Birgə əməkdaşlıq regional sülhə töhfə verəcək

02.09.2015 14:25     A-reaksiya     2379

Məlum olduğu kimi Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri avqustun 28-i Antaliyada region üçün əhəmiyyətli olan siyasi və iqtisadi məsələləri müzakirə ediblər. Tərəflər həmçinin əvvəlki görüşlərdə (Bakı və Aşqabad) qəbul edilən qərarların reallaşdırılması məsələlərini nəzərdən keçiriblər.

Görüşlərdə müzakirə edilən mövzularla bağlı Reaksiya.az-a açıqlama verən Türkiyə Ondokuz Mayıs Universiteti Alaçam MYO müəllimi, siyasət elmlər namizədi Azime Telli bu prosesi müsbət bir proses kimi dəyərləndirib:

“Üç tərəf arasındakı əlaqələrin güclənməsi Transxəzər layihəsinin gələcəyi baxımından əhəmiyyət daşıyır. Bu proses Azərbaycan və Türkmənistan arasındakı status probleminin həlli üçün önəm kəsb edir. Üçtərəfli danışıqların davamlı hal alması olduqca müsbət bir haldır. Bu danışıqlar tərəflər arasında yaxınlaşmanı gücləndirəcək. Türkiyənin enerji münasibətləri, yəni regional güc olma vizionu baxımından da bu görüş əhəmiyyət kəsb edir”.

Politoloq Aqil Familoğlu isə hesab edir ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 3-cü dəfə Türkiyənin Antalya şəhərində bir araya gələrək ticarət, təhsil, enerji sahələrində otraq əməkdaşlığa dair bir çox məsələləri müzakirə etmələri olduqca müsbət bir haldır: “Azərbaycan tərəfinin təşkilatçılığı ilə ilk dəfə ötən ilin mayında Bakıda, daha sonra bu ilin yanvarında Türkmənistan paytaxtında toplaşan xarici işlər nazirləri Antalya görüşündə, 2015-ci ilin oktyabrında Prezidentlər səviyyəsində Aşqabadda sammitin keçirilməsinin nəzərdə tutulduğunu bəyan etdilər.

Aparılan danışıqlar və qarşılıqlı anlaşmalar onu deməyə əsas verir ki, Prezidentlərin zirvə toplantısından sonra tərəflər arasında nəqliyyat, enerji və iqtisadi sahədə əməkdaşlıq keyfiyyətçə yeni mərhələyə qədəm qoyacaq. Qərblə-Şərq arasında körpü rolunu oynayan Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət devizi ilə əməkdaşlığına Türkmənistan da yeni impuls verə bilər. Siyasi münasibətlərin dərinləşməsi həmçinin, beynəlxalq qrumlarda vahid mövqe sərgiləməyə imkan verəcək. Belə olan halda Türkmənistan Azərbaycan və Türkiyənin simasında Avropa təşkilatlarında, Azərbaycanla Türkiyə isə Türkmənistanın simasında Asiya təşkilatlarında təmsil oluna bilər.

Türkdilli dövlətlərin birliyi həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Uzun illər Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlıq nəticəsində Asiyanı Avropa ilə birləşdirəcək neft-qaz boru kəmərləri eyni zamanda həm quru, həm də tikilməkdə olan dəmir yolu xətti Türkmənistana birbaşa Avropa bazarlarına çıxmaq şansı yaradacaq. Bu da rəsmi Aşqabada öz enerji potensialından istifadə etməklə Azərbaycan və Türkiyənin dəstəyilə Avropa ilə iqtisadi əlaqələrini daha da genişləndirməyə imkan verəcək.Bununda nəticəsində Aşqabad öz iqtisadiyyatını şaxələndirə və beləcə Rusiya İran və Çindən asılılığını maksimum dərəcədə azalda bilər.

Belə ki, Türkmənistan Cənub Qaz Dəhlizinə qoşulmaqla layihənin siyasi əhəmiyyətidə arta bilər. Nəzərə alaq ki. bu gün üçün “Cənub Qaz Dəhlizi” layihəsi bölgənin ən böyük infrastruktur layihəsidir. Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. Məlum olduğu kimi, dünya iqtisadiyyatının qloballaşması dövründə nəqliyyat sahəsinin rolu da artmaqdadır. Müxtəlif mənbələrə görə il ərzində Çindən Avropaya daşınan məhsulların ümumi həcmi 180 milyon tondan artıqdır və 2020-ci ildə bu rəqəmin 240 milyona çatacağı proqnozlaşdırılır. Asiyadan Avropaya daşınan yüklərin həcminin artım templərini nəzərə alaraq, həmin yüklərin qısa vaxtda çatdırılması məsələsi gündəmə çıxır.

Bu baxımdan Şərq-Qərb nəqliyyat dəhlizi coğrafi, iqtisadi səmərəliliyi baxımından digər dəhlizlərlə müqayisədə cəlbedicidir. Üçtərəfli münasibətlərin inkişaf etməsi Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini də artırır. Bu birliyin nəticəsində Avropa, İstanbul Boğazından keçən Marmaray layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər dənizində Azərbaycanın Ələt və Türkmənistanın Türkmənbaşı limanları vasitəsi ilə birbaşa olaraq Asiyaya çıxa bilər. Bir sözlə Enerji sahəsində nail olunacaq birgə əməkdaşlıq qlobal və regional sülh və sabitliyə töhfə verəcək”.

Şərhlər