Avropa Parlamenti qərəzli və selektiv mövqe nümayiş etdirir - POLİTOLOQ
11.09.2015 15:34 A-reaksiya 2496

“Müasir dövrdə müstəqil inkişaf yoluna malik olan ölkələrin dinamik tərəqqisi, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi müsbət hallarla yanaşı, neqativ mövqe və yanaşmaların ortaya çıxmasına da səbəb olur. Bu kontekstdə daha çox ikili standartlara istinad edən Avropadakı islamofob dairələrin yanaşması xüsusi olaraq diqqət çəkir”. Bunu Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrup) Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirən politoloq Nurlan Qələndərli bildirib. Onun sözlərinə görə, “qoca qitə”nin funksional təsisatları lobbi fəaliyyəti ilə məşğul olaraq fakt və gerçəkliklərdən kənar ədalətsiz mövqe ortaya qoyaraq təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu baxımdan, son olaraq Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın Azərbaycana qarşı qətnamə qəbul etməsi bariz nümunədir. Bu, həm də onun ifadəsidir ki, Avropa Parlamenti qərəzli və selektiv mövqe nümayiş etdirir.
Politoloq əlavə edib ki, bu hal növbəti dəfə onu göstərir ki, Avropanın bəzi qurumlarının fəaliyyətinin timsalında “demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq missiyasına xidmət edir: “Görünən odur ki, Avropa Parlamentinin bir qrup deputatı ölkəmizə qarşı lobbi fəaliyyəti ilə məşğuldur. Məhz buna görə də bir sıra əsassız məsələləri qabardaraq ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Əvvəlki illərin təcrübəsi də təsdiq edir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər Azərbaycanın inkişafını və müstəqil siyasətini həzm edə bilməyən bəzi ermənipərəst dairələrin sifarişi əsasında qurumun islamofob, həmçinin anti-Azərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və müəyyən sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. Məsələn, 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Eyni zamanda, 2014-cü il sentyabrın 18-də qəbul olunmuş qətnamə də bu qəbildəndir. Avropa Parlamentində keçirilmiş sonuncu müzakirələr isə ilk növbədə bu qurumun nüfuzuna mənfi təsir göstərən şoudur”.
“Avropanın müvafiq qurumunun bu cür mövqe sərgiləməsi təəccüblü görünmür”,-deyən politoloq əlavə edib ki, Azərbaycanın artan gücünün, müstəqil siyasətinin fonunda Ermənistanın küncə sıxışması ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir və həmin dairələr bu cür cılız vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar.
“İnsan hüquqları və demokratiyadan bəhs edən Qərbin özünün həyata keçirdiyi irticaçı və imperialist strategiya nəticəsində bu gün bir çox ölkələr faktiki olaraq xaos meydanına çevrilib. Avrasiyada geosiyasi nizamın pozulması və müxtəlif regionların qeyri-sabitlik məkanına çevrilməsini şərtləndirən bu hallar heç də Qərbin iddia və bəyan etdiyi kimi, “demokratik dəyərlər”ə xidmət etmir”,-deyə N. Qələndərli əlavə edib.
Şərhlər