Putinin Çin və ABŞ səfərlərinin pərdəarxası - TƏHLİL

31.08.2015 08:19     A-reaksiya     2773

Uzun müddət “tərəddüd”lərdən sonra, nəhayət ki, Rusiya prezidenti Vladimit Putinin sentyabr ayında ABŞ-a səfəri təsdiq olundu.

V.Putin BMT Baş Assambleyasını Nyu-Yorkda keçiriləcək 70-ci sessiyasında Rusiyanın nümayəndə heyətinə rəhbərlik edəcək. Heyətdə RFXİN başçısı Sergey Lavrov, prezident köməkçisi Yuri Uşakov,  Federasiya Şurasının və Dövlət Dumasının komitə sədrləri Konstantin Kosaçevlə Aleksey Puşkov da daxildirlər.

Putin son dəfə ABŞ-da 2007-ci ildə səfər edib, oğul Corc Buş  ilə onun Men ştatındakı rançosunda danışıqlar aparıb. Putinin BMT BA-nın iclaslarındakı çıxışları isə 2000, 2003, 2005-ci illərə təsadüf edir. Assambleyanın 70-ci sessiyası sentyabrın 15-dən oktyabrın 6-dək davam edəcək. BMT-nin mətbuat xidmətindən bildirilib ki, Kremlin rəhbəri 27 və 28 sentyabr tarixlərində iki dəfə çıxış etməlidir. Lakin bu detallar Moskva tərəfindən təsdiqlənməyib.

Putinin ABŞ-a səfəri Qərblə münasibətləri “soyuq müharibə” və hətta ondan da gərgin olduğu  bir zamana təsadüf edir. Lakin tərəflər nazirlər və nazir müavinləri səviyyəsində olsa da, son aylarda bir neçə dəfə bir araya gəlib, İranın nüvə proqramı, Ukrayna böhranı və Yaxın Şərqdəki hadisələr barədə danışıqlar aparıblar. Gərginliyin hələ də davam etməsinə baxmayaraq, ritorik bəyanatlarda, xüsusən də Vaşinqtonun bəyanatlarında nisbətən yumşalma hiss olunur və həll edilməmiş məsələlərlə bağlı “davam etmək” qərarı da açıqlanıb. Bu isə ABŞ-Rusiya dialoquna olan ümidlərin tamamilə tükənməsinə imkan vermir.

Putinin ABŞ səfərini şərh etmək və proqnozlara əl atmaq üçün, ilk növbədə Kreml ətrafında gedən son proseslərə və Putinin sentyabrın 2-də Çinə edəcəyi səfərinə toxunmaq lazım gələcək.

Ötən həftə bəzi ərəb dövlətləri rəhbərlərinin Moskvaya səfərinin şahidi olduq. Əvvəlcə V.Putin İordaniya kralı və Abu-Dabinin vəliəhdi ilə görüşdü, daha sonra isə Kremldə Misir prezidenti əs-Sisini qəbul etdi. İlin sonuna kimi, Qətər və Kuveyt əmirlərinin, həmçinin Səudiyyə Ərəbistanı kralının Moskvaya səfəri gözlənilir.

Bütün bu ölkələrin özlərinə aid “əməkdaşlıq məsələləri”ndən başqa, gündəlikdə müzakirəyə çıxardıqları ortaq problemləri də var: Yaxın Şərqdə təhlükəsizliyin qorunması və hələ heç bir regional münaqişənin həllinə rəvac verməyən ABŞ-ın siyasətindən məyusluğun artması.

Suriyada vətəndaş müharibəsinin 4 ildən çox davam etməsi, bu ölkədə möhkəmlənən və neft mədənləri hesabına varlanan terrorçuların başqa ərəb ölkələrində də silahlı və bombalı hücumlar təşkil etməsi, Qəddafidən sonra Liviyada müxtəlif radikal qruplaşmaların, o cümlədən İŞİD və “Əl-Qaidə”nin “qol-qanad açması”, eləcə də Yəməndəki hadisələr ərəb liderlərini narahat edir.

Hətta bu münaqişələrin hansındasa tərəf tutan və ya birbaşa iştirakçı olan ölkələr belə (məsələn, Yəmənə qoşun yeridən Səudiyyə Ərəbistanı və BƏƏ kimi), Mosvka ilə dialoqa maraq göstərirlər.

Əvvəla, sözügedən səfərlərin hamısı iri məbləğdə silah ticarəti barədə sövdələşmələr və danışıqlarla müşahidə olundu.

İl yarım ərzində RF prezidenti ilə artıq üçüncü dəfə görüşən general əs-Sisi artıq Rusiya ilə bir neçə müqavilə imzalamağa nail olub. Təkcə Misirə silah satışı ilə bağlı müqavilələrin ümumi həcmi 3,5 milyard dollar təşkil edir. Misir Venesueladan sonra S-300 VM ZRK-lar alar ikinci ölkədir. Kremlə Misirə yeni “Armata” tanklarının da satışı barədə danışıqlar gedib. Misir rəhbəri bu tankları 9 May paradında, Qırmızı Meydanda görüb. Misirin buğda ehtiyacının 40 faizini də (ildə 40 milyon ton) məhz Rusiya ödəyir. Həmçninin Qahirə Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası yaratmaq niyyətindədir.

