Koalisiya üçün AKP-nin yeganə variantı: MHP! - ANALİZ

11.06.2015 15:56     A-reaksiya     2282

Dünyada gedən kataklizmlər, dürlü-dürlü oyunlar axırda dünyanı bəzilərinin dediyi kimi milli dövlətlərin yox olma təhlükəsi ilə üz- üzə qoyacaq deyəsən. Amma nə olursa olsun, qloballaşan, təkrəngli, birpəncərəli düzənə tərk edilmək istəyən dünyada hər bir dövlətə öz müqəddəratını özünün həll etmək şansını verilməsi olduqca mühimdir. Çünki, nə olursa olsun, dünya nə qədər kiçik bir ev halına gəlirsə gəlsin, hər bir fərdin, fərdlərin meydana gıətirdiyi millətin və millətin dişi ilə, dırnağı ilə, qanı – canı bahasına yaratdığı dövlətin öz mədəni dəyərlərini qoruması vacib amildir və bəzi imperialist dairələr, transmilli şirkətlər buna imkan verməsələr də, qarşısını almağa çalışsalar da, öz milli dəyərlərini qoruyub milli kimliyindən bərk – bərk yapışan dövlətlər nəticə etibarı ilə qətiyyən məhv olmur, əksinə, inkişaf edir, dövr açıb bağlamaq şanslarını daim öz əllərində saxlayırlar.

Türkiyədə ötən həftə keçirilən parlament seçkilərindən sonra ortaya çıxan vəziyyət ölkənin qarşısına sadəcə bir yol qoyur: bütün təhdid və təzyiqlərə rəğmən, sonuncu və böyük riskə gedib öz ərazi bütövlüyü ilə yanaşı, eyni zamanda milli dövlət olmaq özəlliyini də qorumaq. Gəlin, baxaq və nəzər salaq görək, hal – hazırda Türkiyə bunu necə həyata keçirə bilər?

İlk öncə onu qeyd edək ki, AKP öz sələfi olan Rəfah Partiyasından ona miras qalmış radikal İslam kimliyini bir kənara qoydu və daha çox mülayim İslam adı altında fəaliyyət göstərməyə başladı. Və bununla da Türkiyədə olan sıravi müsəlmanlar və bir qədər sağ təmayüllü qruplar MHP – də həmin dövrdə Alparslan Türkeşin vəfatından sonra yaranan lider boşluğundan dolayı AKP – yə yönəlməyə başladılar. Təbii ki, burda AKP – nin sədri Rəcəb Tayyib Erdoğanın sırf kütləyə hesablanmış və bəzən də çılğınca çıxışları mühim rol oynadı. Erdoğanın dini təmayüllü milli qüvvələri və Türkiyədə müəyyən iqtisadi və siyasi gücə sahib camaatları da öz ətrafına yığması AKP – nin bundan əvvəlki seçkilərdə mütləq bir şəkildə qalibiyyət qazanmasının səbəblərindən sayıla bilər.

Amma bir məsələ var ki, hazırda növbəti parlament seçkilərindən sonra ölkədə balanslar xeyli dəyişib. İndi artıq AKP mütləq çoxluqla parlamentə girə bilmədiyindən 10% - lik həddi aşa bilən partiyalardan biri ilə koalisiya qurmaq məcburiyyətindədir. Amma kiminlə? HDP, CHP və MHP arasında qalan AKP bu partiyalardan hansına üstünlük versə, kifayət qədər uğur qazana bilər? Qurulacaq koalisiya Türkiyə dövlətinin ərazi bütövlüyünün, təhlükəsizliyinin qorunması baxımından nə cür perspektiv vəd edir? Düşünün ki, Türkiyədə AKP CHP ilə koalisiya qurur və onsuz da daban – dabana zidd olan, lap elə ilk qurulduğu gündən etibarən fərqli dünya görüşlərini özündə ehtiva edən, dünyəvilik məsələsində isə ümumiyyətlə, ortaq nöqtələri olmayan bu iki partiyanın yaratdığı ortaq hökümət, deyək ki, bir məsələdə qərara varmalıdır. Hərə bir yana dartacaqmı? Şübhəsiz! Artı, yuxarıda da qeyd etdiyim kimi illərlə altşüurda yığışıb qalan məqamlardan dolayı bu partiyaların ortaq məxrəcə gəlməyəcəkləri gün kimi aydındır. AKP – nin daxili və xarici siyasət kursu ilə CHP – nin dəstəklədiyi kursun fərqlilikləri ki, nəticədə gətirib hökümət böhranına çıxaracaqmı? Məncə, çıxaracaq! Türkiyə ötən əsrin 80- 90 – cı illərində Türkiyənin sol partiyaları ilə sağ mərkəzci partiyaları arasında qurulan koalisiyalarda nə qədər geri getdi, xatırlayan varmı? CHP – ANAP, DYP – DSP – CHP - ANAP, MHP - DSP koalisiyalarında Türkiyə nə qazandı? Heç nə, demək olar ki! Hətta, AKP öz sələfi Rəfah Partiyasının Doğru yol Partiyası ilə qurduğu uğursuz höküməti də unutmamalıdır.

AKP - nin HDP ilə koalasiyası heç cür müzakirə edilməsi mümkün olmayan bir məsələdir və məncə, Türkiyə dövlətinin varlığını, ərazi bütövlüyünü və geosiyasi mövqeyini düzgün qiymətləndirməyi bacaran, azacıq da olsa ürəyi Vətən eşqi ilə döyünən hər bir kəs bu koalisiyanın qurulmayacağını, qurulmasının mümkünsüz olduğunu dəqiq bilir. Amma bir məsələ var ki, regionda maraqlı olan bəzi dairələr Türkiyənin regiondakı geosiyasi təsirini azaltmaq məqsədi ilə AKP – ni məcburi olaraq bu oyuna çəkmək istəyirlər. Unutmaq lazım deyil ki, Türkiyə bu addımı atsa və konkret bu koalisiya yaransa, bu koalisiya təbiri – caizsə, ölü doğulmuş uşaqdan fərqlənməyəcək. Və bütün hallarda bu koalisiya yaranarsa, Türkiyə üçün çox ciddi təhdidlər meydana gələcək.

Geriyə qalır AKP – MHP koalisiyası ki, bu da ən optimal variantdır. Siyasi düşüncə baxımından, mənəvi dəyərlərə bağlılıq yönündən MHP və AKP əslində medalyonun iki üzüdür. Bütün bu yönləri ilə AKP – nin hal – hazırda üzərində dayanmalı olduğu ortaqlıq məhz AKP – MHP höküməti olmalıdır. Bu yanaşma istər Türkiyənin regionda geosiyasi gücünün artması, istər öz daxilində və xaricində onu istəməyən qüvvələrlə başa çıxması, istərsə də beynəlxalq dünya düzənində yeni Türk – İslam Birliyinin qurulması baxımından yeni bir dönəmin başlamasının əsasını qoya bilər. AKP – MHP koalisiyası hər halda Azərbaycan üçün də olduqca xeyirli olacaq.

 

Oktay Hacımusalı 

Şərhlər

Çox oxunanlar