Qazaxıstan Qərbdən niyə imtina edir? - EKSPERT RƏYİ

08.09.2015 17:37     A-reaksiya     2475

Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə vətəndaşlarını Qərb məhsulları və istehlak mallarından imtina etməyə çağırıb.

Reaksiya.az iqtisadçı ekspert Vüqar Bayramovdan bu məsələ ilə bağlı fikirlərini öyrənib.

Ekspert Qazaxıstan Prezidentinin bu müraciətini yerli istehsala dəstəklə əlaqələndirib: “Nazarbayevin müraciəti Qazaxıstanda ixrac üçün ayrılan vəsaitin həcmini azaltmağa yönəlib və birmənalı şəkildə Qazaxıstanda yerli istehsalın dəstəklənməsinə xidmət edir. Bu həm də iqtisadi asılılığın aradan qaldırılması və məhsullara olan ehtiyacların yerli istehsal hesabına ödənməsinə nail olmaqdan ibarətdir. Digər əhəmiyyəti ondan ibarətdir ki, idxal azaldacaq. Nəticədə ölkəyə daxil olan idxal məhsullarının həcmi və dəyəri azalacaq. Bu isə ölkədən gedən valyutanın həcminin azaldılması baxımından vacibdir. Qazaxıstan valyutasına olan təyziqlərin qarşısının alınması, yerli valyutanın məzənnəsinin stabilləşməsi baxımından olduqca vacib qərar hesab oluna bilər. Çünki bu ölkədən daha az valyutanın ölkə xaricinə çıxması deməkdir. Bu da stabilləşmənin əldə olunmasına şərait yaradacaq. Ümumilikdə bu çağırış, müraciət yerli istehsalın dəstəklənməsidir”.

Vüqar Bayramov bu çağırışın ancaq qərbə aid edilməsi məsələsinə də aydınlıq gətirib: “Qazaxıstan gömrük ittifaqının üzvü olduğuna görə birmənalı şəkildə Rusiyanın və digər üzv ölkələrin deyil, kənar ölkələrdən gələn məhsulların idxalın azaldılması ilə bağlı müraciət edə bilər. Burda əsas məqsəd idxal olunan məhsulların azaldılmasıdır. Yəni Qazaxıstan idxala az vəsait xərcləsin, həmin vəsait birbaşa yerli istehsala yönəldilsin”.

Xatırladaq ki, Qazaxıstan prezidenti ölkənin Akmolin vilayətində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşündə: “Misal üçün, Qərb geyimi - onsuz da yaşamaq olar. Düzdür? Ümumiyyətlə bizim üçün zərərli olan fua-qrasız, banansız da yaşamaq olar”, - deyə bildirib.

Şərhlər