Əs-Sisi öz bəyanatında bildirib ki, Rusiyanın yaratmaq istədiyi “anti-İŞİD koalisiyası”nı dəstəkləyir və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasında da Putinlə fikirləri üst-üstə düşür.

Hazırda Rusiyanın bölgədə başlıca tərəfdaşı İran, sonra isə Suriya hesab olunur. Görünür ki, digər region ölkələri Rusiya ilə münasibətləri möhkəmləndirməklə həm özlərinin “silah tələbat”larını ödəmək, həm gələcək münaqişələrdə “davamlı himayədar” əldə etmək, həm də İranın sanksiyalardan sonra dirçəlməsi və təhdidləri qarşısında özlərini sığortalamaq, Moskva vasitəsi ilə Tehranla olan münasibətləri də nisbətən normalaşdırmaq istəyirlər. Bu arada Rusiyanın Suriya böhranındakı qətiyyətli mövqeyini, İran danışıqlarında da səmərəli vasitəçiliyini qeyd etsək, ərəb ölkələrinin Rusiya ilə yaxınlaşmağa olan cəhdlərini anlamaq olar. Regionda güc tarazlığının dəyişməsində Rusiyanın üstünlüyü görünür və sanksiyalardan “sıxılmasına” baxmayaraq, onunla hesablaşmaq lazımdır.

Putin “Şərqin incəlikləri” məşğul olduğu zamanda, onun köməkçisi Uşakov və XİN başçısı Lavrov KİV-in Qərblə bağlı suallarına “məruz” qalıb. “Normand formatı” ilə görüşlər və danışıqlar davam edəcəkmi? ABŞ və Aİ ilə münasibətlər tənzimlənəcəkmi?

Bu suallar da artıq müsbət cavabını alıb. Putin Merkel və Ollandla telefonda danışıb, növbəti görüş barədə razılığa gəlib. Lakin Kreml rəhbəri indidən əsas tələbini də qeyd edib: Donbass bölgəsi blokadadan çıxarılmalıdır.

Münaqişənin həlli üzrə danışıqlara birbaşa Obamanı da cəlb edəcəklərmi? Bu sual hələ cavabsız qalıb və Kreml nümayəndələri “çiyinlərini çəkirlər”.

Son proseslərin fonunda, eləcə də Nyu-York səfəri ərəfəsində Putinin Çinə səfəri xüsusilə diqqəti çəkir. Bu səfər sentyabrın 2-dən 4-dək davam edəcək. ÇXR-in Yaponiyaya qarşı müqavimətində qələbənin 70 illiyinə həsr olunmuş paradda RF prezidentinin də iştirakı gözlənilir. Putinin Pekin səfəri zamanı Çin və Rusiya arasında 20-dən çox ikitərəfli sənədin imzalanması gözlənilir.

Rubl və yuanın dollara nisbətdə kursunun xeyli düşməsi, münaqişələrin həllində fikir ayrılıqları, sanksiyalar, neftin ucuzlaşması, ABŞ-ın “boğma siyasəti” və bu siyasətin Mərkəzi Asiya regionuna da təsir etməsi “Güclü Rusiya” ilə “Varlı Çin”in bir araya gəlməsinə zəmin yaradıb. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, ABŞ-ın son illərdəki sərt siyasəti və ritorik bəyanatları dünyadakı qütbləşməni və Şərqin iki böyük dövləti arasında yaxınlaşmanı sürətləndirib.

Putinin yaxın zamanlarda Yaponiyaya səfəri də gözlənilirdi, amma nədənsə, bu məsələ təxirə salınıb. KİV buna səbəb kimi, Kuril böhranının yenidən canlanmasını göstərib. Qeyd edək ki, baş nazir Dmitri Medvedyevin Kuril adalarına bu yaxında etdiyi səfəri Tokioda narazılıqla qarşılanmışdı.

Yenidən qayıdaq Nyu-York səfərinə: bu səfər zamanı Putin, şübhəsiz ki,  ABŞ və Aİ liderləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək, dünya gündəliyində olan böhranları və münaqişələri müzakirə edəcək.

Hazırda razılığa gəlinməsi gözlənilən iki əsas məsələ var: Suriya böhranının həllində və İŞİD-ə qarşı mübarizədə “yeni koalisiya” yaradaraq Əsəd rejiminin ömrünü uzatmaq, bir də Donbassda atəşkəsə nail olub gərginliyi azaltmaq. Hələlik, Dağlıq Qarabağ və Cənubi Qafqazdakı digər münaqişələrin də gündəmə gəlməsi qeyri-real görünür.

Qərbin də buna doğru getdiyi hiss olunur. Və aydın görünür ki, Rusiya bu proseslərdə heç nə itirmir, əksinə, qazanan tərəf indi məhz Kremldir.

 

Şərhlər

Çox oxunanlar