatı 3 faizdən aşağı olsa, ödəniş olmayacaq, həmçinin istiqrazlar üzrə ödənişə 2021-ci ildən başlanılacaq.

Baş nazir Arseniy Yatsenyuk Rusiyaya olan borclarda da (bu ilin sonuna kimi ödnəilməli olan 3 milyard dollarlıq dövlət istiqrazları üzrə borc) destrukturuzasiya (yenidən cədvəllənmə) tələb edib.

Rusiya maliyyə naziri Anton Siluanov isə bundan imtina edib. Rusiya Dövlət Dumasının iqtisadiyyat komitəsinin sədri Anatoli Aksakov da qəti şəkildə tələb edib ki, Rusiya Ukraynanın borclarını silməsin.

İyul ayında Rusiya prezidenti Vladimit Putin demişdi ki, Ukrayna dekabrda BVF-dən alacağı 5 milyard dolların 3 milyardını Rusiyaya verməlidir (borcunu qaytarmalıdır).

Ukraynanın bir sıra siyasətçiləri, ümumiyyətlə, Rusiyaya borc qaytarmağın əleyhinə çıxış ediblər.

Beynəlxalq eskpert Anders Aslun da bu borclardan danışarkən bildirib ki, 20 faiz silinmə Ukraynanın 4 il ərzində heç nə ödəməli olmadığı mənası verir.

Onun fikrincə, bu silinmə Ukrayna üçün müsbət hadisədir, çünki Ukrayna iqtisadiyyatını yaxın illərdə gözlənilən risklərdən xilas edir: “Bu şərtlər kreditorlara da sərfəlidir, çünki borcun ödənilməsi ÜDM-ə bağlı olacaq. Bu isə o deməkdir ki, indi krditorlar Ukrayna iqtisadiyyatının yüksəlişində maraqlı tərəf olublar”.

Rusiyaya olan borclar məsələsində isə Aslundun fikri fərqlidir – Yanukoviçin dövründə alınan borcları geri qaytarmamağı tövsiyə edir: “Yanukoviçin Rusiyaya olan borclarına qaldıqda isə, bu borcları qaytarmaq ümumiyyətlə lazım deyil. ABŞ və Aİ Ukraynaya tamamilə hüquqi və maliyyə yardımları göstərməli, bu borcların ləğvinə inad etməlidirlər”.

Digər tərəfdən, ATƏT-in Kiyev və separatçılar  arasındasentyabrın 1-dən atəşkəs rejiminə keçəcəyi barədə məlumatı da özünü doğrultmur və situasiya yenidən gərginliyi ilə diqqət çəkir.

Bəzi ekspertlərin fikrincə, “maliyyə cəbhəsi”ndəki gərginlik Donbass cəbhəsinə də təsir edəcək və Moskva borc məsələsində razı düşməyincə, Şərqi Ukraynada atəşkəsə və sülh danışıqlarının davam etməsinə ümidlər yersizdir.

Rusiya XİN “borcları silmək” tələbindən dərhal sonra, qışa doğru Donbassda humanitar fəlakətin yaxınlaşdığını və Kiyevin blokadasında qalan rayonlarda vəziyyətin gərgin olduğunu bəyan edib. Bu, münaqişədə yeni tələblərin və ziddiyyətli mübahisə nöqtələrinin ortaya çıxmasına gətirib çıxara bilər.

Münaqişədə gərginliyin davam etməsi isə Kiyevin maraqlarına cavab vermir. Hazırda Ukraynanın əsas hədəfi münaqişə zonasında nisbi atəşkəsə nail olmaq və “başına yığdığı borclar” hesabına ordunu və iqtisadiyyatı gücləndirməkdir.

Şərhlər