Beynəlxalq münasibətlərdə yeni geosiyasi nizam axtarışı… - ANALİZ

09.09.2015 16:11     A-reaksiya     3000

SSRİ-nin süquta uğramasından sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf etməyə başladı. Lakin XXI əsrin geosiyasəti kontekstində meydana çıxan yeni siyasi trendlərə paralel olaraq qloballaşma prosesi qlobal idarəetmə çağırışlarını aktuallaşdırdı. Bundan sonra hegemon güclərin əldə edəcəkləri dünya hökmranlığını əsaslandıran nəzəriyyə və konseptual mənbələr ortaya çıxmağa başladı. Məsələn, meydana çıxan "Mondializm" konsepsiyası milli dövlətlərin funksionallığını itirməsi ilə mümkün olan "qlobal dövlət"in formalaşması və dünyanın vahid mərkəzdən idarə edilməsi missiyasını özündə əks etdirirdi…

… Lakin qlobal idarəetmə prinsiplərinin sırf geosiyasi maraqlara müvafiq müəyyənləşdirilməsi, daha doğrusu, ortaya çıxacaq yeni geoiqtisadi trendlərin, qanunauyğunluqların nəzərə alınmaması yeni dünya nizamının perspektivini sual altına aldı…

YENİ DÜNYA NİZAMININ REKONSTRUKSİYASI VƏ YA DÜNYA YENİ GEOİQTİSADİ TRANSFORMASİYA ƏRƏFƏSİNDƏ…

Bu mərhələdə geoiqtisadi transformasiyaya zəmin yaradan tendensiyalar müşahidə olunmağa başladı. Bəlli olduğu kimi, dünya iqtisadiyyatında əsas proseslər və qanunauyğunluqlar “G-7” adlandırılan iqtisadi nəhənglər tərəfindən müəyyən və idarə olunur. Belə olan halda, yeni dünya nizamının rekonstruksiyası və ya kardinal dəyişikliyi məhz bu aktorların iqtisadi qərar və hərəkətlərindən keçir. Lakin təkrarlanan qlobal iqtisadi böhranlar sistemin dəyişikliklərə açıq olduğunu, yaxud yenilənmə zərurətini ortaya qoyur. Bəs bu prosesi şərtləndirəcək potensial mexanizm nədən ibarətdir? Aparıcı strateji araşdırma mərkəzlərinin yekun qənaəti budur ki, bu, əsas etibarilə, yüksələn iqtisadi güclərin qərar və davranışlarından asılıdır. Bəs bu subyektlər hansılardır?

Araşdırmalar göstərir ki, ən yeni dünya nizamı məhz yeni iqtisadi qanunauyğunluqlar  əsasında təşəkkül tapa bilər. Bu isə, qeyd etdiyimiz kimi, qlobal iqtisadiyyata yeni nizam və inkişaf istiqamətləri gətirmək potensialına malik olan alternativ subyektlərin güc mexanizmindən asılır. İndiki mərhələdə bu, “G-7”yə alternativ olaraq göstərilən “E-7”nin (Braziliya, Rusiya, Çin, Meksika, İndoneziya, Türkiyə, Hindistan – “E”- emergency) timsalında səciyyələndirilir. Amma indiki mərhələdə həmin mexanizmin aktiv olması üçün dünya iqtisadiyyatının desentralizasiyası lazımdır, yəni idarəetmədə regional aktorların resursları səfərbər edərək qlobal iqtisadiyyata təsir imkanları artırılmalıdır. Hazırki mərhələdə isə bu, proqnozlaşdırılmır, dolayısıyla, ortamüddətli perspektivdə bu cür  struktur-keyfiyyət dəyişikliyi müşahidə oluna bilər.   

İQTİSADİ SUBYEKTLƏRİN GEOSİYASİ RƏQABƏTİ KONTEKSTİNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN PERSPEKTİVİ

Dünya iqtisadiyyatında belə bir potensial dəyişiklik, şübhəsiz, hazırki hegemon güc mərkəzlərinin alternativ hərəkətlərini şərtləndirir. Bu, bir tərəfdən, hegemonluğun mühafizə olunmasına xidmət edirsə, digər tərəfdən, mövcud böhran meyillərinin aradan qaldırılmasına hesablanıb. Xüsusilə də, “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin məhz indi yenidən aktuallaşmasının əsasında duran səbəblərdən biri də hegemon güclərin iqtisadiyyatındakı gizli böhranın aradan qaldırılması niyyətidir. Çünki lokomotiv dövlətlərin iqtisadiyyatı əvvəllər artım tempinə malik idisə, hazırda bu tendensiya müşahidə edilmir. Bu kontekstdə yeni strateji həmlələrlə iqtisadi resursları nəzarət altına alan, eyni zamanda, əsas neft istehlakçısı rolunu oynamağa çalışan bəhs olunan nəhəng geosiyasi subyektlər dünya miqyasında iqtisadiyyatı neft qiymətlərinə bağlı olan yeni iqtisadi sistem formalaşdırmağa çalışır. Bu, hətta inkişaf etmiş ölkələr üçün də ciddi təhdid deməkdir. Bu strateji plan çərçivəsində, xüsusilə də Avropa İttifaqı (Aİ), Yaponiya hədəfə alınıb. Çünki hazırda Yaponiya neft ehtiyacının 80 faizini, Aİ isə 30 faizini bütün dünyadakı enerji ehtiyatlarının üçdə ikisinin cəmləşdiyi Yaxın Şərq və Şimali Afrika bölgəsindəki resurslar hesabına ödəyir…

Əlbəttə, iqtisadi qütblər arasında belə bir geosiyasi rəqabət əks ssenarilərin də gerçəkləşməsi ehtimalını ortaya qoyur. Yəni proseslər kontekstində inkişaf proqnozlaşdırılsa da, xaotik meyillər və yeni qlobal böhran da ortaya çıxa bilər.

Şərhlər

Çox oxunanlar