İqtisadi krizislərdən siyasi krizislərə gedən Aİ

12.06.2015 10:24     A-reaksiya     2035

İyirmi səkkiz üzv ölkədən ibarət olan və torpaqları böyük ölçüdə Avropa qitəsində olan siyasi və iqtisadi bir təşkilat kimi bilinən Avropa İttifaqı və ya qısaca adı ilə  Aİ 1992-ci ildə qurulub. Aİ bütün üzv ölkələri bir – biri ilə bağlayan standart qanunlar vasitəsilə, insan, əşya, xidmət və sərmayə dövriyyəsi azadlıqlarını əhatə edən bir ortaq bazar (tək bazar) yaradıb. Millətlərdən üstün dövlət layihəsi kimi təqdim olunan ittifaq, illər boyunca içində yeni ölkələrin iştirakı ilə genişlənməsini davam etdirsə də, 2008-ci ildəki iqtisadi böhrandan sonra birliyin gələcəyi sual işarəsi altındadır. Bir çox mütəxəssislərə görə, iqtisadi böhrandan sonra, Aİ-nin daşıyıcısı olduğunu iddia etdiyi universal demokratik dəyərlər və insan hüquqları kimi iddiaları da keçən zaman içində deformasiyaya uğrayıb. Xüsusilə son illərdə, ittifaq üzvü ölkələrdə həddindən artıq sağ təmayüllü partiyalara marağın artması, Şarli Hebdo hücumundan sonra Avropada yaşayan müsəlmanlara qarşı yaşanan dözümsüzlük narahatlıq yaradıb. Demokratiyanın qalası kimi özünü təqdim edən və Qərb liderlər tərəfindən tez-tez təriflənən "Avropa dəyərləri" nin təməli beləcə  sarsılıb.

 Ölkələr əsasında yaşanan iqtisadi krizis isə siyasi proseslərlə birləşərək yeni krizislərə yol açıb. Aİ-yə üzv ölkələr arasında İrlandiya, İspaniya, İtaliya, Portuqaliya və Yunanıstan bu bir-biriylə əlaqəli iki krizisdən xüsusilə təsirlənən ölkələrdir. Yunanıstanda keçirilən son seçkilərdə radikal sol təmayüllü SYRIZAnın uğur qazanması Aİ-nin gələcəyinə dair şübhələrin daha da artmasına, birlikdən qopmaların müzakirə edilməsinə kimi gedib çıxıb. Bu il İngiltərə, İspaniya, Polşa, Danimarka, Finlandiya, Portuqaliya və Estoniyada parlament seçkiləri keçiriləcək. Mütəxəssislərə görə bu ölkələrdəki seçkilərin nəticələri Avropa İttifaqının özülünü daha da zəiflətmək riskini özündə ehtiva edir.

Şərhlər