İranın iddiaları Türkiyə və Azərbaycana toxunacaqmı? - TƏHLİL
31.08.2015 17:50 A-reaksiya 2406

“İranın regionda mövqeyini möhkəmlətməsi Türkiyənin mənfi reaksiyasına səbəb olacaq və iki ölkənin arasındakı tarixi ziddiyyətləri ortaya çıxaracaq”.
Bu absurd açıqlama ilə Ermənistan MEA-nın Şərq Elmləri İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan belə deyib.
Regionda İranın iddialı güc kimi ortaya çıxacağını deyən erməni türkoloq Azərbaycan-İran və Azərbaycan-Türkiyə münasibətlərinin pisləşəcəyini “proznozlaşdırıb”. Bu cür fikirlər Ermənistan mətbuatında birinci dəfə səslənmir, sadəcə olaraq Ermənistan özünün İranla və Rusiya ilə münasibətlərinin normal olmasından istifadə edərək, digər səviyyələrdə də Azərbaycanın əleyhinə təbliğat aparmağa, dezinformasiyalar yaymağa çalışır. Lakin məsələ ondadır ki, absurd fərziyyələrlə yalnız Ermənistan ictimaiyyətini aldatmaq olar.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin (ATSAM) sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı Reaksiya.az-a bildirib ki, ABŞ və Aİ ölkələrinin nüvə proqramı ilə bağlı İranla razılığa gəlməsi regionun təhlükəsizliyi üçün müsbət addım sayıla bilər:
"Son zamanlarda Qərblə İran arasında müharibə ritorikası artmışdı və münasibətlərdəki gərginlik bölgədəki xalqları da basqı altında saxlayırdı. Lakin Vyana sazişi ilə müharibə riski aradan qalxmış oldu. Bu hadisə dünya mətbuatında müxtəlif cür şərh edildi. Erməni mətbuatı isə İran və Türkiyə arasında rəqabət olacağını və ziddiyyətlərin ön plana çıxacağını yazır. Bu iddialar çox əsassızdır, çünki həm İranın yenidən dirçəlməsi, sanksiyaların aradan qalxması birdən baş verməyəcək, həm də İran və Türkiyə arasında rəqabət və qarşıdurma üçün zəmin yoxdur”.
H.Cabbarlı qeyd edib ki, ABŞ Konqresi hələ sazişi ratifikasiya etməyib, çünki Amerikanın bəzi siyasi dairələrində İranla münasibətləri yaxşılaşdırmağa ehtiyatlanırlar: ”Prezident Barak Obama senator və konqresmenləri bu məsələyə daha soyuqqanlı yanaşmağa, İranla münasibətlərdə realist olmağa çağırır. Əlbəttə ki, İranın öz iqtisadi durumunu yaxşılaşdırması, onun regiondakı siyasi ağırlığını artırmasına rəvac verə bilər. Həmçinin qonşularla münasibətlərdə də hansısa korrektələr mümkündür. Amma onu da nəzərə almaq lazımdır ki, nə İran-Azərbaycan, nə İran-Türkiyə, nə də Azərbaycan-Türkiyə münasibətlərində danışıqlarla həll edilməyəsi məsələ yoxdur. Bu münasibətlərdə qırılma nöqtələri görünmür. Tarixi ziddiyyətlərə gəlincə isə, dünya siyasətində bu ənənə çoxdan köhnəlib. İranın köhnə problemləri qabardacağını real hesab etmirəm. İranın Yaxın Şərqdə əsas rəqibi Səudiyyə Ərəbistanıdır, Türkiyə ilə isə münasibətlərin pisləşəcəyi Tehranın maraqlarından kənardadır”.
ATSAM rəhbəri əlavə edib ki, Qərblə münasibətlərin normallaşdırılması və sanksiyaların aradan qalxması İran cəmiyyətində ABŞ-a qarşı düşmən əhval-ruhiyyəsinin də aradan qalxmasına, insanlarda demokratik fikirlərin oyanmasına səbəb olacaq: “İnteqrasiya prosesi İranın daxilində də fərqli proseslərin gedişatına yol aça bilər. Bu baxımdan, İran demokratikləşmə və inkişaf amilləri baxımından uzun bir yoldan keçməli olacaq”.
Şərhlər