Avropa nəhəngləri niyə “kiçik qardaşlar"a qəzəblidir? - TƏHLİL + FOTOLAR

31.08.2015 15:03     A-reaksiya     2485

Şərqi Avropa ölkələrinin Yaxın Şərqdən gələn qaçqın axınına qarşı ehtiyatla yanaşması və miqrant qəbulunda sərt məhdudlaşdırıcı qaydalar tətdbiq etməsi Aİ-nin əsas təsisedici üzvlərindən olan Fransada qəzəblə qarşılanıb.

Fransanın xarici işlər naziri Loran Fabius Şərqi Avropa ölkələrinin miqrantlarla bağlı siyasətini sərt tənqid edərək, onların siyasətini “hiddətləndirici” adlandırıb: “Müəyyən ölkələrin qaçqınları qəbul etmədiyini görəndə, mən hiddətlənirəm. Xüsusilə də Şərqi Avropa ölkələrinə görə. Onlar həddən çox sərtlik göstərirlər”.

O, bu cür münasibətin Avropa dəyərlərinə zidd olduğunu vurğulayıb, xüsusilə də Macarıstanın Serbiya sərhədləri boyunca divar çəkməsinə toxunub: “Macarıstan ümumi Avropa dəyərlərinə hörmət etmir, ona görə də, Avropa rəhbərliyi bunu Macarıstan rəhbərliyilə ciddi şəkildə müzakirə etməlidir”.

2015-ci ilin əvvəlindən etibarən, Avropa İttifaqı ərazisinə 340 mindən çox miqrant axın edib. Ekspertlərin fikrinə görə, Aİ ölkələrində qeyri-leqal miqrantlarla bağlı yaranmış hazırkı vəziyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük yerdəyişmə böhranı sayıla bilər.

Ötən gün Almaniya, Fransa və Böyük Britaniya daxili işlər nazirləri Tomas de Mezyer, Bernar Kaznev və Tereza Mey birgə bəyanatla çıxış edərək, təcili toplantı keçirilməsi üçün çağırış etmişdilər. Bu gün isə həmin təcili toplantının tarixi məlum olub: Aİ-yə sədrlik edən Luksemburq sentyabrın 14-nə iclas çağırıb.

Almaniyada bu il mühacir sayının 800 minə çatacağı gözlənilir, bu isə keçən ilki göstəricidən 4 dəfə çoxdur.

Şərqi Avropa ölkələrinin rəhbərlikləri öz ehtiyatlı davranışlarını qaçqın axınını tənzimləməkdə çətinliklər və iqtisadi problemlərlə əlaqələndirirlər. Həmçinin bir çox Avropa şəhərlərində miqrantların gəlişi əhali tərəfindən narazılıqla qarşılanır.

Bu barədə Reaksiya.az-a danışan politoloq Tofiq Abbasov isə düşünür ki, “böyük qardaşlar” öz “kiçik qardaşları”na kömək etmək istəmirlər: “Avropada 2009-cu ildən bəri get-gedə dərinləşən böhran müşahidə olunur. Avropa İttifaqının formulu ondan ibarət idi ki, ölkələr birləşib iqtisadiyyatlarını birgə inkişaf etdirsinlər, lakin qeyri-bərabər ölkələrin birləşməsi, “böyümək naminə” zəif ölkələrin üzvlüyə qəbul olunması fərqli mənzərə yaratdı. Məsələ ondadır ki, bu gün yaşanılan böhranın özü də Avropanın iri maliyyə institutlarının, böyük şirkətlərinin günahıdır. Lakin indi Qərb ölkələri öz yaxalarını kənara çəkib, “kiçik qardaşlar”dakı problemlərin həllində zəhmət çəkmək istəmirlər”.

Politoloq qeyd edib ki, Şərqi Avropa ölkələrinin özləri işsizlik və sosial təminat problemləri içində boğulur: “Bu üzdən də avropadaxili miqrasiyanın səviyyəsi getdikcə artır. Digər tərəfdən isə Yaxın Şərqdən olan qaçqın axını bu ölkələri çıxılmaz vəziyyətə salıb”.

T.Abbasov Aİ-nin Yunanıstan və Ukraynaya dəstəyinə də fərqli prizmadan baxmağı təklif edir: “Fransa və Almaniya Yunanıstana necə kömək edir? Uzun müddət borclarla yüklənmiş Yunanıstan indi iri obyektləri, strateji müəssisələri hərraca çıxarmağa məcbur edilir. Dəniz limanları, böyük zavodlar keçir Qərbi Avropanın biznes nəhənglərinin əlinə. İlk baxışdan elə görünə bilər ki, Aİ-də “kiçik balıqlar böyük balıqların yanında toplaşıb”, amma əslində burda “böyük balıqlar kiçik balıqlardan istifadə edir”, onların iqtisadi sistemini ələ keçirirlər. Ukraynaya qaldıqda isə, bu ölkə Avropaya inteqrasiyada, bazar iqtisadiyyatına keçiddə gecikmişdi. Lakin Aİ onu Rusiyanın cəngindən qoparmaqla yeni imkanlar əldə edib, xeyli sayda dövlət müəssisələrinin bölüşdürülməsi üçün imkanlar yaranıb”.

T.Abbasov əlavə edib ki, Qərbi Avropa ölkələri miqrantlarla yüklənməkdə ehtiyat edirlər və artıq burda birlik məsələsi yox, milli maraqlar ön plana çıxıb: “Böyük Britaniya lap əvvəldən bu ittifaqa ehtiyatla qoşuldu, avro və “Şengen” zonalarına qatılmadı. İndi də birləşmiş krallığın ittifaqdan çıxması məsələsi gündəmdədir. ABŞ-ın fitvası ilə yaranmış bu ittifaqda artıq ölkələrin öz planları qabağa çıxır və “bərabərlik”, “yardımlaşa” prinsipləri isə uğursuzluğa düçar olur”.

Şərhlər

Çox oxunanlar